GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏFRASİYAB NURULLAHİ

1978-ci ildə Xudafərində doğulub. Fars dili və ədəbiyyatı  üzrə ali təhsil alıb. Hazırda Tehranda yaşayır və müəllim kimi çalışır. 2007-ci ildə "Nəğməsi nağıl həyat" adlı ilk şeir toplusu Tehran "Yaşmaq" yayın evində nəşr olunub. 2016-cı ildə isə "Gözümün gecəsi" adlı digər şeir toplusu Təbrizdə "Aydın sav" nəşriyyatında işıq üzü görüb. Güney Azərbaycan milli oyanış hərəkatı əsasında yazılmış "Hamısı onlardan başladı" adlı kitabı və bir çox milli əhvali-ruhiyyəli şeirləri isə təəssüf ki çap izni ala bilməyib... Bir sıra tənqidi məqalələri vaxtilə "İşıq", "Sancaq" və digər rəsmi, həmçinin qeyri-rəsmi mətbuat orqanlarında çap olunub.

 

Orda bir göl vardı

Urmu gölünə

Orda bir göl vardı,

Son gördüyümdə çox bəxtiyardı...

Qızlar,

yuxularını danışarmış sularına.

Gəlinlər,

sirlərini açarmış,

Gələnlərin

qabağına qaçarmış deyirlər...

Gedənlərin,

ardınca atılarmış,

Qalanların

qadasını alarmış,

Mahnılaşarmış

İnsanlaşarmış...

"Qalarsan, qadan allam

Gedərsən, yola sallam"...

Sahil boyu,

tamsına-tamsına qalarmış gecələr...

Orda bir göl vardı,

İndi "Yoxdu" - deyirlər...

"Qurudu"!

"Yerində,

yel vurur, yengələr oynayır" - deyirlər.

Bu qədər rahat,

Bu qədər fərqində olmadan!

İnanmıram,

"Yalandı"- deyirəm,

Masaldı...

Orda bir göl vardı,

Orda bir çöl olamaz,

Əsla olamaz!..

 

RZA VƏİDİ ARTAN

1978-ci il Marağa şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini həmin şəhərdə alıb, sonra hüquq və fəlsəfə üzrə bakalavr pilləsində təhsilini davam etdirib. Hazırda vəkil kimi çalışır.

İranda türkcə "Ləzidə Ləzgi" və "Ağrılıq" adlı iki şeir toplusu çap olunub. Elçin Hüseynbəylinin "Metro vadisi" romanını fars dilinə çevirib və çap üçün nəşriyyata təqdim edib.

2012-ci ildə Marağada rəhbərliyi ilə "Alma" adlı ədəbi dərnək fəaliyyətə başlayıb. Dərnəyin xətti ilə ilk dəfə olaraq yeddi şairin əsərlərindən ibarət on kitab nəşr edilib və bu son dərəcə əhəmiyyətli işi davam etdirməkdədir. Artan hazırda Türkiyədə yaşayır və magistratura təhsili alır.

Gülüşlərin kəsilibdir, gileylisən deməli,

Ürək sözüm sənə hər an, "mənə güvən" deməli

Nə var düşünməyə, sevgi gəlirsə ağlımıza

Sonucda birliyə çatsa əgər, həmən deməli

Vətən bu tən, o sınır çizgilər mənə yaramaz

Mən insanam Ana yurdum mən ilə sən deməli

Sevib sevilməyimizdən sora nə var, məncə

Həyat boyu dolanıb təkcə sevgidən deməli

Yığışdırın yara bayraqları, yayın yaşamı

İçində coşmasa sevgi, ona ölən deməli

Ay üzlü bayrağıma bax, udumlu insan əsir

Və başqa cındalara, "hər yelə əsən" deməli

Mənim adım "əbər insan", mənim adım sənsən

Mənə bu gün bu qaranlıqda, qardələn deməli

Nə şeytanın izi qalmış, nə Tanrının, bəşərə

Gərəklidir tapınıb hər durumda hən deməli

Gileylisən bilirəm, yazdığım kimi olmur

Dodaqların tikilibdir, gileylisən deməli.

 

 

YER ADLARI

(əvvəli 27 yanvar tarixli sayımızda)

Başqa bir mənbədə Təbriz adı Tamrakiz//Tarmakis şəklində göstərilmişdir. Qeyd olunmuşdur ki, bu adda bir türk tayfası mövcud olmuşdur. Onlar tikdikləri qalaya Öz etnoslarının adını vermişlər.

Professor Məhəmməd Tağı Zehtabi Kirisçi "İran türklərinin əski tarixi" kitabının 559-cu səhifəsində Təbriz şəhərinin etimologiyası məsələsinə 4 səhifə yer ayırmışdır. Onun fikrincə, Təbriz hərbi qala olmuş və Tamrakis adlanmışdır. Yəni Tamrakis bu qalanın təməlini qoyan şəxs olmuşdur. Miladi üçüncü minilliyin sonları, ikinci minilliyin əvvəllərinə aiddir. Arilərin bu coğrafiyaya gəlmələrindən çox öncə bir assori lövhəsində Təbriz haqqında oxuyuruq: Tamrakis burada bəzəkli divarları, möhkəm bünövrəli binaları tikdirmişdi. Bu qala Su ilə dolu xəndəklərlə qorunurdu. Burada qoşun həmişə hazır vəziyyətdə saxlanılırdı...

Yenə həmin mənbədə Məhəmməd Tağı Zehtabi  Kirisçi yazır: Bu şəhərin Tamrakis adını Tomris xanımın adı ilə bağlı izah edənlər vardır. Lakin Təbriz Əhəmənilər, yəni Həxamənçilərin birinci Şahı Kuruş//Kirin döyüşdə öldürülən türk İsgöz - Massaget və ya iskit ellərinin başçısı Əfrasiyab və ya  Alp ər Tonqanın qızı Tomrisdən çox-çox əvvəllər tikilmişdir. Yerli Qaradağ əhalisi indi də Təbrizə "Tomrus", - deyə xitab edir.

Təbriz sözü iki kəlmədən düzələn bir addır: Təbər-iz. Digər variantı isə Tumar-us//Tamra-kis olmuşdur. Buradakı us//üz//iz komponentinin açıqlaması qədim türkcəmizdə qəbilə, tayfa anlamlı "huz" sözü ilə bağlıdır. Türk dilindən kürd dilinə keçmiş bu söz fars dilində işlənməkdədir. Bəzən "kənd" mənasında da işlənmişdir.

"Kürdcə-farsca Həjar" sözlüyü və "Bicar-kürdcə sözlüyü"ndə həmin söz qeydə alınmışdır.

"Səməz" sözü "kök, dolu, toppuş" mənasındadır. Ərəb dilinə uyğun olaraq, bu sözdə yazıda N hərfi  Z-ya çevrilmişdir. Bu fakta əsaslanaraq deyə bilərik ki, hun sözü də huz şəklini almışdır. Yəni hun tayfa adı əvvəllər huz şəklində yazılmışdır. Məsələn, İranın Huzistan əyaləti və ya Həmədan əyaləti.

Təbriz şəhərinin tarixi, mifologiyası, etnoqrafiyası və dilçilik baxımından maraqlı cəhətləri vardır. Məlumdur ki, verilən bəzi izahlar bəzən uydurma olub fantastik fikirlərə söykənə, bəzən adın mənaları saxtalaşdırıla bilir. Məsələn, Təbriz şəhərinin adının izahında deyilir ki, guya Harun ər Fəşidin xatunu Zübeydə xanım xəstələnir, qızdırmadan ölmək üzrə ikən onu Təbrizə gətirirlər. Burada Zübeydə xanım sağalır. Bu da uydurma etimologiyadır, elmi cəhətdən qəbul edilə bilməz. Həmin əfsanəyə gözə, Təbriz adını "qızdırma salan, qızdırma tökən" şəklində izah etmişlər. Halbuki Zübeydə xanım farsca bilməmiş, ərəbcə danışmışdır. O baxımdan gərək həmin şəhərə "Yəzil əlhəmi" demək lazım gələrdi.

İzahı yazanlar bəzən müxtəlif maraqlara xidmət etdiklərindən şərhi də ona uyğunlaşdırmışlar. Ancaq nəzərə almaq lazımdır ki, "Təb//təv"-hərarət sözləri ərəb sözləridir və dağdan, daşdan axan vulkan axıntısı anlamında olaraq Səhəndin püskürməsi nəticəsində həmin lavanın Təbriz düzəngahında soyumasına görə "hərarəti söndürən, soyudan" mənasında qəbul etmək daha doğru olar.

Ehtimal etmək olar ki, şəhərə ad elə bu xüsusiyyətinə görə verilmişdir. Səhənddən axan qaynar vulkan axıntısının Təbriz dərəsinə axıb, orada soyuması prosesini əks etdirən "hərarət soyudan, hərarət salan".

Hazırda Təbriz yaxınlığında Aynalı deyilən məkan var. Əslində, yerin adını çox vaxt yanlış olaraq Eynalı adlandırırlar. Bunun səbəbi vulkan lavasında yerin səthinə çıxan parlaq daşların istinin təsirindən qızarmış torpaqda uzaqdan parıldamasıdır (H.H).

Dilimizin Cənub dialektinə mənsub olan Təbriz şivəsində a>e; a>ə əvəzlənmələrinə əsasən, alma>əlma;  ayna>eyna şəklində tələffüz edilir. Buna görə də həmin coğrafi adın düzgün tələffüz şəkli "Aynalı" olmalıdır, yəni "parıldayan dağ".

Nəticə olaraq onu qeyd edə bilərik ki, fars dilində türk mənşəli yer adlarının izahı, etimologiyası faciəvi şəkildədir. Bir çox toponimlərimizin mahiyyətinə varmadan, onları farscaya tərcümə edərək izah etməyə çalışırlar. Bu da nə elmi cəhətdən, nə də insanlıq baxımından doğru deyil. Minlərcə belə adları nümunə göstərə bilərik. Gəlisi-Gəlusəng; Atqıran-Əsb koşan; Dəmirçi-Həddadan; Axma qaya - Əhməqiyyə; Sarı qaya-Sariqiyə və s. Bu kimi adları fars dilində mənalandırıb öz dillərinə uyğunlaşdırmışlar. Təbriz adı da təb-qızdırma; riz-düşürən şəklində izah edilmişdir. Sözsüz ki, şəhər insanın hərarətini düşürən yer deyil.

Dilçiliyin toponimiya şöbəsində mühüm problemlərdən biri milli-türk mənşəli toponimlərimizin düzgün elmi etimologiyasının öyrənilməsidir. Dilçilərin   elmi tapıntıları, məsləhətləri əsasında bir elin, bir obanın, bir xalqın, hətta bir millətin belə taleyi dəyişə bilir. Çünki heç bir məkanı adsız, heç bir adı sahibsiz izah etmək düzgün deyil. Halbuki, Azərbaycan coğrafi adları, adların dil mənsubiyyəti, yaranma və formalaşma vahidləri mənşəcə eynidir. Təbriz adı da bu qaydalardan istisna deyil. Onun mənşəyini başqa dillərdə, sistemlərdə axtarmaq doğru olmaz. Təbriz adını türk mənşəli yer adları sistemində araşdırmaq daha doğrudur. Ona görə də Təbrizi Azərbaycan coğrafi dil mühitində araşdırmaq lazımdır.

 

Hüseyn Şərqidərəcək SOYTÜRK,

Həcər HÜSEYNOVA.