SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Bu qidalar erkən saç ağarmasına yol açır

Adətən erkən yaşlarda saçların ağarması irsi hal hesab edilir. Yəni, bu hal daha çox genetik amillərdən qaynaqlanır. Bununla belə, bəzən saçlar fərqli səbəblərdən də ağara bilər. Belə ki, aparılan araşdırmalar göstərir ki, stress, bəzi dərmanların yan təsirləri, hətta qidalanma rejimi də saçlarda ağarmaya yol açır.

Əgər saçınız vaxtından əvvəl ağarmağa başlayıbsa, bunu yaş, genetika və ya stresslə əlaqələndirmədən öncə, yemək vərdişlərinizə diqqət etməniz lazımdır. Çünki alimlər xüsusilə 3 növ qidanın saç folikullarını kimyəvi cəhətdən stimullaşdıraraq saç tellərinin ağarmasına təşviq etdiyini söyləyirlər.

İsveçdə aparılan bir araşdırmaya görə, şəkər sağlam saç folikullarının inkişafında vacib rol oynayan zülal, vitamin və qida maddələrinin udulmasına və melanin piqmentinin istehsalına mane olaraq saçların təbii rənginə zərər verə bilər.

Davamlı olaraq həddindən artıq spirt istehlakı da saçların ağarmasına yol açır. Belə ki, spirt mədənin fəaliyyətinə və bağırsaqların selikli qişasına mənfi təsir edərək bədəndə qida balansının pozulmasına səbəb olur. Bu da mineralların və vitaminlərin udulmasına mane olaraq nəticədə saç folikullarının inkişafına təsir edir.

Məlumdur ki, sağlam saçlara sahib olmaq üçün ilk növbədə zülallara ehtiyacımız var. Lakin çox miqdarda istehlak edilən heyvan mənşəli zülallar da saçların ağarması ilə nəticələnə bilər. Belə ki, orqanizm tərəfindən istifadə edilə bilməyən artıq miqdarda olan zülallar sidik turşusunun səviyyəsini artırır ki, bu da saçların ağarmasına səbəb olur.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Güclü əzələyə sahib olmaq istəyirsinizsə…

İngiltərədə aparılan araşdırma zamanı çuğundur suyunun əzələləri əhəmiyyətli dərəcədə güvvətləndirdiyi məlum olub. Böyük Britaniyanın Exeter Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda çuğundur suyunun məşqdən əvvəl qəbul edilən zülal kokteylləri və ya digər gücləndirici içkilər qədər təsirli olduğu aşkar edilib.

"Apetite" jurnalında dərc edilən araşdırmaya görə, mütəxəssislər təkcə çuğundurun deyil, bu kimi tərəvəzlərin qandakı oksigeni və dözümlülüyü artıran nitratlarla zəngin olduğunu müəyyən ediblər.

Elə bu səbəbdən də tədqiqata başlamazdan əvvəl sınaqlara cəlb edilmiş 20-30 yaş arası sağlam kişi iştirakçılardan bir neçə gün müddətində tərkibində nitrat olmayan qidalardan uzaq durulması istənilib. Sonra isə komandanın yarısına nitrat tərkibli içki, plasebo qrupuna isə süni toz qarışığı olan içkilər təklif edilib. Daha sonra isə tədqiqatçılar elektrik impulslarından istifadə edərək respondentlərin əzələ gücünü ölçüblər. Nəticədə tərkibində nitratla zəngin olan içkiləri qəbul edən qrupda məşqdən əvvəl əzələ gücünün digər qrupa nisbətən yeddi faiz daha yüksək olduğu müəyyən edilib. Elm adamları bunu nitratların bədəndə əzələlərə çatan oksigenin miqdarını artıraraq qan damarlarını genişləndirməyə kömək etməsi ilə əlaqələndirirlər.

"Araşdırmamız nitratın nə üçün insanlarda əzələ performansını yaxşılaşdırdığına dair mexanizmlər haqqında bu günə qədər ən yaxşı sübutları təqdim edir", - Exeter Universitetinin fizioloqu dr. Andy Jones qeyd edib.

 

Yüksək təzyiqdən əziyyət çəkirsiniz?

Ürək-damar xəstəlikləri dünyada qəfil ölüm hallarının əsas səbəbi hesab edilir. Bu xəstəliklərin inkişafına təkan verən ən başlıca amillərdən biri isə qan təzyiqinin yüksək olmasıdır. Bu səbəbdən də təzyiqi hər zaman normada saxlamaq önəmlidir.

Lakin çox zaman yüksək qan təzyiqi özünü heç bir əlamətlə büruzə vermədən qəflətən ortaya çıxır və hipertoniya diaqnozunun qoyulmasına səbəb olur. Belə bir halda isə demək olar ki, ömür boyu müəyyən dərmanları qəbul etmək, pəhriz saxlamaqdan başqa çarə qalmır. Ona görə də, təzyiqi vaxtaşırı ölçməklə nəzarətdə saxlamaq tövsiyə olunur.

Mütəxəssislər təzyiqi normada saxlamağın ən asan yolunu gündəlik isti vannalar qəbul etməkdə görürlər. Onların fikrincə, isti su damarları genişləndirərək ürəyə düşən gərginliyi azaldır.

Yaponiyalı alimlər tərəfindən aparıla

n araşdırma göstərib ki, isti su vannaları infarkt riskini 28, insult riskini isə 26 faiz azaldır. Bundan əlavə, məlum olub ki, isti su vannaları stress hormonlarının səviyyəsini aşağı salır, depressiya ilə mübarizə etməyə kömək edir. Bu səbəbdən də mütəxəssislər ən azı həftədə 2 dəfə isti su vannaları qəbul etməyi tövsiyə edirlər.

 

Kivi bu problemin də çarəsi imiş

Amerikalı alimlər bir çox faydaları ilə seçilən kivinin daha bir xeyrini ortaya çıxarıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, kivi bağırsağın fəaliyyətini yaxşılaşdırır və həzmi asanlaşdırır.

Təcrübələr zamanı 4 həftə ərzində mütəmadi kivi istifadəsindən sonra həzmsizlikdən şikayət edənlərin problemlərində 45 faiz azalma qeydə alınıb.

Bu meyvə, həmçinin lif baxımından da çox zəngindir. Belə ki, 100 qram bananda 1,6 qram lif mövcud olduğu halda, kividə 3,4 qramdır. O, həm də xolesterolu aşağı salır.

Aparılan təcrübələr nəticəsində lif baxımından zəngin olan kivinin bağırsaq xərçənginin qarşısını aldığı da sübut edilib. Bu liflər tərəfindən ötürülən turşu xərçəngə səbəb olan genlərin aktivləşməsinə maneə törədir.

Kivi, həmçinin, yuxusuzluqdan əziyyət çəkənlər üçün də olduqca xeyirlidir. Yüksək miqdarda kalsiumla zəngin olan kivini yatmazdan bir saat əvvəl yesəniz, daha rahat yuxuya getməyinizi təmin edər. Eyni zamanda, fiziki yorğunluğunuzu çıxarmağa və özünüzü gümrah hiss etməyə kömək olar.

Qanı durulaşdırma xüsusiyyətinə görə kivini aspirinlə müqayisə etmək olar. Yəni, gündə 1 aspirin içmək yerinə, bir ədəd kivi yemək daha çox faydalıdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".