GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ƏLİ RƏŞTBƏR (QAYIB)

1980-ci ildə Qaradağın Gal kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində, orta təhsilini isə 1990-cı ildə Urmuda alıb. Şeirə-sənətə marağı ata ocağında eşitdiyi saz musiqisi və ana dilində oxuduğu nəşrlərdən başlayıb. "Yol ağlasın" adlı ilk şeir kitabı işıq üzü görüb. Nəsr sahəsində də fəaliyyət göstərir. "Sarayın kəbini" adlı hekayəsi birinci mükafata layiq görülüb.

 

Araz

Məzarımı qazın Araz yanında,

Məhşər günü şahid olsun sözümə.

Mənim dərdim vətən dərdi, yurd dərdi,

Toxunmayın alovuma, közümə.

 

Məzarımı Araz üstə qazarsız,

Baş daşıma Araz şeirin yazarsız,

Hərdən məni axtararsız gəzərsiz,

Üz qoyarsız qəbrim üstə üzümə.

 

Məzarımı unutmayın axşamı,

Başım üstə alışdırın bir şamı,

Sizdən alıb şair Qayıb ilhamı,

Ünvanızı yazıb ağlar gözümə.

 

MİHƏN KƏRİMİ

1980-ci ildə Ərdəbil şəhərinin 10 kilometirliyində yerləşən Səmian kəndində anadan olub. Elə həmin kənddə də ibtidai təhsil alıb. Sonra isə Ərdəbildə orta məktəbi bitirib. Hüquq üzrə ali təhsil alıb. Ərdəbil radiosunda aparıcı və tərcüməçi kimi də işləyir. 2016-cı ildə Bakıda "Ekoprint" nəşriyyatında "Misilsiz sevgi" adlı şeirlər kitabı çap olunub.

 

Dözüm

Deyirlər dözümdür dərd-qəmə dərman,

Dözümlə çəkilir dağlardan duman.

Canlanır insanda dözümlə iman,

Bəs demək ömürlük dözsün bu üzüm,

Ümidsiz dözümə nə qədər dözüm?

***

Yaşım başlanandan, ağlım kəsəndən,

Üstümə qəm-kədər yeli əsəndən,

Taleyim yad olub bəxtim küsəndən,

Zaman sınağına döz olub sözüm,

Ümidsiz dözümə nə qədər dözüm?

***

Dözdük ayrılığa ölüm haxladı,

Ölmədik ölənlə dözüm saxladı,

Dözümü ayrılıq, həsrət yoxladı,

Dözdükcə həsrətə, saraldı üzüm,

Ümidsiz dözümə nə qədər dözüm?

***

O qədər dözdüm ki, dözdən utandım,

Dözə korladığım gözdən utandım,

Altmış il ayrılıq odunda yandım,

Sonda da vətənim yazıldı mərzim

Ümidsiz dözümə nə qədər dözüm?

 

 

(əvvəli 2 və 3 fevral tarixli saylarımızda)

Beynəlxalq qurumlar İraqdakı qondarma "Kürdüstan Hökuməti"nin 2010-cu il büdcəsində "İranda kürd hərəkatlarını maliyyələşdirmək" maddəsini "demokratiyaya dəstək" kimi müdafiə ediblər. Bu qərara görə İrandakı "Kürdüstan Demokrat Partiyası"na (lideri Abdullah Həsənzadə) 55 milyon dinar, bu partiyanın Mustafa Hicri qanadına 50 milyon dinar, "Kürdüstan-Komilə Partiyası"na (lideri Abdulla Məhtədi, müsəlmandır) 50 milyon dinar, bu partiyanın Ömər Elxanizadə qanadına (yəhudi) 50 milyon dinar, həmin partiyanın İbrahim Əlizadə (yezidi kürdü) qanadına 50 milyon dinar, "Kürdüstan Azadlıq Partiyası"na (lideri Əli Qazi) 50 milyon dinar, "Kürdüstan Xibat Partiyası"na (lideri Baba Şeyx Hüseyn) 50 milyon dinar, "Kürdüstan Şurişgah Birliyi" (lideri Simko) təşkilatına isə 45 milyon dinar vəsait ayrılıbdır. Bu rəqəmlər sadəcə etiraf olunanlardır.

Güney Azərbaycan, xüsusilə Urmu vilayəti məsələsində son zamanlar Ermənistan və kürdlərə məxsus bu qurumların rəhbərlərinin sıx təmasları yaranıb. Belə ki, Ermənistan EA Şərqşünaslıq İnstitutu türkologiya şöbəsinin nəzdində yaradılmış "Güney Azərbaycan Dosyesi"nin araşdırmalarına görə, "Təbriz, Urmu, Xoy, Mərənd, Zəngan, Maku, Həmədan və digər şəhərlərdə türklərdə milliyyətçi düşüncənin inkişaf etməsi Ermənistanın varlığını daim sual altında qoya bilər və bu, həm də separatçı Dağlıq Qarabağın müharibə aparılmadan süquta uğraması deməkdir". "Demokratiya kollektiv kimliyi qəbul edən quruluşdur. Kollektiv kimlik qəbul olunmursa, fərdi kimlikdən söhbət gedə bilməz. İranda aparılan müxalif mübarizənin, "Yaşıllar" hərəkatının demokratiya anlayışı bu deyil. Onların tək bir kollektiv anlayışı var: iranlı, yəni farslar. Demokratiyaya bu cür yanaşıldığı üçün təbii ki, qeyri-fars millətlər bu hərəkatı boykot edir. Çünki "İrandakı mübarizə insan haqları uğrunda deyil, dünyəvilik uğrundadır". Jan Pol Sartr yazırdı ki, "Yəhudilər bütün haqlarına qovuşmadıqca heç bir fransız hürr (azad) ola bilməz, Fransada, ya da bütün dünyada bir yəhudi, həyat qorxusu içində titrədikcə, heç bir fransız özünü güvən altında-əmniyyətdə saya bilməz...".

Bəs bu çılpaq həqiqət niyə İranda diqqətə alınmır?! Niyə 40 milyondan çox bir xalqın Ana dilində - Azərbaycan türkcəsində təhsil almaq, oxumaq haqqı yoxdur?! Bir xalqın bədbəxtliyi üzərində başqa bir xalq öz xoşbəxtliyini qura bilməz axı... Urmu hadisələri də həmçinin... Bəyəm bu gölün quruması nəticəsində baş verəcək duz fırtınası təkcə o bölgənin əbədi sakinləri olmuş Azərbaycan türklərinə ziyan vuracaq, yoxsa bütün İrana?! Bu həqiqət kifayət qədər anlaşılan deyilmi?!

Gənc yazar Ruqəyyə Kəbirinin lap son dönəmdə - 2013-cü ildə yazdığı "Yasasız törən" adlı şeirində "görülən profilaktiki tədbirlər sayəsində" artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü qeyri-qanuni düzənlənmiş toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, gözlər qan ağlayır, bircə ürək danışır: I tabloda qanundan kənar toydur, məclisin məkanı Urmudur, amma çal-çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız... Sanki yas mərasimi qurulub, məclisin qonaqları isə "damarı yaralanmış bir el"dir. II tabloda gərdək gecəsidi, bu gecənin qəhrəmanı isə gəlindir... Gəlinlik paltarı duzlaqdan, boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridi... III tabloda isə final daha tükürpədicidi, daha acı bir gerçəyin mənzərəsi cızılır. Hamilə qalan gəlinin dölü "Ölüm" adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq... Ölümə məhkum edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə anlatmaq olar?! "Yasasız törən"ə üz tutaq:

Zaman mitray doğulan çağ deyil,

1391-ci günəş ili

Məkan-Urmu dənizi…

Yas rəngində, Yasasız, Ayın-oyunsuz bir törən

Gərdək gecəsi…

Dəvətlilər, Damarı yaralanmış bir el

Hamun dənizindən iki canlı qalmış bakirədən danışmıram

Gəlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş,

Okeanların sədəflərinin ürəyində gizli qalmış

Mirvarı deyil, Duz dənələri…

Sevişmələri ağı ağlayır…

Urmu dənizindən iki canlı qalmış qız gəlin

Dölündə Ölüm adlı bir yaratıq

Mitray doğulan çağ deyil 1391-ci günəş ili

Yasasız, Ayın-oyunsuz bir törən...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.