DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

M.ÇAVUŞOĞLU: HAZIRDA İSVEÇİN NATO ÜZVLÜYÜNƏ “HƏ” DEMƏK MÜMKÜN DEYİL

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfəri çərçivəsində Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransı keçirib. “Teleqraf.com” xəbər verir ki, Finlandiya və İsveçin NATO üzvlüyünü dəyərləndirən nazir Çavuşoğlu PKK terror təşkilatının İsveçdəki fəaliyyətinə diqqət çəkib.

“Finlandiyaya daha müsbət baxdığımızı əvvəldən deyirik. Bununla belə, NATO bu iki ölkənin üzvlük prosesinin paralel tamamlanmasını istəyir. Ayrı-ayrı qiymətləndirmə mövzusunda hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan bildirib ki, Finlandiyaya daha müsbət baxır”, - deyə nazir qeyd edib.

Eyni zamanda, Mövlud Çavuşoğlunun sözlərinə görə, PKK-nın İsveçdəki fəaliyyəti aramsız olaraq davam edir. Nazir əlavə edib ki, Finlandiya isə Quranı yandırma aksiyasını qadağan etdiyini açıqlayıb. “Finlandiyanın NATO üzvlüyünə daha müsbət baxırıq. Əgər İsveç öz öhdəliyini yerinə yetirərsə, məsələni müzakirə etmək olar. Lakin hazırda İsveçin NATO üzvlüyünə “hə” demək mümkün deyil”, - deyə Türkiyənin XİN başçısı vurğulayıb.

 

MAKRON UKRAYNAYA QIRICI TƏYYARƏLƏRIN VERILƏCƏYINI İSTİSNA ETMƏYİB

“Ukraynaya qırıcı təyyarələrin tədarük ehtimalı istisna oluna bilməz, ancaq bu, eskalasiyaya səbəb olmamalı və Fransa ordusunun müdafiə qabiliyyətinə xələl gətirməməlidir”. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Niderlanda səfəri zamanı bəyan edib.

Prezident qırıcı təyyarələrin Ukraynaya tədarükünün mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Əslində heç nə qadağan olunmayıb”. O, əlavə edib ki, Fransa Ukraynaya lazımi dəstəyi qətiyyətli şəkildə göstərməyə hazırdır.

Qırıcı təyyarələrin göndərilmə şərtlərini sadalayan Makron bildirib ki, bu silahlar Rusiya ərazisinə zərbələr endirmək üçün deyil, Ukraynanın müqavimət göstərmək səylərinə kömək etmək məqsədilə göndərilə bilər.

Xatırladaq ki, yanvarın əvvəlində “Politico” nəşri öz mənbələrinə istinadən xəbər vermişdi ki, Qərb ölkələrinin nümayəndələri Ukraynaya qırıcı təyyarələrin ötürülməsi imkanları ilə bağlı daxili müzakirələr aparırlar.

 

AP-DƏN 10-CU SANKSİYALAR PAKETİNİN DƏRHAL QƏBUL EDİLMƏSİNƏ ÇAĞIRIŞ

Avropa Parlamentinin (AP) deputatları fevralın 2-də Brüsseldə keçiriləcək plenar iclasda sayca 10-cu anti-Rusiya məhdudiyyətlər paketinin qəbul edilməsinə çağırış ediblər. Bu barədə “Report” agentliyi AP-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Avropa Parlamenti Avropa İttifaqı ölkələrini ən qısa zamanda Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə çağırır”, - deyə açıqlamada qeyd olunur.

Bununla yanaşı, Avropa Parlamentində iqtisadi və şəxsi məhdudiyyətlər də daxil olmaqla növbəti qadağalarla bağlı təşəbbüslərin vaxtında verilməsi istənilib.

Eyni zamanda, bir sıra AP deputatının fikrincə, Rusiyanın “Lukoyl” və “Rosatom” şirkətlərinə qarşı sanksiyaların tətbiqini işləyib hazırlamaq lazımdır. Parlamentarilər Rusiyadan almazların birbaşa və dolayı yolla idxalını, alınmasını və daşınmasını məhdudlaşdırmağı təklif edirlər.

 

“APPLE” GÜN ƏRZİNDƏ TAXILA BİLƏN “AĞILLI” EYNƏKLƏR HAZIRLAYACAQ

2023-cü ildə “Apple” şirkətinin “ağıllı” eynəklərinin ilk nəslini təqdim edəcəyi gözlənilir. “Sputnik” informasiya agetliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg”in tanınmış eksperti Mark Qurman məlumat verib.

Şirkət artırılmış reallıq (AR) eynəklərini hər yerdə və gün ərzində taxıla bilən hala gətirməyə çalışır. Bunun sayəsində onlar təkcə smartfonu deyil, həm də noutbuku əvəz edə biləcəklər.

Ekspert qeyd edib ki, bu yanaşmanın tətbiqində əsas problem cihazın yüksək qiymətidir - şirkət bunun üçün 3000 dollar istəyəcək.

Qeyd edək ki, “Apple”, bazarda AR dəstinin mövcudluğunun ilk ilində qarşısına iddialı bir məqsəd qoyub. Şirkət 1 milyon yeni cihaz satmaq niyyətindədir ki, bu da yüksək qiymət və məhdud əhatə dairəsi nəzərə alınmaqla heç də asan məsələ deyil.

Xatırladaq ki, şirkətin smart eynəklərinin anonsu yayda, “WWDC 2023” konfransı çərçivəsində gözlənilir.

 

ALMANİYA RUSİYADAN MAYE QAZ İDXALINI MƏHDUDLAŞDIRMAQ İSTƏYİR

Almaniya hökuməti Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını məhdudlaşdırmaq istəyir. Bu, ölkənin xarici enerji təchizatından asılılığını azaltmaq üçün səyləri tamamlayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Eyni zamanda, qeyd edilir ki, federal hökumət şirkətlərə mümkün olduğu qədər Rusiyadan mayeləşdirilmiş təbii qazın alışını azaltmaq üçün müvafiq tədbirlər görülməsi ilə bağlı göstəriş verib.

Belə ki, Rusiyadan Avropaya qaz tədarükü Ukraynada müharibə başlayandan sonra tarixi minimuma düşüb. Çatışmazlığı kompensasiya etmək üçün dünyanın hər yerindən, o cümlədən Rusiyadan mayeləşdirilmiş təbii qaz alışı kəskin şəkildə artıb.

Yalnız Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına rəsmi qadağa qoyub. Lakin Fransa, Belçika, Niderland və İspaniya hazırda qitənin qaz idxalının təxminən 6 faizini təşkil edən Rusiya mayeləşdirilmiş təbii qazını qəbul etməkdə davam edir.

 

DÜNYANIN 65 FAİZ ƏKİN TORPAQLARINA MALİK QITƏDƏ ACLIQ HÖKM SÜRÜR

Dünyada aclıqdan əziyyət çəkən 828 milyon insanın 278 milyonu Afrikada yaşayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edir ki, Afrika İnkişaf Bankı tərəfindən müəyyən edilən bu rəqəm 2030-cu ildə 310 milyona yüksələ bilər. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, Afrika dünyanın hələ istifadə edilməyən əkin torpaqlarının 65 faizinə malikdir. Qitənin 2050-ci ilə qədər 9 milyard insanı qidalandırmaq üçün kifayət qədər əkin sahəsi olsa da, 100 milyon tondan çox ərzaq idxal edir.

2022-ci il Afrikada kənd təsərrüfatının vəziyyəti ilə bağlı hesabat bu sektorun iqlim dəyişikliyinin təsiri və qlobal böhranlara davamlılıq üçün hər il 257 milyard dollara ehtiyacı olduğunu ortaya qoyub.

Afrikada sahələrinə və münbit torpaqlara baxmayaraq, ərzaq probleminin səbəblərindən biri də müstəmləkə dövründən qalma vərdişlə eyni və tək məhsulun davamlı becərilməsidir.

Müstəmləkə dövlətlərinin müstəqillikdən əvvəl afrikalı fermerlərin öz ehtiyaclarına uyğun vahid istehsal tətbiq etmələri və bu vərdişin bu gün də davam etməsi qitənin kənd təsərrüfatı sahəsində inkişafına mane olur. Həmçinin sürətlə artan əhali, infrastruktur və kənd təsərrüfatına sərmayənin qoyulmaması Afrikada ərzaq problemini daha da dərinləşdirir.

 

NORVEÇ SƏRVƏT FONDUNUN ZƏRƏRİ 164 MİLYARD DOLLARI ÖTÜB

Dünyanın aparıcı dövlət fondlarından biri olan Norveç Sərvət Fondunun, Rusiya-Ukrayna müharibəsi və yüksək inflyasiyanın təsiri ilə 2022-ci ildə investisiya zərəri 1,637 trilyon Norveç kronu (164,4 milyard dollar) səviyyəsində olub. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, sözügedən zərər 2008-ci il maliyyə böhranından sonrakı dövrdə ən böyük itkidir.

Bildirilir ki, Norveç Sərvət Fondu 1990-cı ildən etibarən ölkənin neft və təbii qaz hasilatının gəlirliliyi ilə səhmlərə, istiqrazlara və daşınmaz əmlak bazarlarına sərmayə qoyur. Norveç hökuməti fondun gəlirlərinin çox az hissəsini istifadə edə bilər, qalan hissəsi isə gələcək nəsillər üçün saxlanılır.

Məlumata görə, fondun Norveçdən kənarda 70 ölkədə və 9338-dən çox şirkətdə investisiyaları var və dünya birjalarında səhmlərin 1,3 faizinə sahibdir. Fond son illər bərpa olunan enerji layihələrinə böyük sərmayələr yatırır.

Qeyd edilir ki, bu il yanvarın 1-nə olan göstəricilərə əsasən Norveç Sərvət Fondunun bazar dəyəri 12,429 trilyon Norveç kronu (1,24 trilyon dollar) təşkil edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.