İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

"Zaqreb Open" turniri davam edir

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turnirinin üçüncü günündə 5 güləşçimiz mübarizə aparıb.

Təmsilçilərimizdən yalnız Alyona Kolesnik fəxri kürsüyə qalxıb. Turnirdə 59 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğundan qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. Qadın güləşçimiz yekunda bürünc medal qazanıb.

Daha əvvəl turnirin ikinci günündə sərbəst güləşçilərimiz 3 medal qazanıblar. Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər.

 

İdmançılarımız fiqurlu konkisürmə yarışında

Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə "Bavaria Open 2023" yarışında idmançılarımız öz çıxışlarına start veriblər.  Yarışda Azərbaycan tək konkisürmədə bir yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə 1 yeniyetmə cütlük və 2 böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.

İdmançılarımız arasında Səbinə Əliyeva tək konkisürmədə qısa proqram üzrə çıxış edərək 45,36 xal toplayıb və 19 idmançı arasında 4-cü yerə sahib olub.

 

Yeniyetmə və gənc karateçilərimizin Kipr sınağı

Kiprin Larnaka şəhərində yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı keçiriləcək. Çempionatda 48 ölkədən 1114 karateçi iştirak edəcək. Yeniyetmə və gənclərdən ibarət millimizin tərkibində - 14-15 yaşlı yeniyetmələrdə 8 karateçi, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 8 idmançı mübarizə aparacaq. Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yarışın referiləri arasında olacaq.

 

Taekvondoçularımız İstanbulda mübarizə aparacaqlar

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası ilin ilk sınağına Türkiyədə çıxacaq. Yığma fevralın 4-9-da İstanbulda təşkil olunacaq beynəlxalq "Prezident kuboku"nda, ayın 10-14-də açıq Türkiyə çempionatında mübarizə aparacaq. Hər iki turnirdə Səyyad Dadaşov, Rahid Vəliyev, Adil Eyvazov (hər üçü 54 kq), Qaşım Maqomedov, Ruslan Seyidov (hər ikisi 58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli, Nizami Hacıyev (hər ikisi 68 kq), Cavad Ağayev, Eltac Qafarov, Vaqif Hacıyev (hər üçü 74 kq), Əliəskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) dayanq üzərinə çıxacaqlar. "Prezident kuboku"nda hakimlər sırasında Ramal Camalovla Aygül Abdullayeva da yer alacaq. Türkiyə açıq çempionatında isə  Aygül Abdullayeva ilə yanaşı, Gündüz Abdullayev, Coşqun Nadirov və Elşad Məmmədov da hakim kimi döyüşləri idarə edəcəklər. Milli komanda fevralın 14-də Vətənə qayıdacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".