GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SALEH SƏCCADİ

1977-ci ildə Təbrizdə dünyaya gəlib. İlk və orta təhsilini Təbrizdə bitirdikdən sonra Tehrana gedib və Əllamə Təbatəbai Universitetinə daxil olub. Həmin illərdə ana dilinə maraq göstərməyə başlayıb. Professor Hüseyn Məhəmmədzadə Sədiq Düzgünün Azərbaycan dili və ədəbiyyatı üzrə bilgilərindən faydalanıb, ana dilinin qayda-qanunları, qrammatikası ilə tanış olub. Elə o vaxtdan da yazıb-yaratmağa başlayıb.

Salehin ən çox sevdiyi şeir forması qəzəldir. Ona görə də əsərlərini daha çox qəzəl janrında yazır. Şairin bu günədək Azərbaycan türkcəsində və farsca yazdığı əsərlərindən ibarət 26 kitabı işıq üzü görüb. "İşıqdan danışıq (şeir toplusu)", "Bir səbət qızıl yumurta (Azərbaycan heca şeiri antologiyası)", "Qoyma məni qan aparır (Azərbaycan ədəbiyyatında qəzəl janrı haqda üçcildlik antologiya)", "Biz belə gülərdik (Azərbaycan satirik ədəbiyyatı haqda üçcildlik antologiya)", "Biz belə ağlayardıq (Azərbaycan ədəbiyyatında mərsiyə janrı haqda üçcildlik antologiya)", "Dan yolu (Poema)", "Uçuş havaları (Mahnı toplusu)", "Ağ məqbərələrin şairləri (Azərbaycan türkcəsində ikicildlik çağdaş şeir antologiyası)", "Rovşənai dər bəyati türk (Azərbaycan türkcəsində ikicildlik çağdaş şeir antologiya farsca tərcüməsi ilə birlikdə)" kitabları Saleh Səccadiyə böyük oxucu auditoriyası qazandırıb.

 

Günəş ol

İki dan ulduzu axdır gözündə!

Mənə bir aynalıq baxdır gözündə!

 

Məni dondan dona geydir, inan ki,

Canım bir parça qolçaqdır gözündə.

 

Qürurlu bir günəşsən ki, hilal ay,

Tutulmuş kirli, dırnaqdır gözündə.

Bu dünya da mənə əl verməz oldu,

Bu dünya tək fırıldaqdır gözündə.

 

Məni ceyran kimi ovlat qaşınla,

Qaçarsam, kirpiyə taxdır gözündə.

 

Məni maqqab kimi oynat qaşında,

Məni mülçük kimi yaxdır gözündə.

 

Günəş ol, qoy qəmim dağda qar olsun,

Ərit o qarları axdır gözündə.

 

Günəş də olmasan zülmət də barı,

İki dan ulduzu axdır gözündə.

 

ŞƏRİFƏ CƏFƏRİ

1977-ci ildə Miyana şəhərində anadan olub. Orta məktəbi Miyanada bitirib. Zəncan Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil alıb. Tələbəlik illərində şeirləri qəzet və dərgilərdə yayımlanıb, müxtəlif şeir axşamlarına və şeir toplantılarına qatılıb, həftəlik poeziya məclislərinin təşkilatçısı olub.

 2004-cü ildə İran İrşad İdarəsinin razılığı ilə "Pinar" yayın evini açıb. Lakin müəyyən səbəblər üzündən bu işini davam etdirə bilməyib, Türkiyəyə getmək qərarına gəlib... Öncə İstanbulda, daha sonra isə Almaniyada məskunlaşıb. Hazırda ədəbi və siyasi fəaliyyətini Almaniyada davam etdirir.

İki şeir toplusu - "Mən atamın qızıyam" və "Gizli məhəbbətim" kitablarının müəllifidir.

 

Bu kişi dağdır

Bu kişi dağdır,

dayaqdır.

İnqilabdır bu kişi.

Milli marşımızdır,

istiqlaldır,

Bu kişi qalandır,

qalanlardandır.

Bu kişi bir böyük Azərbaycandır.