“Yaşıl
İQTİSADİYYAT

“Yaşıl" texnologiya: sağlam dünya

Ölkəmiz bu istiqamətdə də  regionda lider qismində çıxış edir

Bütün canlıların və insanların gələcəyi təbii ehtiyatların mövcudluğundan asılıdır. Təbiət və insan daima bir-birinə təsir göstərir. İnsan öz varlığını təbiətin əhatəsində saxlayır, təbiətdən ehtiyac duyduğu maddələri alır, tullantılarını təbiətə geri qaytarır. Bu tullantılar təbiətin yenilənməsinə həm keyfiyyət, həm də kəmiyyət baxımından meydan oxumağa başlayıb.

Təbiətin üzərinə qoyduğumuz yükü yüngülləşdirmək üçün isə riayət etməli olduğumuz bəzi qaydalar var. Havanı çirkləndirən bütün fəaliyyətlər azaldılmalı və lazımi ehtiyat tədbirləri görülməlidir. Zavod tullantıları və su mənbələri çirklənməməli, zavod suyu tullantıları təkrar emal edilməlidir. Torpaq erroziyasına qarşı lazımi işlər görülməli, meşələr qorunmalı, qanunsuz ağac kəsilmələrinin qarşısı alınmalıdır. Unutmamalıyıq ki, bizdən sonra gələcək nəsillərə ekoloji cəhətdən təmiz miras qoymalıyıq. Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına hamılıqla qoşulmalıyıq.

Bəs, "yaşıl" texnologiyalar hansılardır və bizim ölkəmizdə onlardan nə dərəcədə istifadə edilir?

Vahid bir tərifi olmayan "yaşıl" texnologiya, əsasən zərərli tullantıların qarşısını almaq və ya alternativ yollar taparaq problemin ortadan qaldırılmasına xidmət edir. Təbii ki, bu işlərin ərsəyə gəlməsi üçün texnologiyanın daha da inkişaf etdirilməsinə səy göstərmək, gəncləri bu işlərə cəlb etmək və mütəmadi şəkildə insanları bununla bağlı məlumatlandırmaq lazımdır. Kənd təsərrüfatının da "yaşıl" texnologiyalar əsasında inkişafına önəm verilməli, ərzaq itkiləri minimuma endirilməli və məhsuldarlığı artırmaq üçün müvafiq işlər görülməlidir. Ayrı-ayrı sahələr üzrə istifadə edilən avadanlıqların daha yeniləri ilə əvəz edilməsi və günəş panellərinə üstünlük verilməsi məqsədəuyğundur. "Yaşıl" texnologiyalara isə elektron enerji ilə çalışan maşınları, fotovoltaiklər yolu ilə təbii işığın enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş hüceyrələrini nümunə göstərmək olar. Günəş enerjisindən elektrik enerjisi istehsalı, daha az fosil yanacaq istehlakına, eyni zamanda çirklənmənin və istixana qazı tullantılarının azalmasına imkan verir.

Azərbaycan gündən-günə inkişaf edir və sürətlə yenilənir. Hətta, bir sıra istiqamətlərdə dünyada və regionda lider qismində çıxış edir. Əldə etdiyimiz bu nailiyyətlər bir çox beynəlxalq təşkilatların rəsmi məlumatlarında da öz əksini tapıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl" texnologiyaların tətbiqini və enerji səmərəliliyini təmin etmək məqsədilə işçi qrupu yaradılmışdır. Bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli sərəncamı ilə qəbul edilmişdir. Azərbaycan Respublikası sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu mərhələdə "yaşıl" texnologiyaların inkişafına üstünlük verərək ekoloji çirklənmənin qarşısını almaq kimi mühüm məsələlər də öz həllini gözləyir. Azərbaycan Respublikası ərazisində "Yaşıl" kənd və ya "Ağıllı" kənd, həmçinin Qarabağda "Ağıllı" şəhər və kəndlərin salınması isə bu sahədə əsası qoyulmuş ən böyük işlərdəndir. Qarabağ bölgəsində qurulan "ağıllı" şəhər və kəndlər ətraf qonşularımıza da nümunədir. Bu da beynəlxalq arenada "ağıllı şəhər"lərin tətbiqi üçün bünövrə ola bilər. Bununla yanaşı, ölkədə ASAN xidmətin nəzdində yaradılmış "Yaşıl" ASAN da bir sıra önəmli işlər görməyə davam edir. Bu layihə çərçivəsində könüllülər müəyyən edilmiş bölgələrə gedir və ağac əkirlər. Digər bir təşəbbüs isə yeni ildə qurulan şam ağacları ilə bağlı olan layihədir. Bu layihəyə əsasən könüllülər ekoloji tullantılardan şam ağacı düzəldərək insanları da bu prosesə cəlb edirlər. Hər il keçirilən bu layihədə ASAN xidmət mərkəzləri arasında yarışlar keçirilir və qalib gələn mərkəzin şam ağacı sosial mediada yayımlanır. Ən əsas məqam isə odur ki, hər bir şam ağacının timsalında mesajlar verilir. Bu isə insanları daha anlayışlı olmağa səsləyir .

Əlbəttə, dünyanın da bizə ciddi mesajları var. Dünya illərdir ki, davamlı olaraq deyir: "Ey insan, mən sənə əmanət edilmişdim, sən isə mənə heç yaxşı baxmadın. Sən bunun cəzasını çəkəcəksən , həm də ən ağır formada". Günü-gündən artan zəlzələlər, qlobal istiləşmə və ya soyuma, quraqlıq və sel ilə yaranmış daşqınlar isə buna nümunədir. Bu fəlakətlərin qarşısını isə almaq mümkündür. "Yaşıl" texnologiyaların tətbiqi bu baxımdan son dərəcə vacibdir.

Töhfə SƏMƏDOVA,

"Respublika".