İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Karateçilərimizdən Premyer Liqa turnirində 5 medal

Azərbaycan karateçiləri Misir Ərəb Respublikasının paytaxtı Qahirədə Karate 1 Premyer Liqa turnirində 5 bürünc medal qazanıblar. Tural Ağalarzadə (-60 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), Mədinə Sadiqova (-55 kq) və İrina Zaretska (-68 kq) Premyer Liqa turnirində üçüncü yeri tutub. Həmçinin, Liqanın ötən mövsümünün nəticələrinə əsasən yüksək reytinqli idmançılara "Grand Winner" mükafatı təqdim edilib. 12 karateçi arasında Əminağa Quliyev və İrina Zaretska da bu mötəbər mükafata layiq görülüb. Böyüklərdən ibarət milli komanda mart ayında İspaniyada Avropa çempionatında iştirak edəcək.

 

Cüdoçumuzdan uğurlu nəticə

Cüdoçumuz Elcan Haciyev Portuqaliyada Qran-Pri turnirində gümüş medal qazanıb. O, yanvarın 27-dən 29-dək Portuqaliyanın Almada şəhərində keçirilən turnirin ikinci günündə - 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb və yarışı gümüş medalla başa vurub. İdmançımız 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında isə qızıl medal qazanmışdır.

 

4-cü tura yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin ilk turunun oyunları keçirilib. IV tura "Murov" - "Azərreyl" matçı ilə start verilib. Həlledici setdə 15:13 hesabı ilə qalib gələn "Azərreyl" görüşün yekun hesabını müəyyənləşdirib - 3:2. Voleybol Mərkəzində təşkil olunan turun ikinci matçında isə UNEC komandası "Abşeron"la üz-üzə gəlib. Bu qarşılaşmada qalib 3 hissədə müəyyən olunub. Famil Ağayevin komandası 3 xalı rəqibini 3:0 hesabı ilə məğlub etməklə əldə edib. II dövrənin ilk turundan sonra "Azərreyl" 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. 7 xalla "Murov" ikinci, 6 xalla "Abşeron" üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

 

Velosipedçilərimizin mübarizəsi davam edir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Tour of Sharjah" yarışı davam edir. Yanvarın 30-da veloturun 4-cü mərhələsi keçirilib. İdmançılar dağ yolları ilə 110.24 km məsafə qət ediblər. Yığma komandamızın üzvlərindən ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, 2 saat 38 dəqiqə 19 saniyə nəticə ilə 18-ci pillədə yer alıb. Elçin Əsədov 49-cu (02h41'45''), Şahin Eyvazov 98-ci (02h48'58''), Nəcəf Bağırov isə 111-ci (02h51'46'') sırada qərarlaşıblar. Dördüncü mərhələdən sonra M.Mikayılzadə ümumi təsnifatda 15-ci sıraya yüksəlib. (08h24'58''). O, yarışın liderindən 2 dəqiqə 9 saniyə geri qalır. Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin mübarizə apardığı veloturun sonuncu - 5-ci mərhələsi yanvarın 31-də baş tutacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".