İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Karateçilərimiz  bürünc medal uğrunda mübarizə aparacaq

Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Dünya Karate Federasiyasının Karate1 seriyasından ən nüfuzlu yarışı Premyer Liqa davam edir. Turnirdə 58 ölkədən 382 idmançı iştirak edir. Turnirin ilk günü 4 idmançımız gücünü sınayıb. Belə ki, Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Mədinə Sadiqova (55 kq) yanvarın 29-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

 

Velosipedçilərimiz mübarizəyə başlayıblar

Yanvarın 27-də Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət elit/U-23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Tour of Sharjah" yarışında mübarizəyə başlayıb. 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.

17 ölkədən 24 komandanın qatıldığı yarışın ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sınayıblar. Yarışda 6 velosipedçi ilə iştirak edən milli komandamız mərhələni uğurla başa vurub. İdmançılarımızdan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. İdmançımız qalib velosipedçidən 15 saniyə geri qalıb.

 

Paytaxt birinciliyinə start verilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Həndbol Federasiyasının (AHF) birgə təşkilatçılığı ilə həndbol üzrə Bakı şəhər birinciliyinə start verilib. Yarışlar "AHF Arena"da doqquz komandanın iştirakı ilə, 2008-2009-cu il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında keçirilib. Yarışda Respublika Kompleks İdman Məktəbinin komandasının, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri, 6 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) həndbolçuları iştirak edirlər. Yarışın ilk günündə qızlardan ibarət komandalar iki, oğlanlar isə bir dəfə meydana çıxmaqla ümumilikdə üç oyun keçirilib. Açılış oyununda qızlar arasındakı matç 6 saylı İOEUGİM-1 həndbolçularının 14:12 hesablı qələbəsi ilə yekunlaşıb. Oğlanlar arasındakı qarşılaşmada 6 saylı İOEUGİM-1 komandası 17:4 hesabı ilə qalib olub. Fevralın 1-dək davam edəcək yarışların qaliblərinə diplomlar və medallar veriləcək.

 

"Land of Fire - Azerbaijan" yarımfinal mərhələsində

Yanvarın 27-də İsveçrənin Sankt Moritz şəhərində keçirilən qarüstü polo üzrə 38-ci dünya kuboku yarışlarının ilk turuna yekun vurulub. Turun ilk oyununda "Land of Fire - Azerbaijan" komandası "Flexjet" ilə qarşılaşıb. Görüş komandamızın 5:3,5 hesablı qələbəsi ilə başa çatıb və təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

Atıcımız birinci olub

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən H&N kuboku yarışlarında qızıl medal qazanıb. O, gənc idmançılar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".