Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Vaterlo döyüşü"nü oxuculara təqdim edirik.

"Respublika".

 

 

Vaterlo döyüşü (Napoleon Bonapartın Avropanı idarə etmək arzusunun sonu)

Bəşər tarixinin gedişatında həlledici rol oynayan hadisələrdən biri də Fransa ordusu ilə İngiltərə və Prussiya arasında gedən Vaterlo döyüşüdür.

18 iyun 1815-ci ildə Niderland Birləşmiş Krallığının ərazisində (müasir Belçika) baş vermiş bu döyüş nəticəsində Napoleon Bonapartın başçılıq etdiyi fransız ordusu Lord Vellinqtonun rəhbərlik etdiyi Britaniya və müttəfiq qoşunları, həmçinin Gebhard Blüxerin Prussiya ordusundan ibarət Yeddinci koalisiya ordularına məğlub olmuşdur. Uzun illər davam edən bu şiddətli müharibə Avropa tarixində Napoleonun Avropanın çox hissəsini idarə etmək ambisiyasına son qoyan epik dönüş nöqtəsi kimi qiymətləndirilir. Napoleon müharibələri çox vaxt Avropada üstünlük uğrunda mübarizə aparan Avropa qüvvələrinin toqquşması hesab olunur. Bu, bir çox baxımdan belə olsa da, müharibələr, eyni zamanda 1914-cü ildən əvvəl bir növ Dünya müharibəsinin nümunəsi idi.

Vaterlo, Makedoniyalı İsgəndər, Yuli Sezar, Hannibal kimi qəhrəmanlardan daha çox döyüş görmüş və qalib gəlmiş, Papanın tacını əlindən alıb özü geyinmiş, İtaliya kralı və general rütbələri ilə imperatorluq tacına sahib olmuş Napoleonun son döyüşü idi. Dünyanın taleyini həll edən, tarixə istiqamət verən bu döyüşdə Napoleon ordusunun necə məğlub olması hələ də mübahisə obyektlərindən biri olaraq qalmaqdadır.

"Vaterlo müharibə deyil, dünyanın dəyişməsi deməkdir", - dahi fransız yazıçısı Viktor Hüqonun da dediyi kimi, bu döyüş adi bir müharibə deyil, dünyanın müqəddəratını təyin edən hadisələrdən biridir.

Vaterlo döyüşü Elba sürgünündən qaçdıqdan sonra yenidən taxta çıxan Napoleonun məğlub olması ilə nəticələndi. Bu müharibə dünya tarixinin ən güclü liderlərindən biri sayılan Napoleonun hakimiyyətinin sona çatmasına səbəb oldu. Tarixçilər bir şeyə çox əmindirlər ki, əgər Napoleon Vaterloda qələbə qazansaydı, dünya tarixi indi tamamilə fərqli olardı.

Vaterlo Napoleon Bonapartın sonuncu döyüşü olmaqla yanaşı, həm də çox təsiredici döyüşlərindən olub. Bu döyüşdən sonra Avropa qitəsində Fransanın hakimiyyəti sona çatmış, Avropa üzərində güc balansı, siyasi hüdudlar yenidən formalaşmağa başlamış və dünyanın düzəni dəyişmişdi.

Bütün bunlarla yanaşı, sözügedən hadisə ilə bir növ Avropa Birliyi və NATO-nun təməlləri də qoyulmuşdu. Avropada ortaq hərəkət etmə, düşmənlərə qarşı birgə mübarizə aparmaq fikri bu döyüşdə meydana gəlmiş və bunun nəticəsi olaraq ötənilki yüzillikdə Avropa Birliyi və NATO yaranmışdı.

Napoleon Bonapartın komandanlığı altında olan Fransa ordusuna qarşı İngiltərənin Vellinqton hersoqu ilə Rusiya və Belarus tərəfindən olan General Blüxerin müttəfiqliyi ilə baş tutan Vaterlo döyüşü Belçikanın paytaxtı Brüsselin 13 kilometr cənubunda yerləşən ərazidə baş vermişdi. Döyüşdə Fransanın məğlub olması ilə Napoleon dövrü sona çatmışdı.

Napoleon döyüşdə dramatik məğlubiyyət yaşayaraq Elba adasına sürgün olunmuşdu. Ancaq kral XVIII Luinin gözdən düşməsi, Fransada davam edən iqtisadi-siyasi narazılıq Napoleonun iqtidara gedən yolunu açmış və o, 1815-ci ildə Fransaya qayıdaraq hakimiyyəti öz əlinə almışdı. Müttəfiqləri onlara qan udduran Napoleonu bir daha hakimiyyətdə görəndə ona qarşı daha bir döyüş elan etdilər. Napoleon heç vaxt Avropanı fəth etmək arzusundan vaz keçməmişdi. Onun məqsədi Fransanı Avropa imperiyası etmək idi. Vaterlo döyüşünün baş verməsinin elə əsas səbəblərindən biri də bu idi.

İngiltərə, Avstriya, Belarus və Rusiya arasında yeddinci koalisiya qurulmuşdu. Velinqton hersoqunun komandanlığı altında müttəfiq ordusunda ingilis, belçikalı, alman və hollandiyalı əsgərlər xidmət edirdi. Napoleon ingilis ordusunu düşmənlərin ən güclüsü və dəyişilməzi adlandırırdı.

Vellinqton hersoqu olan Artur fransızların heç vaxt məğlub edə bilmədiyi koalisiya generalı idi. Belarus ordusunun komandanı olan Blüxer 72 yaşında Napoleona qarşı döyüşən və çox sayda qalibiyyəti olan komandanlardan biri idi. Yaşı və təcrübəsinə görə Napoleondan ən az çəkinən insanlardan idi. Napoleon Fransaya qayıdarkən onun beynində belə bir sual var idi ki, müttəfiqləri necə məğlub edə bilərəm. Parisə nəzarəti ələ alan Napoleon Brüsselə yenidən hücum barədə düşünürdü. O, Belçikaya hücumu ilə ittifaq qüvvələrini məğlub etməyi planlaşdırırdı. Napoleon aldadıcı taktikalarla hücuma keçmiş, ancaq müttəfiqlərə vaxtında gələn yardım sayəsində məğlub olmuşdu. Əslində, Napoleonun məğlub olmasının səbəbi bir neçə məqamlarla əlaqələndirilir...

Fransız ordusu yaşlılardan, kəndlilərdən və məcburi silah altına alınmış əsgərlərdən ibarət idi. Napoleon silahdan istifadə etmək əvəzinə düşmənə qarşı sürpriz hücum planları təşkil etməyi üstün tutmuşdu. Ancaq bu plan bir işə yaramadı. Döyüş ərazisinin palçıqlı olması at arabalarının irəliləməsinə və topçuların ləngiməsinə səbəb olmuşdu. Napoleonun məğlub olmasına səbəb kimi onun babasil xəstəliyindən əziyyət çəkməsi və bununla da sürətli qərar verə bilməməsi göstərilirdi.

Napoleonun general-marşal Neyin zamanında hücuma keçməməsi onun çatışmayan cəhəti hesab olunurdu. Döyüş ərazisində xəbərlərin gecikməsi və elçilərin kifayət qədər yaxşı fəaliyyət göstərməməsinin nəticəsi olaraq döyüşdə məğlub olmuşdular.

1815-ci il 16 iyunda iki döyüş aparılması və bütün əsas qüvvələrin təxminən eyni ərazidə olması ilə fərz etmək olardı ki, son qarşıdurma ayın 17-si baş tutacaq, lakin belə olmadı. Birincisi, Napoleonun sağ əli olan marşal Ney birinci döyüşün ikinci mərhələsi üçün döyüş gedən yerə qayıtdı. Sadəcə ora çatanda Vellinqtonun irəlilədiyini gördü. Bundan sonra isə müttəfiq mövqelərin tapılması lazım idi. Ayın 17-si Britaniya və Fransa qüvvələri arasında qısa toqquşma olsa da, leysan yağış başladığına görə davam etmədi.

Bir il əvvəl Vellinqton bu regiona gəlmiş və təpəliyin döyüş üçün mükəmməl müdafiə mövqeyi olacağını görmüşdü. Artıq vaxt idi. O, qüvvələrini həm təpəlik boyu, həm də təpəliyin arxasında yerləşdirdi.

Vellinqton gecəni Vaterloda yerləşən bir mehmanxanada Prussiya lideri Blükerdən səbirsizliklə cavab gözləyərək keçirdi. Nəhayət, Blükerdən gecə saat 2-də xəbər gəldi. Bundan sonra Vellinqton zabitlərlə müzakirələr aparmağa başladı. Blükerdən xəbər ona görə gecikdi ki, o, feld-marşal Qneyzenau ilə qüvvələrin yerləşdirilməsi ilə bağlı razılığa gələ bilmirdi. Blüker bilirdi ki, Napoleona qalib gəlməyin ən yaxşı yolu qoşunların birləşdirilməsidir, Qneyzenau isə britaniyalılara etibar etmirdi.

Napoleona gəldikdə isə təəccüblüdür ki, o, qərarsız qaldı. General Qruşi ümid etdiyi qədər sürətlə irəliləyə bilmirdi. O, gecəni bir fermada keçirir və səhər zabitlərlə yaxşı bir səhər yeməyi yeyir. Zabitlər Napoleonun döyüş meydanında üzləşməli olacağı yeganə general Vellinqtonla bağlı narahat olduqlarını bildirdikdə o deyir: "Vellinqton sizin hamınıza qalib gəlib deyə, elə bilirsiniz ki, o, yaxşı generaldır. Mən isə sizə deyirəm ki, bu, belə deyil, ingilislərin qoşunları da güclü deyil. Bu iş səhər yeməyi yemək qədər asan olacaq".

18 iyunun səhəri Napoleon əvvəlki günün leysanından sonra qüvvələrinin mövqeyini gücləndirmək üçün fürsət axtardığından döyüşün başlamasını gecikdirir. O düşünürdü ki, bu, artilleriyanın mövqeyinin dəyişdirilməsini asanlaşdıracaq və süvarilərin hərəkəti üçün daha yaxşı şərait yaradacaq. O, Neyə əməliyyata başlama əmri verir və özü də ön cəbhədən bir qədər aralıda oturub izləyir. Belə görünür ki, Napoleonun babasil xəstəliyi yenidən ağırlaşdığı üçün o, bütün günü yəhər üstündə qala bilmir. Bununla da Napoleon bir daha hakimiyyəti əldən verir.

Beləliklə, Napoleon müharibələri tarix boyu bir çox faktlarla, asanlıqla izah edilə bilməyəcək məsələlərlə dolu olmuşdur. Ancaq Misirdən Rusiyaya və Argentinadan Belçikaya qədər siyasi və mədəni landşaftı formalaşdıran bu müharibələrin qoyduğu irs bütün Avropada və Avropadan kənarda da səs saldı.

Avropa ölkələri Vyanada toplaşaraq qitəni Napoleonun hücumundan öncəki vəziyyətə və Fransanın rəhbərliyinə kralı gətirmək üçün konfederasiya yaratdılar. Bu konfederasiya iki nəsil keçmədən böyük imperiya olacaq və Napoleonun imperiyasının yerini tutacaqdı. Fransanı məğlub edən İngiltərə döyüşdən ən karlı çıxan və qazanan tərəf olmuşdu. O dövr üçün İngiltərə dünyanın vahid super gücü olmuş və bu, əsrin sonuna qədər davam etmişdi. Fransa inqilabının əsas konsepsiyası olan azadlıq, bərabərlik və qardaşlıq bir əsrdən çox öz əhəmiyyətini davam etdirmişdi. Vaterlo döyüşü Avropa Birliyi və NATO kimi təşkilatların yaranmasına təsir etmiş və Avropa tarixini kökündən dəyişmişdi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".