İranın “əziz
Digər xəbərlər

İranın “əziz" qonağı Anna Akopyan

Tehranda keçirilən "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi"ndə  Ermənistan nümayəndəsi İranın “əziz” qonağı idi. İşğalçı Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın İranda yüksək səviyyədə qarşılanması, digər qonaqlardan fərqləndirilməsi, İranın birinci xanımı Cəmilə Sadat Alamolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İran İslam Respublikasının dini mərkəzi olan Qum şəhərindəki məscidi ziyarət etməsi diqqətdən yayınmayıb.

İlk olaraq bildirək ki, Baş nazirin həyat yoldaşı 2018-ci ildə ABŞ-da səfərdə olarkən ABŞ konqresmenləri və Karnegi Fondunun ekspertləri ilə görüşləri zamanı özünün "Qadınlar sülh naminə" təşəbbüsündən danışmış və çıxışında guya Azərbaycan qadınlarını bu çağırışa səsləmişdir, lakin 2018-2019-cu illərdə oğlu Aşot Paşinyanı müddətli hərbi xidmətə göndərməsi, özünün 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı hərbi qadın dəstəsi yaratması Anna Akopyanın gerçək simasını göstərir. Bu, Anna Akopyanın simasında Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinin nümunələrindən yalnız biridir.

Müsəlman həmrəyliyindən danışan İranın təcavüzkar, terrorçu, müsəlman abidələrini təhqir edən, işğalçı Ermənistanın birinci xanımını belə əzizləməsi ilk növbədə İslam həmrəylinə vurulmuş ən böyük zərbədir. Qeyd edək ki, torpaqlarımız işğal altında olarkən ermənilər buradakı 67 məsciddən 65-ni məhv etmiş, məkrli planına uyğun hərəkət edərək Şuşa məscidinə ziyan vurmamışdı. Vandallar məscidi İslam aləminə, bütün dünyaya göstərməklə, guya Ermənistanın məscidləri dağıtmadığı, onların İslam dünyası, müsəlmanlarla probleminin olmadığı görüntüsünü yaratmağa çalışmışlar. Lakin həqiqət göz qabağındadır. İşğal edilmiş ərazilər azad olunduqdan sonra xarici media mənsubları əraziyə cəlb olunaraq erməni vandalizmini lentə almışlar.

Narahatlıq doğuran əsas məqam sözdə özünü İslam dininin mərkəzi elan edən İranın azərbaycanlılara yad münasibət bəsləməsi, işğalçı, terrorçu Ermənistanı dəstəkləməklə regionda və dünyada sülhü, təhlükəsizliyi təhdid etməsidir. Son zamanlar İranın bu addımları, xüsusilə, Azərbaycana qərəzli münasibət bəsləməsi, işğalçı Ermənistana göstərdiyi hərtərəfli dəstək cənub qonşumuzun ölkələrarası münasibətlərdə əsas faktor olan qarşılıqlı etimad mühitinin qorunub saxlanmasına hansı səviyyədə yanaşdığının göstəricisidir. İranın Azərbaycanla sərhədinə qoşun yığması, burada hərbi təlim keçirmək adı ilə çirkin məqsədlərini reallaşdırmaq cəhdi də bu "İslam Respublikası"nın regionda ermənipərəst siyasət yürütməsini bir daha sübut edir.

30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan İkinci Qarabağ müharibəsində məğlub oldu. Qazanılan zəfərimizdən sonra yenidən revanş hisslərə qapılan ermənilər və onun havardarları ilə əlbir olan İran rejimi bu gün öz siyasətini gizlətmir. Azərbaycanın yaratdığı reallıqları, qazandığı nüfuzu həzm edə bilməyən ermənilər isə artıq həyata keçirmək istədikləri xain planlarının heç bir fayda verməyəcəyini yaxşı bilirlər. Mədəni irsimizi yer üzündən silməyə çalışan, abidələrimizi yerlə-yeksan edən ermənilərlə İranın dostluq, qardaşlıq münasibətlərində olması "İslam ölkəsi"nin məkrli, ikiüzlü münasibətinin təzahürüdür.

Nurlan ABDALOV,

"Respublika".