Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqinə, qarşıda duran tarixi vəzifələrin dönmədən həyata keçirilməsinə xidmət edir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm. 

Butros BUTROS-QALİ,

BMT-nin sabiq baş katibi.

 

Latviya prezidenti vəzifəsində olduğum müddətdə Azərbaycan tarixinin bu görkəmli şəxsiyyəti ilə birbaşa şəxsi əlaqədə olmaq şərəfinə nail olanlardan biri də mən olmuşam. O, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra öz dövlət müstəqilliyini əldə etmiş və ya yenidən bərpa etmiş bütün ölkələrin üzləşdiyi problemlərə dair öz dərin təhlilini sərbəst və səxavətlə bölüşən, həqiqətən də görkəmli şəxsiyyət idi.

Heydər Əliyev ölkəsinin müstəqillik, sabitlik, sosial ədalət, iqtisadi inkişaf, dini tolerantlıq və müasirlik yolu ilə sürətlə irəliləməkdən ibarət olan gələcəyinə dair baxışlara tam sadiq idi.

Heydər Əliyev öz ölkəsinə sarsılmaz məhəbbət bəsləyirdi və xalqının mənafeyinin müdafiəsinə tam sadiq idi. Bu, azərbaycanlıların gələcək nəsilləri üçün örnək almağa layiq bir mirasdır".

 Vayra VİKE-FREYBERQA,

Latviyanın sabiq prezidenti.

 

Cənab Prezident Heydər Əliyevlə biz dəfələrlə görüşüb söhbət etmişik. Heydər Əliyev kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün böyük əhəmiyyətə malikdir.

Prezident Heydər Əliyev bu ən yüksək vəzifədə rəhbərlik təcrübəsinə malikdir. Bununla yanaşı, o, demokratiyanın, bazar iqtisadiyyatının dəyərlərinə, insan hüquqları ilə bağlı dəyərlərə səmimiyyətlə inanır.

Prezident Heydər Əliyevdə olan mühüm ideyalar insanları dəyişdirə bilər və insanlar da birlikdə  xalqın taleyini dəyişdirə bilərlər.

Emil KONSTANTİNESKU,

Rumıniyanın sabiq prezidenti.

 

Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti - müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir.

 Çingiz AYTMATOV,

Məşhur qırğız yazıçısı. 

 

Hörmətli Heydər Əliyevin dediyi kimi, bir millət, iki ayrı dövlətik. Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir. 

Bülənd ECEVİT,

Demokratik Sol Partiyasının sabiq sədri.

 

Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir.

Zbiqnev BJEZİNSKİ,

ABŞ-ın məşhur politoloqu.