DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Orxan Kamal

"Yad qızı", "Xanımın çiftliyi", "Murtaza" adlı məşhur əsərləri ilə oxucularının qəlblərini fəth edən, Türkiyənin tanınmış yazıçısı Orxan Kamal... İnsanlar onu bəlkə də öz ad-soyadı ilə tanımır. Onun əsl adı Məhmət Raşit Öyütçüdür. Ancaq hamı onu Orxan Kamal kimi tanıyır. Həyatı boyunca keçirdiyi əzablı günlər, özünün və atasının həbs həyatı, dəfələrlə başqa yerlərə köçmək, fəhlə işləmək, 4 övlad böyütmək, Nazim Hikmətlə eyni həbsxanada qalmaq və s... Bəlkə də bütün bunlar idi Orxan Kamalın daha da güclü yazıçı olmasına səbəb...

Müasir türk ədəbiyyatının, türk ədəbi dilinin formalaşmasında əvəzsiz rol oynayan Orxan Kamal Adanada dünyaya göz açıb. Yazıçının atası topçu leytenantı olan vəkil Əbdülqadir Kəmali bəy, anası isə iki ilə qədər ibtidai sinif müəllimliyi etmiş adanalı Əzim xanımdır. Uşaqlıq illərini Adanada keçirən yazıçı Birinci Dünya müharibəsindən sonra şəhərin fransızlar tərəfindən işğala uğraması səbəbindən ailəsi ilə birgə Niğdeyə, daha sonra isə Konyaya köçüb. Atası bir müddət Kastamonudan Türkiyə Böyük Millət Məclisinə seçilən millət vəkili olsa da, sonralar qəzetçiliklə məşğul olub. Bir müddət sonra isə qəzet bağlanıb və yazıçının atası 11 ay həbsdə qalıb.

Türkiyə və Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində əsərləri ən çox oxunan Orxan Kamal roman, hekayə, pyes, şeir kimi fərqli janrlarda əsərlərə imza atsa da, daha çox romanları ilə tanınmışdır.

Orxan Kamal hərbi xidmət dövründə "Maksim Qorki və Nazim Hikmətin kitablarını oxumaq" və "Xarici rejimlər lehinə üsyana səsləmə"də günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. İlk şeirini də elə həbsxanada yazan yazıçı orada Nazim Hikmətlə tanış olub. 3 il həbsxanada Nazim Hikmətlə dostluq edən Orxan Kamal ondan fransız dili, fəlsəfə və siyasət dərsləri alıb. Məhz Nazim Hikmətin tövsiyəsi ilə sonralar şeir yerinə roman və hekayələrə daha çox üstünlük verib.

Bir müddət Dövlət Dəmiryolu İdarəsində fəhləliklə məşğul olan yazıçı həbsə girdiyinə görə yarımçıq qalan 35 günlük hərbi xidməti bitirmək üçün yenidən əsgərliyə çağırılıb. Əsgərlikdən qayıtdıqdan sonra isə tərəvəz satışı ilə məşğul olub. Daha sonra "Vərəm müharibəsi" dərnəyində məmur kimi fəaliyyətə başlayıb. Amma heç bir işdə uzun müddət işləməyib. Yeri gəlmişkən qeyd edək ki, yazıçı bir dəfə də dostları ilə birlikdə həbs edilsə də, əməllərində cinayət faktı olmadığı üçün bir ay sonra azad edilib.

Gənc ikən işlədiyi fabrikdə Nuriyə adlı fəhlə xanımla ailə həyatı quran yazıçının bu evlilikdən dörd övladı dünyaya gəlib.

Nənəsinin əsil-kökünün olduğu yerləri gəzmək və qeydlər götürərək "93-dən bu yana" adlı ailə hekayəsini yazmaq məqsədilə Sofiyaya gedən yazıçı bu istəyini reallaşdıra bilməyib. Belə ki, səfər ərəfəsində beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilən Orxan Kamal 55 yaşında dünyasını dəyişib. Yazıçının cənazəsi xüsusi avtomobil karvanı ilə Türkiyəyə gətirilərək Zincirlikuyu Məzarlığında dəfn edilib.

 

Jan-Pol Sartr

Onun ölüm xəbərini qəzetlər "Sartr öldü! İmza - Tanrı" başlığıyla dərc etmişdilər. XX əsrin ən böyük filosofu olaraq tanınan Jan-Pol Sartr həmçinin yazıçı, dramaturq, ekzistensialist və ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. Yaradıcılığı ilə yanaşı, qeyri-adi fobiyaları ilə də yaddaqalan bu filosof həyatı boyu qadınlar tərəfindən suda boğulmaq qorxusu ilə yaşayıb. Həyatının son illərində tamamilə kor olan Sartr həyat yoldaşı Bavuarla söhbətlərində etiraf edib ki, qadınlarla arasında müəyyən məsafə saxlamasının əsas səbəbi onlar tərəfindən atılmaq və aldadılmaq qorxusudur. Feminizmin banilərindən olan Bavuarla sevgili olmasına baxmayaraq, o, həyatı boyunca qadınlarla əşya kimi rəftar edib. Olduqca çirkin olan Sartr gözəl bədən quruluşuna sahib olan həmcinslərinə kin bəsləyirdi...

Parisdə təminatlı və yaxşı ailədə, dəniz zabiti Jan-Batist Sartr və Ann-Marinin ailəsində doğulan filosof evin yeganə övladı olub. Məşhur filosof, həkim, musiqiçi, Nobel mükafatı laureatı olan Albert Şveyserin əmisi oğlu idi.

Pol cəmi 15 aylıq olanda atası tropik qızdırmadan ölmüşdü. O, sevgi mühitində ərkəsöyün böyüdülmüşdü. Pol gənc anası üçün uşaqdan çox, sanki oyuncaq idi, hətta oğlunun çarpayısını öz otağında qoymuşdu (o, yeniyetmə olanda da belə idi).

Jan-Pol Sartr ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, bundan imtina etmişdir. Çox qəribədir. Dünyanın nüfuzlu insanlarının ən böyük arzularından biri dünyanın mötəbər mükafatı - Nobel mükafatına layiq görülmək olub. Bu halda Sartrın imtina qərarı doğrudan da, qəribə görünür. Bu qəribəliyin səbəbi yəqin onun həyatda üzləşdiyi hansısa çətinliklərlə bağlı olub...

Jan Pol Sartrın bütün həyatı demək olar ki, çox böyük çətinliklər içində keçmişdir. O, vəfat etdikdə cənazəsinin arxasınca 50 min adam getmişdi, kitablarının arxasınca isə hələ də milyonlarla adam gedir. "Le-Monde" qəzetinin nekroloqunda yazılmışdı: "XX əsrin heç bir fransız intellektualı, heç bir Nobel mükafatçısı ictimai fikrə Sartr qədər dərin, uzunmüddətli və hərtərəfli təsir etməmişdir".

Sartr psixoloji problemlərinin olmasında sonralar ailəsini günahlandırırdı ki, onu ərköyün böyütməklə həyatını şikəst ediblər. Lakin əksər tədqiqatçılar hesab edirlər ki, gənc Jan Pola ən böyük zədəni ailəsi yox, təbiət vurub. Belə ki, bəstəboy, cılız, çirkin, seyrəksaçlı, bir gözü, demək olar ki, kor, ikinci isə çəp olan filosof zahiri görünüşünə görə çox əziyyət çəkib.

Həyatının son illərində qlaukoma xəstəliyi nəticəsində görmə qabiliyyətini demək olar ki, tam itirən Jan-Pol Sartr 74 yaşında xərçəng səbəbindən vəfat etmişdir.

 

Anri Matis

Fransız rəssamı, heykəltaraş, fovizm hərəkatının lideri Anri Matis... "Şlyapalı qadın", "Rəqs", "Qollarını qaldıran nökər" kimi məşhur əsərləri ilə yaddaşlarda qalan bu rəssamın özü də qeyd eləmişdi ki, rəsmlərini, sənətini özündən də çox sevir. Həyatı boyu depressiya içində yaşayan rəssamda şəkil çəkməmişdən qabaq kimisə boğmaq kimi dəli bir istək yaranırmış...

Şimali Fransada dünyaya göz açan Matisin atası həvəskar rəssam, anası isə taxıl ticarətçisi idi. Orta təbəqənin oğlu olan Matis uşaq ikən rəsmə maraq göstərməyinə baxmayaraq, ilk təhsilini atasının arzusu ilə Parisdə hüquq fakültəsində almışdır. Uğurla keçən təhsil illərindən sonra Sent Kventində bir vəkilin yanında köməkçi işləməyə başlamış, eyni zamanda rəssamlıq kurslarını da davam etmişdir.

Gənc yaşlarında keçirdiyi korbağırsaq (apendisit) əməliyyatından sonra o, rəsm çəkə bilmədiyi üçün uzun müddət yataqda qalaraq ruh düşkünlüyü yaşayıb. Həyatını rəsm çəkmək üzərində quran Matisin böyük arzusu xəstə yatağından qalxmaq və yenidən rəsmlə məşğul olmaq idi. Məhz elə bu səbəbdən sonralar rəssam vəkillik karyerasına son verərək tamamilə rəsmə yönəlmişdir.

Dörd il müddətində Ameli Parayre adlı qadınla qeyri-rəsmi yaşayan rəssamın bir qızı dünyaya gəldikdən sonra nəhayət, övladının anası ilə evlənməyə qərar vermişdir.

Depressiya və yuxusuzluqdan əziyyət çəkən Anri Matis bəzən yuxuda hönkürüb ağlayaraq öz səsinə ayılırdı. Belə bir ərəfədə onda heç bir səbəb olmadan kor qalmaq qorxusu yaranırdı. Bu səbəbdən də o, əgər bir gün gözləri tutularsa, küçədə musiqi ifa etməklə pul qazana bilsin deyə hətta skripkada ifa etməyi də öyrənmişdi.

Uzun müddət ürək-damar xəstəliklərindən əziyyət çəkən rəssam 85 yaşında infarktdan dünyasını dəyişmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".