DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏCƏB TAYYIB ƏRDOĞAN FRANSA PREZİDENTİNİ SƏRT TƏNQİD EDİB

Fransa prezidenti Emmanuel Makron dövlət başçısı kimi keyfiyyətlərə malik deyil və rəsmi Paris beynəlxalq aləmdə nüfuzunu itirir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Əslində Fransanın başında olan adamın bu dövlətin prezidenti olmaq üçün keyifyyətləri yoxdur. Baxın, hazırda Afrika ölkələrini istismar edirlər. Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. Burkina-Faso qoşunlarını çıxarmaq üçün bir ay vaxt verdi. Məncə, Toqo da bunu edəcək. Fransa Afrikadakı reputasiyasını sürətlə itirir”, - deyə Ərdoğan vurğulayıb.

Eyni zamanda, Türkiyə dövlət başçısının sözlərinə görə, beynəlxalq tədbirlərdə Emmanuel Makronla çoxlu görüşlər keçirib və belə qənaətə gəlib ki, fransalı həmkarı dürüst insan deyil.

“Biz istəyirik ki, beynəlxalq siyasət dürüstlük üzərində qurulsun. Dürüstlük olmayan yerdə etibar yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur. Təəssüf ki, Aralıq dənizində Yunanıstanla münasibətlərində Türkiyəni görməzlikdən gəlirlər və onunla fərqli münasibətlərə girirlər”, - deyə Türkiyə lideri əlavə edib.

 

RUSİYA VƏ ABŞ ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏRİN YENİ MƏRHƏLƏSİ GÖZLƏNILIR

Rusiya ABŞ-la ikitərəfli münasibətlərə dair məsləhətləşmələrin yeni mərhələsinə hazırlaşır. “Report” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazir müavini qeyd edib ki, görüşün vaxtı və yeri hələ məlum deyil. “İndi növbəti görüş üçün hazırlıq işləri ilə məşğuluq. Ümid edirik ki, kiçik addımlar ikitərəfli gündəliyin ən mühüm məsələləri üzrə qarşılıqlı məqbul həllərə gətirib çıxaracaq”, - deyə Sergey Ryabkov vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabrında İstanbulda Rusiya ilə ABŞ arasında səfirliklərin işinin normallaşdırılması və ikitərəfli münasibətlərdə qıcıq doğuran amillərin aradan qaldırılmasına dair ikitərəfli məsləhətləşmələr keçirilib.

 

ÜST “COVID-19”LA BAĞLI FÖVQALƏDƏ VƏZİYYƏT REJIMININ MÜDDƏTİNİ UZADIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya səhiyyəsində “COVID-19”la əlaqədar 2020-ci ildən etibarən davam etməkdə olan fövqəladə vəziyyət rejiminin müddətini növbəti üç ay üçün uzadıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə Komitəsinin iclasının nəticələrini açıqlayan Cenevrədəki baş ofisi məlumat yayıb.

“ÜST-ün baş direktoru komitənin hazırkı “COVID-19” pandemiyası ilə bağlı tövsiyələri ilə razılaşıb”, - deyə açıqlamada qeyd olunur. Baş direktor Tedros Adhanom Qebreyesus pandemiyanın ictimai səhiyyədə beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət olaraq qalmaqda davam etdiyini təsdiqləyib.

Verilən xəbərə əsasən, ekspertlər koronavirus pandemiyasının “ehtimalla dönüş nöqtəsinə yaxınlaşdığı” nəticəsinə gəliblər. Onların fikrincə, vaksinasiya və “COVID-19”a yoluxma nəticəsində dünya əhalisi arasında yüksək immunitet səviyyəsinin əldə edilməsi “SARS-CoV-2” virusunun xəstəlik və ölüm faizlərinə təsirini məhdudlaşdıra bilər.

Bununla belə, komitənin məlumatına  görə, bu virus yaxın gələcəkdə də insanlar və heyvanlar arasında daimi patogen olaraq qalmağa davam edəcək.

 

POLŞANIN BAŞ NAZİRİ: UKRAYNAYA “F-16” qırıcıları VERMƏYƏ HAZIRIQ

Polşa NATO-nun koordinatorluğu ilə Ukraynaya “F-16” qırıcı təyyarələri verməyə hazırdır. “Report”un “UNIAN” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın baş naziri Mateuş Morvetski bildirib.

Eyni zamanda, baş nazirin sözlərinə görə, bir neçə ay əvvəl “MiQ” qırıcı təyyarələrinin tədarükündə olduğu kimi istənilən hərbi hava qüvvələri də NATO ölkələri ilə koordinasiya halında bunu həyata keçirə bilər. “Burada da biz tam koordinasiyalı hərəkət edəcəyik”, - deyə baş nazir əlavə edib.

Agentliyin məlumatına əsasən, Ukrayna hakimiyyəti yeni hərbi yardımın birinci mərhələsi çərçivəsində beynəlxalq müttəfiqlərdən 24 qırıcı təyyarə almağı planlaşdırır.

Eyni zamanda, qeyd edilir ki, ABŞ rəsmiləri “F-16” qırıcılarının Kiyevə verilməsinə çalışır. Ukrayna Silahlı Qüvvələri isə öz növbəsində onlara 180-ə yaxın belə təyyarə lazım olduğunu bildirib. Buna baxmayaraq, Almaniya ehtiyatlı davranaraq Ukraynaya qırıcı təyyarələrin tədarükünü istisna edir.

 

ENTONI BLINKEN İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATLARI İSTİSNA ETMƏYIB

ABŞ hökuməti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir. “Report” agentliyinin “Welt” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib.

Məlumata əsasən, ABŞ-ın dövlət katibi Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir.

“Əl-Ərəbiyyə” telekanalının müxbiri dövlət katibindən məsələnin hərb variantının olub-olmadığını soruşduqda, Entoni Blinkenin cavabı belə olub: “Bütün variantlar masanın üstündədir”.

Bununla yanaşı, Entini Blinken üstünlük verilən yolun diplomatiyadan keçdiyini də bildirib. Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin rəsmi Tehran bundan imtina etdi.

Qeyd edək ki, hələ 2022-ci ilin yayında ABŞ prezidenti Cozef  Bayden də “ən son halda” İrana hücum variantını istisna etməyib.

 

TÜRKİYƏDƏ FEVRAL AYINDA İSTANBUL QAZ SAMMİTİ KEÇİRİLƏCƏK

Türkiyənin İstanbul şəhərində fevralın 14-15-də Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiyanın təbii qaz istehsal edən ölkələrinin və Avropadan olan istehlakçıların iştirakı ilə İstanbul Qaz Sammiti keçiriləcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir həmçinin Türkiyədə beynəlxalq təbii qaz qovşağının formalaşdırılması istiqamətində atılan addımlardan bəhs edib.

Fatih Dönməzin sözlərinə görə, hazırda Türkiyə Bolqarıstanla yanaşı, Şimali Makedoniya, Rumıniya və Moldova ilə “mavi yanacaq” nəqli məsələsi üzrə danışıqlar aparır.

Eyni zamanda, F.Dönməz məlumat verib ki, BOTAŞ şirkətinin rəhbəri hazırda Omanda səfərdədir. “Biz Omanla ildə 1,4 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı 10 illik müqavilə imzalamağa hazırlaşırıq”, - deyə nazir əlavə edib.

 

PAKİSTANDA MƏSCİDDƏ TÖRƏDİLƏN TERROR AKTINDA ÖLƏNLƏRİN SAYI ARTIB

Pakistanın Peşəvər şəhərində məsciddə  yanvarın 30-da baş verən terror aktı nəticəsində ölənlərin sayı 59 nəfərə, yaralananların sayı isə 157-yə çatıb. “Report” xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

Qəzet qeyd edib ki, dağıntılar altında insanların qala biləcəyi üçün terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

İnsident zamanı ərazidə 500-ə yaxın adamın olduğu bildirilib. Təhlükəsizlik xidməti partlayışın günorta namazı zamanı kamikadzenin özünü partlatması nəticəsində baş verdiyini açıqlayıb.

Məlumata görə, “Tehreek-e-Taliban Pakistan” terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, “Tehreek-e-Taliban Pakistan” terror təşkilatı noyabrın 28-də İslamabad administrasiyası ilə 10 may tarixində başlayan atəşkəsin sona çatdığını və üzvlərinin ölkə daxilində təhlükəsizlik qüvvələrinə hücum etmək əmri verdiyini açıqlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.