Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Rəşad Nuri Güntəkin

"Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi, başqalarının kədəri də ürəklərimizə düşəndə bizə insanlığımızın dərəcəsini öyrədir"... Özü həyatda  elə bir çətinlik görməsə də, əsl yazıçıya xas olaraq başqalarının dərdlərini, toplumun əziyyətini, narahatlığını, məhrumiyyətlərini, ağrı-acısını ən xırda detallarına qədər görməyi bacarırdı, ən əsası onları sözlərə töküb ustalıqla oxucularına çatdıra bilirdi... Söhbət bütün zamanların sevimli yazıçısı, "Çalıquşu", "Damğa", "Dodaqdan qəlbə", "Yarpaq tökümü"  kimi məşhur romanları ilə qəlblərimizdə taxt quran,  türk ədəbiyyatının klassiklərindən biri  Rəşad Nuri Güntəkindən gedir...

İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər paşanın qızı Lütfiyyə xanımın ailəsində dünyaya göz açan yazıçını, əslində bir zamanlar çoxları azərbaycanlı bilib. Əsərləri onun kimliyini unutdurub, çünki yaddaqalan obrazlara, əslində, müsbət qəhrəmanların hamısına da Rəşad Nuri Güntəkinə olan sevgi, məhəbbət bəslənib. Bir sözlə, yazıçı özü obrazlaşıb, qəhrəmanlaşıb nəzərlərdə.

Yaradıcılığa Birinci Dünya müharibəsinin sonlarından başlayan ədib  daha çox "Çalıquşu" romanı  ilə məşhurlaşsa da, müxtəlif janrlarda qələmə alınmış yüzdən artıq əsərin və 19 romanın  müəllifidir.

Türkiyədə, Azərbaycanda,  eləcə də dünyanın bir çox ölkələrində onun əsərləri sevilə-sevilə oxunmaqdadır. Məhz bu sevgidəndir ki, romanlarına çəkilmiş filmləri seyr edilmə göstəricilərinə görə liderliyini saxlamaqdadır.

Yazıçı hələ sağlığında türk ədəbiyyatının canlı klassikinə çevrilmiş azsaylı sənətkarlardandır. Əsərlərində insanın daxili dünyasının ən gizli qatlarına baş vurulur, onun hiss, həyəcan və yaşantıları real, inandırıcı cizgilərlə təqdim olunur. O, öz qəhrəmanlarını mənsub olduğu xalqın içərisindən seçdiyi üçün geniş oxucu auditoriyasının diqqət və marağını cəlb etməkdədir.

Bir müddət Türkiyənin Böyük Millət Məclisində millət vəkili vəzifəsində  çalışsa da, yaradıcılıq dünyasından ayrılmamaq üçün siyasətlə fəal məşğul olmur və təqaüdə çıxır.

Yazıçıdan yadigar qalan  əsərləri ilə yanaşı, ailə həyatı da oxucuda maraq doğurur. Həyat yoldaşı Hədiyə xanım və qızı Ela Güntəkinlər onun üçün çox şey ifadə edirdi. Şagirdi Hədiyə xanımla ailə quran Rəşad Nuri Güntəkinin  bir müddət övladı olmadığından keçirdiyi iztirablar onun əsərlərində ötəri də olsa verilib. Lakin sonralar  dünyaya gələn tək körpə üçün Rəşad Nuri qızının xatirə dəftərinə bir atanın saf hisslərindən doğan ürək sözlərini belə yazıb: "11 mart 1951-ci il. Ela qızım, mən uşaq ikən, sənin yaşında olarkən səmadakı Aya baxardım: "Ay dədə, Ay dədə, oğlun, qızın çoxdur, dədə, birini mənə versənə?! Allah sənə çox verər", - deyə dua edərdim. "Ay dədə" məni eşitdi. Uşaqlarının birini mənə verdi. "Adı Ela qız olsun, - dedi. - Mənim qədər çox ömrü, mənimkilər qədər gözəl uşaqları olsun", - dedi.

Xatirələrdən məlum olur ki, yazıçı ömür-gününə gecikib gələn tək balası ilə gəzintiləri, səmadakı ulduzla danışmağı sevərmiş. Rəşad Nuri qızının 12-13 yaşı olmasına baxmayaraq, onunla "xəyali" söhbətlər etməyi xoşlayarmış. Qızı daim yanında olsa da, onunla danışmırdı, həmsöhbəti sanki ay, ulduz, günəş idi... Belə deyirlər ki, yazıçının dərd ortağı qızı Ela və "səma" olub...

Lakin Ela xatirələrində atasının çox ciddi, mentalitetli biri olduğunu dilə gətirib: "Evimiz monastır kimi bir yer idi".

Həyatında ağrı-acıların şahidi olan yazıçı özü də xəstəlikdən yaxa qurtara bilməyib. Ağciyər xərçəngi səbəbindən  67 yaşında dünyasını dəyişən yazıçı müxtəlif vəzifələrdə çalışsa da, sadəliyi, daim xalqla birlikdə olmağı sevdiyindən vəsiyyətinə görə Qaracamaat məzarıstanlığında torpağa tapşırılıb, daim anılsın, ziyarət edilsin deyə...

 

Lui Paster

Fransız bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın əsasını qoyan Lui Paster... "Möcüzələr yaradıcısı" kimi tanınan bu alim yaşadığı faciələr səbəbindən tibb elminə böyük töhfələr verib...

Pasterin atası dəri emalı ilə məşğul olub. Gələcəyin alimi hələ kiçik yaşlarında ikən portretlər çəkmək və məktəbdə Günəş saatı düzəltməklə (həmin saat bu gün də məktəbdə saxlanılır) hamını heyran etməyi bacarmışdı. Çox gənc yaşlarda  Strasburq Universitetinin professoru olan Paster  32 yaşında  Lui universitetin  təbiətşünaslıq-tarix fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur.

Strasburq Universitetinin rektorunun qızı ilə ailə həyatı quran Pasterin bir-birinin ardınca 3 qız övladı dünyaya gəlsə də, onlar tif xəstəliyi səbəbindən yetkinlik yaşına çatmamış vəfat edirlər. Qızlarının  ölümündən sonra çox böyük sarsıntı keçirən alim mikrobiologiya elminə maraq göstərməyə başlayır. Yeri gəlmişkən qeyd edək ki, daha sonralar alimin bir qızı və bir oğlu dünyaya gəlir.

Quduzluğa qarşı vaksini kəşf edən və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verən alim cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü də tədqiq edib. Bəlkə də elə bu səbəbdən Paster heç vaxt  həkimlər tərəfindən sevilməyib. Təbiblər məsləhət görməsə də, o,  böyük bir risk edərək  hazırladığı vaksini  quduz itin 14 diş yarasına məruz qalmış 9 yaşlı İosef Meysterin üzərində ilk dəfə sınaqdan keçirmiş və nəticədə uşaq tamamilə sağalmışdır. Elə o gündən də  onun hazırladığı həmin vaksin  dünya miqyasında tətbiq edilməyə başlamışdır.

Paster zəhməti çox sevirdi. O, deyirdi ki, "dünyada hər şey zəhmətdən asılıdır". Lakin çox zəhmət çəksə də, həyatı boyu maddi sıxıntıdan əziyyət çəkən alim ailəsini  dostlarının köməkliyi sayəsində dolandırıb. Olduqca gərgin iş rejimində çalışan Paster 72 yaşında beyin insultu və sol tərəfinin iflic olması nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır.

 

Con Kennedi

"Soruşma ki, ölkə sənə nə verə bilər, özündən soruş ki, sən ölkəyə nə verə bilərsən"... belə deyərdi ABŞ-ın  35-ci prezidenti  Con Fitscerald Kennedi... XX əsrdə doğulmuş bu prezident Teodor Ruzveltdən sonra  ənənəvi qaydada seçilmiş ən gənc prezident kimi tarixə düşüb. Digər tərəfdən isə Ağ Evin sahibi olan Kennedi  həm də  ABŞ tarixində ilk katolik prezident olub. Con Kennedi  siyasi fəaliyyəti, yarımçıq qalmış prezidentlik dövrü ilə yanaşı, şəxsi həyatına görə  də yaddaşlarda qalıb...

Amerikalıların əksəriyyəti tərəfindən ən yaxşı prezidentlərdən biri kimi qəbul olunan Kennedi irland mənşəli katolik ailəsində dünyaya göz açıb.  Conun atası ABŞ-da ən cavan bank müdirlərindən olub. Uşaqlıq illərində çox zəif olan və tez-tez xəstələnən gələcək prezident elmə, təhsilə, kitablara və hətta məktəb illərində qəzetlərə xüsusi marağı ilə fərqlənib. Bu maraq onda o qədər güclü olub ki, o, iyirmi dəqiqəyə dörd qəzet oxuya bilirmiş.

Con Kennedi prezidentliyi dovrundə ciddi sosial-iqtisadi proqramlar həyata keçirib, hərbi blokların və ABŞ Silahlı Qüvvələrinin gücləndirilməsinin tərəfdarı olub. SSRİ-nin Kubada nüvə raketləri yerləşdirmək cəhdi ilə əlaqədar Sovet-Amerika münasibətləri son dərəcə gərginləşdiyi dövrdə məsələni danışıqlar yolu ilə həll etməyə nail olub, növbəti dünya müharibəsinin başlanmasının qarşısını alıb.

Kennedi Jaklin Buvye adlı xanımla  ailə həyatı qurub. Bu evlilikdən 4 uşağı dünyaya gəlsə də, onlardan 2-si doğulduqdan dərhal sonra vəfat ediblər.

Prezident siyasi fəaliyyəti ilə yanaşı,  eşq macəraları ilə də xatırlanır. Həyatı sevgi oyunları ilə zəngin olan Kennedi yüzlərlə qadın qəhrəmanlarının yaddaşında Amerikanın ən yaraşıqlı və ən ehtiraslı kişisi kimi qalıb. İstənilən statusda olan qadınlarla əylənməkdən zövq alan  prezident  hələ 17 yaşından əxlaqsızlıq yuvalarının "sevimli qonağı" sayılıb. 

Con Kennedi öz sevimli məşğuliyyətini gizli saxlamaq istəsə də, buna nail ola bilməyib. Çünki o, bu məşğuliyyətindən zamanından və harada olmasından, xarici səfərlərində, istirahətdə, hətta Ağ Evdə də əl çəkə bilməyib.

Kennedinin sevgi macəralarında ən maraqlı faktlardan biri də odur ki, o, vaxtilə atasının məşuqəsi olmuş alman aktrisası Marlen Ditrixdən də öz nəvazişini əsirgəməyib. Yaşca özündən çox böyük olmasına baxmayaraq, Kennedi bu xanımdan özünü məhrum etməyib. Nəfsinin əsirinə çevrilən prezident  həyat yoldaşı Jaklin Kennedinin mətbuat katibi, 21 yaşlı Pamelanı da öz məşuqəsinə çevirməkdən çəkinməyib.

Kennedinin saysız-hesabsız məşuqələrinin arasında ən iddialısı və səs-küylüsü Hollivud ulduzu Merilin Monrodur. Monro Kennedinin həyatında məşuqə olmaqla kifayətlənməyib. Kennedi ona çox inanıb, elə bu inamın müqabilində Monro Kennedinin demək olar ki, bütün şəxsi həyatına daxil olub. Lakin bir müddət sonra Kennedi onun siyasi karyerasına zərbə olacağını düşünüb yavaş-yavaş geri çəkilməyə məcbur olub. Prezidentin onu tərk etməsindən sonra içkiyə  və psixotrop dərmanlara qurşanan Monro bir müddət sonra  vəfat edib. Onun müəmmalı ölümü haqqında hələ bu günə qədər də müxtəlif fikirlər səslənir. Hətta bu ölümdə Kennedinin əli olduğu da söylənilir.

46 yaşlı prezident  Texas ştatının Dallas şəhərində qətlə yetirilib. Snayperdən açılan atəş nəticəsində başından və boynundan iki güllə yarası alan prezidentin həyatını xilas etmək mümkün olmayıb.

Onun rəsmi qatili sayılan Li Harvi Osvald həbs edilsə də, hadisə ilə bağlı şübhələr və müəmmalar hələ də qalmaqdadır. Çünki qatil özünü günahkar bilməyib və iki gün sonra isə polis əməkdaşları tərəfindən güllələnib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".