DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ PREZİDENTİ POLŞAYA SƏFƏRI ZAMANI ZELENSKİ İLƏ GÖRÜŞƏ BİLƏR

ABŞ prezidenti Cozef Bayden Polşaya planlaşdırılan səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər. “Report” xəbər verir ki, bu barədə Polşanın “Dziennik Gazeta Prawna” nəşri məlumat yayıb.

Eyni zamanda, qəzetin yazdığına görə, görüş fevralın sonunda Varşava və ya Rzeşov şəhərində baş tuta bilər. Nəşr bildirir ki, rəsmi Kiyev bu görüşdən geniş diplomatik planı həyata keçirmək üçün istifadə etməyi planlaşdırır.

Həmçinin görüş zamanı Ukraynaya təhlükəsizlik təminatının verilməsi və əsirlərin dəyişdirilməsi məsələlərinin gündəmə gətirilməsi planlaşdırılır.

Qeyd edilir ki, Cozef Baydenin Polşaya səfərinin dəqiq tarixi hələlik məlum deyil.

 

NATO BAŞ KATIBININ AÇIQLAMALARI ÇİNDƏ NARAHATLIĞA SƏBƏB OLUB

NATO Avropanın təhlükəsizliyinin qorunmasında oynadığı rolu düşünməli və Asiya-Sakit okean regionunun geosiyasi mübarizə meydanı olmadığını xatırlamalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin keçirdiyi brifinqdə bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşündən sonra birgə mətbuat konfransı zamanı qeyd edib ki, bu gün Avropada baş verənlər sabah Asiya regionunda da baş verə bilər. Stoltenberq həmçinin vurğulayıb ki, Avropa regionunun və Hind-Sakit okean regionunun təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır.

“Çin dəfələrlə NATO ilə bağlı məsələlərdə mövqeyini açıqlayıb. NATO bir tərəfdən regional müdafiə alyansı kimi mövqeyinin dəyişmədiyini iddia edir, digər tərəfdən alyans daim ənənəvi müdafiə zonaları və ərazilərindən kənara çıxır, davamlı olaraq Asiya-Sakit okean regionu ölkələri ilə hərbi təmaslarını və təhlükəsizlik əlaqələrini gücləndirərək Çinə təhlükəsini artırır”, - deyə Mao Nin əlavə edib.

 

BÖYÜK BRITANIYANIN ATOM SUALTI QAYIĞININ SUPERYAPIŞQANLA TƏMIR OLUNDUĞU ÜZƏ ÇIXIB

Böyük Britaniya mətbuatının məlumatına görə, 88 milyon funt-sterlinq dəyərində olan atom  sualtı qayığının zədələnmiş hissələri dəyişdirilməyib, əksinə super yapışqanla yapışdırılıb. “Teleqraf.com”un xəbərinə görə, ölkənin müdafiə naziri Ben Uolles atom sualtı qayığında təftiş zamanı uğursuz təmirə dair dəlillər tapıldığını açıqladıqdan sonra təcili təhqiqat başladılıb.

Məlumata əsasən, 2015-ci ildən təmir işlərinə başlanılan və “Trident” qitələrarası ballistik raketlərini daşıyan “HMS Vanguard” sualtı qayığının nüvə reaktoru kamerasında araşdırma aparılıb. Bildirilir ki, təmir komandasının boltları dəyişdirmək əvəzinə, gəminin nüvə reaktorunda soyuducu boruları bir yerdə saxlamaq üçün istifadə edilən bir neçə qırıq boltu superyapışqanla yapışdırdığı iddia edilib.

“The Sun” nəşrinin verdiyi xəbərə görə, reaktorun əriməsinə mane olan soyuducu borulardakı ən azı yeddi bolt bu şəkildə təmir olunub.

Böyük fəlakətə yol aça biləcək təmir bu ayın əvvəlində reaktorun maksimum gücdə planlaşdırılan işə salınmasından əvvəl adi yoxlama zamanı aşkar edilib. Baş verənlər təhlükəsizlik və müdafiə qurumlarını qəzəbləndirib. “The Sun” yazır ki, Ben Uolles təcili toplantı tələb edib, istintaq və gələcək işlərlə bağlı təminat istəyib.

 

İSVEÇRƏ NÖVBƏTİ QIŞ ÜÇÜN QAZ EHTİYATI YARATMAQ NİYYƏTİNDƏDİR

İsveçrə qaz defisiti ehtimalına qarşı növbəti qış üçün “mavi yanacaq” ehtiyatı yaratmaq qərarına gəlib. “Trend” agentliyinin xəbərinə görə, İsveçrə Federal Şurası ötənilki qətnaməsinin müddətini bir il uzadıb. Bildirilir ki, ölkənin builki qaz ehtiyatları məhz bu qətnaməyə əsasən hazırlanmışdı.

Ölkə hakimiyyətinin məlumatına görə, “2023-2024-cü illərin qış mövsümündə mümkün qaz defisiti ehtimalına qarşı yenidən qaz ehtiyatı yaratmaq lazım olacaq”.

Hakimiyyət İsveçrənin demək olar ki, istehlak etdiyi bütün qazı idxal etdiyini xatırladaraq öz ərazisində “mavi yanacağın” mövsümi rezervuarlarının olmadığını qeyd edib.

Məlumata əsasən, ölkə xaricindəki rezervuarlardaolan təbii qazın həcmi İsveçrənin illik qaz istehlakının təqribən 15 faizinə uyğundur.

 

ÖLKƏLƏR NEFTIN PULUNU DOLLARLA ÖDƏMƏSƏ ABŞ-DA NƏ BAŞ VERƏCƏK?

Dünyanın aparıcı iqtisadiyyatlarına malik ölkələrin neftin qiymətini dollarla ödəməkdən imtina etməsi ABŞ-da fəlakətli hadisələrə səbəb olacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu fikri ABŞ prezidenti Ronald Reyqan zamanında maliyyə nazirinin köməkçisi olmuş Pol Kreyq Roberts bildirib.

“Neft dollarının sonu ABŞ-da inflyasiyaya, dolların dəyərinə və faiz dərəcələrinə təsir edəcək ciddi mənfi nəticələrə gətirib çıxaracaq”, - deyə Ağ Evin keçmiş əməkdaşının məqaləsində qeyd edilir.

Müəllif izah edib ki, dolların ehtiyat valyuta kimi mövqeyini aktivləri ələ keçirməyə və sanksiyalar tətbiq etməyə yönəlmiş siyasət yürüdən Vaşinqtonun özü sarsıdıb. Nəticədə, bir çox dövlətlər ABŞ-dan gələn potensial təhlükələri və cəzaları minimuma endirmək üçün beynəlxalq ticarət məqsədi ilə öz milli valyutalarından istifadə etməyə çalışırlar.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərb müstəmləkəçilərindən qorunan yeni təchizat zəncirləri qurur. Onun sözlərinə görə, Rusiya Federasiyası getdikcə daha çox milli valyutalarda hesablaşmalara keçir.

 

RUSİYA ƏHALİSİNİN SAYI SON BIR ILDƏ YARIM MİLYON NƏFƏRDƏN ÇOX AZALIB

Rusiya əhalisinin sayı 2022-ci il yanvarın 1-i ilə müqayisədə  555332 nəfər azalaraq 146,42 milyon nəfər təşkil edib. “Report” xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.

Bununla yanaşı, açıqlamaya görə, hesabatda ilhaq olunan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin əhalisinin sayı nəzərə alınmayıb.

Eyni zamanda, Statistika Komitəsinin metodologiyasında qeyd edilib ki, əhalinin sayı son siyahıyaalınmanın nəticələrinə əsasən hesablanır. Ona hər il ərazidə doğulanların, gələnlərin sayı əlavə olunur, ölənlərin və ərazidən gedənlərin sayı çıxılır.

Məlumata əsasən, bu statistik göstəricidə Rusiya ərazisinə köçməyə məcbur olmuş Ukrayna vətəndaşları, (o cümlədən döyüş bölgəsindən evakuasiya etmək üçün başqa imkanları olmayan) döyüş zamanı həlak olmuş ölkə vətəndaşlarının sayı nəzərə alınıb.

 

SOMALİDƏ PREZİDENT SARAYI MİNAATANLARDAN ATƏŞƏ TUTULUB

Cibuti, Keniya, Somali və Efiopiya liderlərinin “Əş-Şəbab” terror qruplaşmasına qarşı mübarizə üzrə sammitinin başlamasına az qalmış Somali prezidentinin paytaxt Moqadişodakı iqamətgahı minaatanlardan atəşə tutulub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Bildirilir ki, prezident sarayının darvazalarına bir neçə mərmi düşüb, mümkün qurbanlar barədə məlumat yoxdur. Atəş polis və təhlükəsizlik qüvvələrinin Moqadişoda bütün əsas yolları bağlamasından bir qədər əvvəl baş verib.

Məlumata görə, Somalinin paytaxtının beynəlxalq hava limanı da uçuşlar üçün bağlanıb. Aeroport yalnız rəsmi hökumət nümayəndə heyətlərinin olduğu təyyarələri qəbul edir.

Portalın yazdığına görə, Somali rəhbərliyi sammitdə ölkənin cənubunda “Əş-Şəbab” terrorçularını əsas şəhər və qəsəbələrdən çıxmağa məcbur etmək üzrə olan Somali ordusunun davam edən hücumunda iştirak etmək üçün Cibuti, Keniya və Efiopiyadan öz qoşunlarını göndərməklə bağlı razılıq almağa çalışacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.