DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QƏRB ÖLKƏLƏRİNİN SEPAH-a MÜNASİBƏTİ SƏRTLƏŞİR

Qərb ölkələrinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) münasibəti sərtləşir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti yazıb.

Qərbin İran rejiminə münasibətinin sərtləşməsinin davamı olaraq, bir sıra ölkələr son həftələrdə SEPAH-ın tamamilə qadağan edilməsi haqda düşünməyə başlayıblar.

Məlumata əsasən, 125 min şəxsi heyəti olan SEPAH İran rejiminin qvardiyasıdır. SEPAH Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) ilə yanaşı, həm daxili repressiya, həm də xarici təxribat üçün rejimin əsas alətidir.

Nəşr qeyd edir ki, bir sıra qorxunc qətliamlara imza atan korpus 1980-cı illərdən bu günə kimi Avropa və digər ölkələrdə sui-qəsdlər və terror aktları həyata keçirib.

Eyni zamanda, İsrail nəşri SEPAH-ın Yaxın Şərq ölkələrindəki qanlı fəaliyyətlərinə də diqqət çəkib, bu qvardiyanın İran rejiminin bu bölgədəki əsas silahı olduğunu bildirib.

SEPAH həmçinin ayrı-ayrı ölkələrdən gənclərin terrorçu kimi İran rejiminin xidmətinə cəlb edilməsində də müstəsna rola malikdir.

 

ABŞ GENERALI HƏRBÇILƏRI ÇİNLƏ MÜHARIBƏYƏ HAZIRLAŞMAĞA ÇAĞIRIB

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minixan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini irəli sürüb. “Report” xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarətin bərqərar olunması üçün əməliyyat məqsədilə istifadə edə bilər.

Eyni zamanda, Mayk Minixan tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.

Qeyd edək ki, bu ərəfədə Ağ Evin adı açıqlanmayan nümayəndəsi “Al-Hadath” telekanalına bildirib ki, ABŞ prezidenti Cozef Bayden İranla münasibətlərdəki problemlərin hərbi yolla həllini istisna etmir.

 

İMRAN XAN YENİDƏN MEYDANLARA QAYIDIR

Keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) deputatlarının istefaları Milli Assambleyanın sədri Raca Pərviz Əşrəf tərəfindən qəbul edildikdən sonra aralıq seçkilərinə qərar verilib. “Teleqraf.com”un xəbərinə görə, Seçki Komissiyası martın 16-da Milli Assambleyada 33 yer üçün təkrar seçkilərin keçiriləcəyini açıqlayıb.

İmran Xan 2022-ci ilin aprelində istefaya göndərildikdən sonra PTI-nin 123 deputatı Milli Assambleyadan istefa vermək qərarına gəlib. 2022-ci il iyulunda 11 deputatın istefası qəbul edilib, qalan deputatların istefaları isə parlamentin sədri tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, İmran Xan ötən həftə baş nazir Şahbaz Şərifə qarşı etimad səsverməsi hazırladığını elan etdikdən sonra parlament sədri yanvarın 17-də 34, ayın 20-də 35, 24-də isə 43 deputatın istefasını qəbul edib.

Bununla yanaşı, İmran Xan yanvarın 27-də keçmiş prezident və Pakistan Xalq Partiyasının sədri Asif Əli Zərdarinin ona sui-qəsd etməyə hazırlaşdığı iddiasını irəli sürüb. Sabiq baş nazir Zərdarinin onu öldürməsi üçün terrorçular tutulduğunu bildirib.

 

Aİ RUSİYAYA QARŞI IQTISADI SANKSİYALARIN MÜDDƏTİNİ YENİDƏN UZADIB

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaları müharibə səbəbindən daha 6 ay  müddətinə uzatmaq qərarına gəlib. “TRT” telekanalının xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasından verilən bəyanatda bildirilib.

Bəyanata əsasən, Rusiya iqtisadiyyatının bəzi sahələrini hədəf alan sanksiyaların 31 iyul 2023-cü ilə qədər uzadılmasına qərar verilib.

Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk olaraq 2014-cü ildə tətbiq edildiyi xatırladılan bəyanatda 2022-ci ilin 24 fevral tarixində  başlayan Rusiya-Ukrayna müharibəsi ilə sanksiyaların əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.

Bununla yanaşı, Rusiyaya qarşı sanksiyaların davam etdiyi vurğulanan bəyanatda Rusiyadan Avropa İttifaqına xam neft və bəzi neft məhsullarının idxalının qadağan edildiyi bildirilib. Bəyanatda həmçinin bu çərçivədə bəzi Rusiya banklarının  beynəlxalq ödəniş sistemi olan SWIFT-dən çıxarıldığı diqqətə çatdırılıb.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları hər altı aydan bir uzadılır.

 

TÜRKİYƏ XİN AVROPA DÖVLƏTLƏRİNİ CAVAB VERMƏYƏ SƏSLƏYİB

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa ölkələrinin administrasiyalarını Quranın yandırılması ilə bağlı hərəkətlərə cavab verməyə çağırıb. “Report” xəbər verir ki, nazirliyin yaydığı bəyanatda həmçinin Danimarkada Quranın yandırılması pislənilir.

“İsveçin ardınca Kopenhagendə islamofob tərəfindən Qurana qarşı bu hərəkəti ən kəskin şəkildə qınayırıq”, - deyə bəyanatda bildirilir.

Bəyanata əsasən, İsveç və Niderlanddan sonra Danimarkada baş verən bu mənfur əməl Avropada dini dözümsüzlük və nifrətin nə dərəcədə təhlükəli həddə çatdığını göstərir.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Danimarkanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb. Nazirlikdə danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib.

Bununla yanaşı, Avropada İslamofobiyanın ifrat həddə çatdığını vurğulayan Tükriyənin XİN başçısı Mövlud Çavuşoğlu deyib: “Alçaq hücumlar uca dinimiz olan İslamın və müqəddəs kitabımızın müqəddəsliyinə kölgə sala bilməz, əkilməsinə icazə verdiyiniz nifrət toxumları bütün cəmiyyətinizi zəhərləyəcək”.

 

İSRAİLİN BAŞ NAZİRİ TERROR AKTINDAN SONRA TƏCİLİ TƏDBİRLƏR ELAN EDİB

İsrailin baş naziri Benyamin Netanyahu Şərqi Qüdsdə cümə günü baş verən terror aktından sonra təcili tədbirlər barədə qərar qəbul edib. Bu barədə “Trend” agentliyi “İnterfaks”a istinadən məlumat yayıb.

Baş nazir jurnalistlərə təhlükəsizlik sahəsində qiymətləndirmə apardığını və “təcili tədbirlər” haqqında qərar qəbul etdiyini bildirib.

Eyni zamanda, baş nazir təfərrüatları açıqlamaqdan imtina edərək İsrailin qətiyyətlə və soyuqqanlı hərəkət edəcəyini vurğulayıb.

Qeyd edək ki, yanvarın 27-də Şərqi Qüdsdə Neve-Yaakov rayonunda yəhudi məhəlləsindəki sinaqoqun yaxınlığında baş vermiş və yeddi nəfərin ölümünə səbəb olmuş terror aktının istintaqı çərçivəsində 42 nəfər saxlanılıb.

 

UKRAYNANIN “F-16”LAR İSTƏMƏSİNƏ ALMANİYANIN CAVABI GECİKMƏDİ

Bugünlərdə tanklarla bağlı məsələdə müsbət nəticə əldə edən Ukrayna rəhbərliyi indi də NATO-dan “F-16” döyüş təyyarələri istəyir. “Teleqraf.com” xəbər verir ki, Almaniya müdafiə naziri Boris Pistorius ölkəsindən Ukraynaya döyüş təyyarələrinin göndərilməsinin əleyhinə olduğunu bəyan edib. Alman nazir həmçinin bunu mümkün hesab etmədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın təzyiqindən sonra Almaniya Ukraynaya “Leopard 2” tipli döyüş tankları göndərmək qərarına gəlib.

Bununla belə, Boris Pistorius döyüş təyyarələrinin tanklardan fərqli xüsusiyyətlərə malik olduğunu bildirərək, təyyarələrin göndərilməsinə etirazını bu sözlərlə əsaslandırıb: “Döyüş təyyarələri döyüş tanklarından çox daha mürəkkəb sistemlərdir və tamamilə fərqli məsafə və atəş gücünə malikdir. Bu nöqtədə sərt xəbərdarlıq ala biləcəyimiz durumla üzləşə bilərik”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi isə bildirib ki, ukraynalıların özlərini müdafiə etmələri üçün belə bir tələblərinin olması təəccüblü deyil. “Buna görə onları günahlandırmaq olmaz”, - deyə o əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.