Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

 Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan " Böyük Fransa burjua inqilabı"nı oxuculara təqdim edirik.

“Respublika".

 

Böyük Fransa burjua inqilabı

Bəşəriyyətin təkamülü prosesində böyük rol oynayaraq  tarixin gedişatına  təsir edən mühüm hadisələrdən biri də 1789-1799-cu illərdə  Fransada baş verən burjua inqilabıdır. Bu hadisə, XVIII əsrin son onilliyi təkcə bir Avropa ölkəsində mövcud olan  nizamı dəyişdirməklə qalmayıb, həm də bütün dünya tarixinin  axarına  təsir etmişdir. Belə ki, inqilab Fransa ilə yanaşı,  bir çox ölkələrdə feodalizmin dağılmasına, kapitalizm quruluşunun inkişafına səbəb olmuşdur. Fransanın, eləcə də Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş bu inqilab, özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba yol açmışdır.

Qanlı iğtişaşlar, minlərlə insanın təqibi və edamıyla müşayiət olunmuş inqilab, hətta beynəlxalq səviyyədə də ciddi narahatlıq doğurmuşdur. Siyası və sosial xarakter daşıyan  qiyam o dövrdə Fransada, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiya, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanmışdır. İnqilabdan sonrakı 75 il ərzində isə Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.

İnqilabın kütləvi insan tələfatına səbəb olmasına  baxmayaraq, Fransa tarixində mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, Fransada idarəetmə quruluşu dəyişmiş, sonralar bir çox ölkələrdə olduğu kimi, monarxiya respublika ilə əvəz edilmişdir. Bununla da sadə xalqa nəhayət, bir çox hüquq və azadlıqlar verilmişdir. Fransadakı monarxiyanın yıxılmasından sonra isə Napoleon Bonapartın güc qazanması ilə Avropadakı monarx rejimlərinə qarşı mübarizə başlamışdır.

XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik  sistemə və hərbi dayaqlara əsaslanan mütləq monarxiya idi. Hakim feodal sinfindən tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən dövrə qədər kral «milli sərvətlərin» artırılması, yəni milli sənayə müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini ödəməkdə çətinlik çəkirdi.

Kralın mütləq hakimiyyəti get-gedə ruhani sinfi, burjuaziya və zadəganlar arasında nüfuzunu itirirdi. Sonralar bu hakim siniflər arasında belə bir fikir formalaşır ki, mütləq monarxiya Fransa yüksək hakim təbəqəsinin (Monteskyönün yanaşması: "İran məktubları" və «Qanunların ruhu» adlı əsərlərində konstitusiyalı monarxiyanı ideal dövlət quruluşu hesab edirdi. Siyasi xəyanətlərin aradan qaldırılması yolunu hakimiyyətin üç yerə qanunverici, icra və məhkəmə sisteminə bölünməsində görürdü) və ya fransız xalqının (Russonun baxışı: Əsərlərində kəndli və sənətkarların mənafeyini əks etdirirdi. Onun idealı demokratik formada xalq hakimiyyəti idi. Başqalarından fərqli olaraq monarxiyanın tam ləğv edilməsi. Respublika idarə üsulunun tərəfdarı idi) milli maraqlarına ziddiyyət təşkil edir.

Volter, Monteskyö, Russo və digər fiziokrat və ensiklopedist yazıçı-filosofların yaradıcılığı sayəsində fransız cəmiyyətinin ziyalı təbəqəsində də hadisələrə münasibət inqilabi şəkildə dəyişmişdir. Russonun, Mablinin, Didronun demokratiya haqqında fəlsəfi əsərləri geniş xalq kütlələrini riqqətə gətirmiş, xüsusilə isə Şimali Amerikada gedən vətəndaş müharibəsi  inqilaba ciddi təsir göstərmişdir.

Silklər Məclisinin (Fransa parlamenti) seçkilərindən sonra hər üç zümrədən olan deputatlar 5 may 1789-cu ildə kralın Versal sarayında öz ilk iclasına toplaşırlar. Tezliklə parlamentdə üstünlük tamamilə üçüncü silkin əlinə keçir. Bundan qəzəblənmiş  kral parlamentin fəaliyyətini dayandırmaq qərarına gəlir.

20 iyun 1789-cu ildə üçüncü silkdən olan deputatlar iclaslar salonunun giriş qapısına yaxınlaşarkən orada silahlı keşikçilərlə üzləşirlər. Keşikçilər salonun təmirə görə bağlandığını bildirirlər. Lakin deputatlar dağılışmaqdan qəti boyun qaçırır, yaxınlıqdakı məkanların birinə toplaşaraq and içirlər ki, kral hakimiyyətini məhdudlaşdırıb feodal imtiyazlarını ləğv edən və əsas insan hüquqlarına təminat verən yeni Konstitusiya qəbul olunmayanacan buranı tərk etməyəcəklər.

Bu vəziyyəti görən kral güzəştə getmək məcburiyyətində qalır.  O, qalan deputatlara da üçüncü silkə qoşulub parlamentin iclasını davam etdirməyi təklif edir. Tədricən deputatların əksəriyyəti demokratların irəli sürdükləri islahatların lehinə meyil göstərməyə başlayır və birləşərək  özlərinə vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan Milli Assambleya yaradırlar. Bu zaman isə kral parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib gətirməyə başlayır.

Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Belə bir vəziyyətdə parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda «aristokrat sui-qəsdçilər» görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Xalq Parisin küçələrinə axışaraq qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir (Bastiliyanın alınması günü Fransada milli bayram kimi qeyd olunur). Bu, artıq qiyam deyil, əsl inqilab idi.

Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir. Bu dekretdən xəbər tutan kəndlilər, yubanmadan kütləvi şəkildə aristokratların və katolik kilsəsinin torpaqlarını zəbt etməyə başlayırlar.

26 avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir. 1789-cu ilin avqustunda nümayişçilərin tələbi ilə kral Versaldan Parisə köçür. Onun ardınca Milli Məclisin deputatları da Parisə gəlir və orada ölkənin yeni siyasi quruluşunun layihəsi üzərində işləməyə başlayırlar.

Dünyadakı liberal fikrin, düşüncə tərzinin bütün əvvəlki nailiyyətlərini özündə cəmləmiş çox mühüm tarixi sənəd olan  bəyannamədə ingilis və Amerika inqilablarının təcrübəsi (azadlıq, mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək hüququ; təqsirsizlik prezumpsiyası), eləcə də Russonun xalq iradəsinin aliliyi haqqındakı baxışları əks olunmuşdur. Lakin bəyannamədə yeni ideyalar da var idi: qanunlar yalnız cəmiyyətə ziyan vuran şeyləri qadağan edə bilər; bütün vətəndaşlar bərabərdir və öz qabiliyyətlərinə uyğun olaraq istənilən vəzifəni tutmaq hüququna malikdir; vergilər insanın imkanlarına müvafiq ödənilməlidir.

Milli Assambleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər hansı vəzifəni tutmaq hüququnu qanuniləşdirir, katolik kilsəsinin torpaqlarını milliləşdirir və kilsəni dövlətdən ayırır; ölkənin seçkili inzibatçıların idarə edəcəyi departament, kanton və kommunalardan ibarət yeni və rasional inzibati bölgüsünü müəyyən edir, məhkəmə sistemini dəyişdirir.  Milli Assambleya ölkədə konstitusiyalı monarxiya qurmağa cəhd göstərir.

Bəyannamə insanın təbii, ayrılmaz və müqəddəs hüquqlarını bu məqsədlə təsdiq edir ki, ictimai ittifaqın bütün üzvlərinə öz hüquq və vəzifələrini daim xatırlatsın; qanunvericilik və icra hakimiyyətinin hərəkətləri hər an istənilən siyasi təsisatın məqsədilə müqayisə edilə və daha çox hörmətlə qarşılana bilsin və vətəndaşların bu andan sadə və şəksiz prinsiplərə əsaslanan tələbləri Konstitusiyaya əməl edilməsinə və cəmiyyətin ümumi rifahına yönəlsin.

Bəyannamə həmçinin universal xarakter daşıyırdı — yalnız Fransa vətəndaşları üçün hüquq və azadlıqları deyil, həm də bütün bəşəriyyət üçün «təbii və ayrılmaz hüquqlar»ı bəyan edirdi. Bütün Avropaya yayılan bəyannamənin mətni geniş  şəkildə müzakirə edilərək inqilaba rəğbət, dəyişikliklərə meyil və həvəs oyadırdı.

Eyni zamanda, bəyannamənin tənqidçiləri sübut etməyə çalışırdılar ki, orada yazılmış qanunlar ritorika, sözçülükdən başqa şey deyildir və Fransada praktik olaraq bunları təmin etmək qeyri-mümkündür. Britaniya tarixçisi Karleyl həmin inqilabdan 45 il sonra yazırdı: "İnsan hüququ bütün kağız konstitusiyaların həqiqi kağız əsası deməkdir. "İnsanın vəzifələrini də göstərmək yaddan çıxıb!", — deyə opponentlər bağırırlar. "İnsanın imkanlarını da təsdiq etmək yaddan çıxıb", — deyə biz cavab veririk".

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".