MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Heyvanların dilini anlamaq mümkün olacaq

Artıq elə bir dövrdə yaşayırıq ki, "Bir qalanın sirri"  filmindəki Elşən obrazı  kimi bitkilərin, heyvanların "dilini" başa düşmək üçün qalaq-qalaq kitablar oxumağımıza gərək yoxdur. Bir zamanlar yalnız nağıllarda oxuduğumuz və ya fantastik kinolarda gördüyümüz səhnələr bu gün artıq reallığa çevrilir. Təsəvvür edin ki, çox yaxında heyvanların dilini belə başa düşə bilərik. Belə ki, elm adamları heyvanlarla ünsiyyət qurmaq kimi çoxdankı arzumuzu nəhayət reallaşdırmaq üzrədirlər.

Süni intellekt və maşın öyrənmənin köməyindən istifadə edən elm adamları, heyvanların  nə söylədiklərini başa düşə bilmək üçün onların nitqini tərcümə etməyə cəhd ediblər.  Earth Species Project (ESP) adlı qeyri-kommersiya təşkilatı heyvanlarla əlaqə yaratmaq məqsədilə yol xəritəsi hazırlayıb. "Biz süni intellekt, maşın öyrənmə modelləri kimi ən son  texnologiyaların  təbiətdəki digər canlılarla əlaqə yarada bilmək  potensialına  malik olduğuna inanırıq", - təşkilatın  bloq yazısında  qeyd edilib.

ESP-nin həmtəsisçisi və prezidenti Aza Raskin bu texnologiyanın  yalnız ev heyvanları ilə məhdudlaşmayacağını, mümkün olduğu qədər digər  heyvan növlərini də əhatə edəcəyini bildirib. O, həmçinin araşdırmalar zamanı təbiətə zərər verməmək üçün  etik davranış  qaydalarına riayət ediləcəyini də  vurğulayıb.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Yalan danışmağın səbəbi bu imiş...

Həyatda elə bir insan tapılmaz ki, yalan danışmamış olsun. Demək olar ki, hamı gün ərzində ən azı bir-iki  dəfə də olsa  kiçik yalan danışır. Lakin elələri var məcbur qaldığı üçün yalan danışır, elələri də var ki, bu onlarda artıq bir vərdiş halına çevrilib.

Mütəxəssislər uzun zamandır ki, insanların daim yalan danışmalarının səbəbini aydınlaşdırmağa çalışıblar. Müxtəlif araşdırmalar, sosial sorğulardan sonra məlum olub ki, yalanı xəstəlik səviyyəsində olan insanların beynində müxtəlif dəyişikliklər baş verir.

Cənubi Kaliforniya Universitetinin alimləri tərəfindən 49 könüllü üzərində aparılan araşdırma zamanı məlum olub ki, yalançıların beynində ağ maddə digərlərindən 25 faiz daha çoxdur. Halbuki, yalançılarda boz maddə 14 faiz daha az müəyyən edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, beynində ağ maddəsi çox olan insanlar daha yaxşı yalan danışa bilir.

Əslində, yalan danışmaq çox çətin bir "peşədir". Çünki  insan yalan danışarkən  real hisslərini gizlətmək bacarığına sahib olmalıdır. Yalançılıq xəstəliyi mitomaniya adlanır. Mitomanların öz həyat fəlsəfəsi var, yəni, onlar öz dünyalarında təyin etdikləri qaydalara görə xoşbəxtdirlər. Belə insanlar real həyatda xoşbəxt ola bilmədikləri üçün xəyallar üzərində qurulmuş bir dünyada yaşayırlar. Xəyallar üzərində qurulmuş dünyalarının təməlində isə sevgi və xoşbəxtlik dolu bir həyat var. Onların evlilikləri belə yalan üzərində qurulur. Bəzən mitomanların həyat yoldaşları da onlara bənzəməyə, yalan danışmağa başlayırlar.

Mitomanlara xəstə kimi baxmaq, onları təcrid etmək olmaz. Çox zaman onlar heç xəstə olduqlarını da bilmirlər. Belə vəziyyətdə ən yaxşı addım xəstəyə xəstəlik haqqında məlumat vermək və onu düzgün mütəxəssisə yönləndirməkdir. Onları öz dünyaları ilə baş-başa buraxmaq bir insan itirmək deməkdir. Çünki zaman keçdikcə, uydurduqları dünyaya o qədər aludə olurlar ki, real həyatla bağlantıları qopur. Sonradan elə insanları real həyata qaytarmaq çətin olur...

 

Bəşəriyyətin mənşəyi bu ölkədən başlayır

Tədqiqatçılar indiyə qədər olan ən böyük nəsil ağacını yaratmaq üçün insan genomlarının  xəritəsini tərtib ediblər. Nəticədə insanlığın mənşəyinin Afrikadan başlandığı ortaya çıxıb.

Əcdadlarımızın ilk olaraq harada məskən salması bəşəriyyətin tarixi ilə bağlı hələ də maraq doğuran mövzulardan biri hesab edilir. Muhalif.com.tr veb saytının yaydığı xəbərə görə, Oksford Universitetinin tədqiqatçıları tərəfindən aparılan  yeni araşdırma məhz bu  mövzuya işıq salıb.  İnsanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxaran alimlər səkkiz müxtəlif məlumat bazasından istifadə edərək  müasir və qədim  genomlar haqqında olan bilgiləri birləşdirməklə nəhəng bir ailə ağacı yaradıblar.

"Biz əcdadlarımızın genomlarını yenidən qurmağa çalışdıq. Topladığımız bilgilərdən istifadə edərək insan genomlarının böyük bir şəbəkəsini yaratdıq və nəhayət əcdadlarımızın nə vaxt, harada yaşadığını təxmin edə bildik. Müəyyən etdik ki, ən qədim əcdadlarımız müasir Sudanda  məskunlaşıblar.  Hesablamalar göstərdi ki, ilk insanlar 1 milyon il əvvəl bu ərazidə yaşayıblar", - deyə tədqiqatın aparıcı müəllifi dr. Enthony Wilder Wohns qeyd edib.

Tədqiqatçılar 215 populyasiyadan 3 min 609 fərdi genom ardıcıllığı və təxminən min ildən yüz min ilə qədər  dəyişən nümunələrdən istifadə edərək nəticədə 27 milyon əcdaddan törəyən böyük bir şəbəkə ortaya çıxarıblar.

Alimlər yeni məlumatların, həmçinin tibbi  tədqiqatlarda da faydalı ola biləcəyini söyləyirlər.

 

Qoxu hissi ilə ölümün nə əlaqəsi var?

Ölümün bizləri nə zaman, harada yaxalayacağını heç kim bilmir. Bununla belə, onun ən başlıca səbəblərindən biri qocalıqdır. Qocalıqdan qaynaqlanan xəstəlikləri tədqiq edən  amerikalı alimlər,  qoxu itkisi ilə ölüm arasındakı əlaqəni araşdırıblar. Nəticədə  qoxu hissini itirmiş qocaların ölümünün  yaxınlaşdığı məlum olub.

Amerikanın Kolumbiya Universitetinin alimləri 65 yaşlı 1169 nəfərə təxminən 40 növ maddə qoxuladıblar. Daha sonra iştirakçılardan qoxuladıqlarının nə olduğunu qeyd etmələri istənilib. Təcrübədə iştirak edən şəxslərin həyat tərzi və səhhətləri ilə də bağlı bilgilər toplanılıb. Qoxuları seçə bilməyən 349 nəfərin hər hansı bir xəstəlikdən, ya da qəza nəticəsində 4 il ərzində öldüyü təsbit edilib. Araşdırmaya imza atan professor Davangere Devanand ölüm riskinin qoxu qabiliyyətinə təsir etdiyini deyib. Alimlər qoxu hissinin azalmasının diaqnoz qoyulmamış ağır bir xəstəliyin xəbərçisi ola biləcəyini də deyirlər. Qoxu alma qabiliyyəti azalan şəxslər xarab olmuş yeməklərdən, qazdan boğulmadan və yanğından ölə bilərlər.

Araşdırmanın nəticələri "Annals of Neurology" jurnalında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".