DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-DAN RUSİYA-UKRAYNA MÜHARİBƏSİNİN TALEYİNİ DƏYİŞƏ BILƏCƏK ADDIM

ABŞ administrasiyası təxminən 2,2 milyard dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, bu paketə Ukraynaya daha uzaqmənzilli raketlərin göndərilməsi daxildir.

Bildirilir ki, Rusiyanın raket hücumlarından daha yaxşı müdafiə etmək üçün Qərb ölkələrinin Ukraynaya göndərdiyi bütün müxtəlif hava hücumundan müdafiə sistemlərini birləşdirəcək avadanlıqlar da ABŞ-ın hazırladığı paket çərçivəsində Ukraynaya çatdırılacaq.

Bununla yanaşı, yardım paketinə Pentaqonun mövcud ehtiyatlarından çıxarılacaq 425 milyon dollarlıq sursat və dəstək avadanlığı, eləcə də Ukrayna üçün yeni silahların alınması üçün istifadə edilən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü vasitəsilə 1,75 milyard dollar yeni maliyyə vəsaiti daxildir.

Qeyd edək lş, ABŞ Ukraynanın Rusiya ərazisini hədəfə ala biləcəyindən və müharibəyə cəlb olunacağından ehtiyat edərək, Ukraynaya uzaqmənzilli raket sistemləri göndərməkdə uzun müddət tərəddüd edib.

 

BİR QRUP SENATOR “F-16”LARIN TÜRKİYƏYƏ SATIŞINI TƏXİRƏ SALMAĞI TƏLƏB EDIR

Bir qrup ABŞ senatoru ölkə prezidenti Cozef Baydenə məktub ünvanlayıb və bu məktubda rəsmi Ankaranın İsveç və Finlandiyanın NATO üzvlüyünü hələ də ratifikasiya etmədiyi üçün “F-16” qırıcılarının Türkiyəyə satışını təxirə salmasını istəyib. “Trend” xəbər verir ki, bu barədə demokrat senator Cinn Şeyhinin saytında dərc olunmuş məktubda bildirilir. Məlumata əsasən, C.Şeyhin məktubu senator Tom Tillislə birlikdə göndərib. Məktubu hər iki partiyanın 25 senatoru da imzalayıb. Məktubda qeyd edilir ki, Türkiyə ilə məhsuldar və qarşılıqlı faydalı təhlükəsizlik münasibətləri ABŞ-ın maraqlarına uyğundur, lakin Ankaranın hazırkı mərhələdə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etmək istəməməsi diqqətdən kənarda qala bilməz.

Bununla yanaşı, məktub müəllifləri hesab edirlər ki, Konqres Türkiyəyə “F-16” qırıcılarının satışı məsələsinə yalnız Türkiyə Skandinaviya ölkələrinin NATO-ya daxil olmasını ratifikasiya etdikdən sonra baxa biləcək.

 

ALMANİYADA ÇEVRİLİŞ HAZIRLAYANLARIN HİTLER PLANI DEŞİFRƏ EDİLDİ

Almaniyanı silkələyən irqçi “İmperiya Vətəndaşları” təşkilatının çevriliş planları bir-bir ifşa olunur. “Teleqraf.com”un  verdiyi xəbərə görə, 2022-ci ilin dekabrında keçirilən əməliyyat zamanı saxlanılan Harald P.-nin işlədiyi məktəbdə miqrant və xəstə uşaqların məlumatlarına daxil olaraq onları sənədləşdirdiyi üzə çıxıb. Təşkilatın hərbi qanadını dəstəkləyən və informasiya şəbəkəsinə cavabdeh olan Harald P.-nin bu işlər üçün hətta anbar icarəyə götürdüyü müəyyən edilib.

İstintaqa görə, çevriliş zamanı təşkilatın hərbi qanadının üzvləri insanları həbs edib edam etməyi planlaşdırıblar. Harald P.-nin Şvaynfurt şəhərindəki orta məktəbdə kompüter təhlükəsizliyinə cavabdeh olduğu üçün bütün mühacir şagirdlərin şəxsi məlumatlarına, ünvanlarına və valideynlərinin elektron poçtlarına daxil olduğu, şagirdlərin xəstəlikləri ilə bağlı məlumatları əldə etdiyi bildirilir.

Bu hadisə Nasist Almaniyasının lideri Adolf  Hitlerin qurduğu rejimi gündəmə gətirib. “Üstün irq” ideyası ilə hərəkət edən Hitler qaraçıları, əlilləri və yəhudiləri həbs edərək məhv etmək planını həyata keçirmişdi. Nasistlər "aşağı irq"ləri yox etməyi öz hüquqları və missiyaları hesab edirdilər.

 

AVROPADA BANKOMATLARI PARTLADAN QRUPLAŞMA SAXLANILIB

Belçika, Almaniya və Niderlandın hüquq-mühafizə orqanları bankomatları partlatmaqla məşğul olan cinayətkar qruplaşmanın üzvlərini həbs edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə əməliyyata dəstək verən Avropa Ədliyyə Orqanları Əməkdaşlığı Agentliyi (Eurojust) məlumat yayıb.

“Ümumilikdə 9 nəfər saxlanılıb. 16 obyektdə axtarış aparılıb. Keçirilən reydlər zamanı 4 kiloqram partlayıcı maddə, cinayət törədilməsində istifadə olunmuş bir avtomobil, bir neçə telefon, nağd pul, elektroşoker, əlcəklər, lomlar, çəkiclər, naviqasiya avadanlığı, radiotezlik skaneri və müxtəlif qiymətli əşyalar aşkar olunaraq müsadirə edilib”, - deyə təşkilatdan qeyd edilib.

Eyni zamanda, istintaq müəyyən edib ki, cinayətkarlar bankomatları partlatmaq və oradan nağd pul çıxarmaq üçün Niderlanddan Almaniyaya gediblər. Onlar bir dəfəyə 250 min avroya qədər pul əldə edə bilirdilər. 2021-ci ildən fəaliyyət göstərən qruplaşma bu yolla azı 31 bankomatı partladıb və onlardan azı 3,4 milyon avro ələ keçiriblər. Binalara dəymiş ziyan və sıradan çıxmış bank avadanlıqlarını da nəzərə alsaq, qruplaşmanın fəaliyyətlərindən dəyən ümumi zərər 4 milyon avrodan çox olub.

 

UKRAYNADAN İRANLA BAĞLI KRİTİK AÇIQLAMA

“Ukrayna hər an İranla diplomatik münasibətləri kəsməyə hazırdır. Qərar prezidentdən asılıdır”. “Teleqraf.com” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib. XİN başçısının sözlərinə görə, İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verməyə başlayandan “qırmızı xətti” keçib.

Məlumata əsasən, bu ərəfədə Xarici İşlər Nazirliyi Tehranla diplomatik münasibətlərin kəsilməsi ilə bağlı prezidentə təklif təqdim edib.

Dmitri Kuleba vurğulayıb ki, İrandakı hücumlar bu ölkəyə siqnal olmalıdır: “Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan dəfələrlə çox olacaq. Diplomatik münasibətləri kəsmək qərarı İranın gələcək davranışından asılı olaraq hər an verilə bilər”.

Eyni zamanda, Ukrayna diplomatiyasının rəhbəri əmin edib ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə endirilən zərbələrin arxasında kimin dayandığını bilmir. “Biz tarixən İrana heç bir pislik etməmişik. Lakin bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”, - deyə Dmitri Kuleba əlavə edib.

 

ENTONİ BLİNKENİN ÇİNƏ SƏFƏRİ ZAMANI Sİ CİNPİNLƏ GÖRÜŞÜ PLANLAŞDIRILIR

ABŞ-ın dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşməyi planlaşdırır. “Trend” xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, E.Blinken son beş ildə Çin lideri ilə görüşən ilk ABŞ dövlət katibi olacaq.

Nəşr bildirib ki, Dövlət Departamenti bu xəbərləri şərh etməkdən imtina edib. Çinin Vaşinqtondakı səfirliyi isə sorğuya cavab verməyib.

Bununla yanaşı, E.Blinken səfər

 çərçivəsində həmçinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yİ və Çinin xarici işlər naziri Tsin Qanla da görüşlər keçirəcək.

Xatırladaq ki, daha öncə “Politico” qəzeti mənbələrə istinadən E.Blinkenin Pekinə səfərinin 5-6 fevral tarixlərində baş tutacağını qeyd etmişdi.

 

Aİ TURİSTLƏRƏ RƏQƏMSAL ŞENGEN VİZALARINI TƏTBİQ ETMƏYİ PLANLAŞDIRIR

Avropa İttifaqı Şengen vizalarının alınması prosesini sadələşdirməyi planlaşdırır. “Trend”  agentliyinin “Schengen Visa Info” portalına istinadən verdiyi xəbərə görə, 2026-cı ilə qədər turistlər üçün sənədlərin təqdim edilməsi üzrə rəqəmsal formatın tətbiq edilməsi planlaşdırılır.

Qeyd edək ki, yanvarın 31-də Aİ Parlamenti xarici vətəndaşların Şengen üçün müraciət prosedurunun modernləşdirilməsi təklifini təsdiqləyib. Aİ-yə səyahət edən turistlər viza sənədləri üçün onlayn müraciət edə biləcəklər.

Eyni zamanda, müraciətlər vahid onlayn platformada həyata keçiriləcək. Həmçinin pasportlardakı stikerlərin rəqəmsal məlumatlarla əvəzlənməsi də nəzərdə tutulur.

Məlumata əsasən, Aİ Parlamenti hesab edir ki, prosedurun rəqəmsallaşdırılması nəinki prosesi sürətləndirəcək və turistlərin müraciət etməsi üçün tələb olunan səyləri azaldacaq, həm də Aİ daxilində təcrübənin vahidliyini təmin edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.