SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Qəhvənizi südlə için ki...

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, südlü qəhvə qəbulu  iltihab əleyhinə effektiv təsir göstərərək immunitet sistemini möhkəmləndirir. Danimarkanın Kopenhagen Universitetinin tədqiqatçılarının fikrincə, südlü qəhvənin immun hüceyrələrinə antiinflamatuar (iltihab əleyhinə) təsiri sadə qəhvədən iki dəfə daha güclüdür.

İndiyə qədər aparılan tədqiqatlar nəticəsində sübut olunub  ki,  qəhvə polifenol  kimi antioksidantlarla zəngin olduğu üçün iltihabı azaldır. Mütəxəssislər qəhvənin  amin turşuları ilə zəngin olan südlə qarışdırılaraq istehlakının  iltihab əleyhinə ikiqat daha təsirli olduğunu söyləyirlər.

Təcrübə zamanı tədqiqatçılar meyvə və tərəvəzlər, çay, qırmızı şərab və pivənin tərkibindəki polifenolların zülal mənbəyi olan  amin turşuları ilə birləşdirildikdə təsir gücünü  öyrənmək məqsədilə immun hüceyrələrinə süni iltihab tətbiq ediblər. Nəticədə  amin turşularının iltihabla mübarizə  edən polifenolların immun hüceyrələrində təsirini daha da artırdığı məlum olub.

Bununla belə, alimlər tədqiqatların  laboratoriya şəraitində aparılması baxımından  daha çox araşdırmaya ehtiyacı olduğunu bildiriblər.

Tədqiqatın nəticələri "Journal of Agricultural and Food Chemistry" jurnalında dərc olunub.

 

Qrip Alzheimerə səbəb olurmuş 

Amerikalı alimlər COVID-19, qrip kimi virus növlərinin beyinin fəaliyyətinə təsir edərək  bəzi təhlükəli xəstəliklərin inkişafına yol açdığını söyləyirlər. Belə ki, mütəxəssislər sözügedən virusların ağır formasını keçirənlərin Alzheimer, Parkinson kimi beyinlə əlaqəli xəstəliklərə səbəb  olma riskinin artıq olduğunu deyirlər.

Hər iki xəstəlik demensiyanın növləri olduğu üçün beyində struktur dəyişikliyinə səbəb olaraq yaddaş və koqnitiv davranışları pozur. Aparılan tədqiqatlar zamanı sübut edilib ki, infeksiyalar, xüsusən də  qrip neyrodegenerativ patologiyaların  yaranmasına təkan verir.

Alimlər ağır keçən virus infeksiyalarının demensiyanın inkişafına zəmin yaratdığını düşünürlər. Onların fikrincə, qripi ağır keçirən insanların  immun sistemi zəif olduğu üçün onlarda iltihabi proseslər güclənir və bununla da neyrodegenerativ xəstəliklər yaranır. Bu səbəbdən də mütəxəssislər respirator virus infeksiyalarına yoluxarkən biganə yanaşmamağı və  onu ayaq üstə yox, vaxtında  yataq rejimində  müalicə etməyi tövsiyə edirlər. Həmçinin  ildə bir dəfə mütləq nevroloq müayinəsindən keçmək məsləhət görülür.

Bununla belə,  virusların neyrodegenerativ xəstəliklər riskini artırdığı təxmin edilsə də, hələ ki, birbaşa olaraq Alzheimerə səbəb olması elmi cəhətdən öz təsdiqini tapmayıb.

 

Stressdən qoruyan "psixobiotik pəhriz"

Gün ərzində istehlak edilən qidaların psixi sağlamlığa təsir etdiyi elmə məlum idi.  Bu səbəbdən də irlandiyalı  elm adamları stresslə mübarizə aparmaq üçün "psixobiotik pəhriz" adlı yeni bir pəhriz növü tərtib ediblər. Alimlər bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutduqları bu pəhrizin psixi sağlamlığa müsbət təsir edərək stresslə mübarizədə ən asan və təbii üsul olduğunu söyləyirlər. Bəs hansı qidalardan ibarətdir "psixobiotik pəhriz"?

Tədqiqat müəllifləri  Timothy  Dinan və John Cryan tərəfindən tərtib edilən bu pəhriz növündə  bağırsaqlarda mikrob balansını dəstəkləyən qidalara (bütün taxıllar, prebiyotik meyvə və tərəvəzlər, paxlalılar, fermentləşdirilmiş qidalar) üstünlük verilir. Şəkərli, emal edilmiş qidaların və içkilərin istehlakının isə dayandırılması tövsiyə olunur.

Mütəxəssislər stressdən qurtulmağın ən asan yolunu  gün ərzində liflə zəngin olan meyvə və tərəvəzlər, yulaf, buğda kimi tam taxıl məhsulları, həftə ərzində  3-4 dəfə paxlalı (noxud, lobya və s.) və  fermentləşdirilmiş qidaların istehlakında görürlər.

18-59 yaş arası normal qidalanma vərdişi olan 45 nəfər sağlam insan üzərində  aparılan təcrübədə respondentlərdən dörd həftə ərzində psixobiotik pəhrizin komponentlərinə riayət edilməsi istənilib. Təcrübə müddəti bitdikdən sonra isə  iştirakçılardan analiz nümunələri götürülüb. Nəticədə pəhrizə riayət edən iştirakçıların nümunələrində  iltihab və stress səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığı, bağırsaqların fəaliyyətinin isə aktivləşdiyi qeydə alınıb.

Bununla belə, mütəxəssislər sağlamlıqla bağlı hər hansı bir problemi olan insanların sözügedən pəhrizə keçmədən öncə həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

İnformasiyanı “sözcü.com.tr” veb saytı yayıb.

 

Özünüzdə bu əlamətləri hiss edirsinizsə...

Adətən ürək-damar sistemi ilə bağlı xəstəliklər  gizli şəkildə  inkişaf etdiyi üçün  bəzən onun əlamətləri digər xəstəliklərin əlaməti ilə səhv salınır. Lakin ürək çatışmazlığı vaxtında aşkar olunmadıqda çox ağır fəsadlara, hətta  ölümə belə səbəb ola bilir. Bu səbəbdən də ürəyin təhlükədə olduğuna işarə edən hər hansı bir əlamət  hiss edildikdə  buna biganə yanaşmamaq və vaxtında həkim müayinəsindən keçmək  tövsiyə edilir.

Ürək çatışmazlığı istənilən yaşda, hətta uşaqlarda da inkişaf edə bilər. Bu  zamanı ürək öz "nasos" funksiyasını tam şəkildə yerinə yetirə bilmədiyi üçün müxtəlif orqanların oksigen və qidalı maddələrlə təmin olunması azalır, orqanizmdə müxtəlif pozulmalar inkişaf etməyə başlayır. Ona görə də ürək çatışmazlığına işarə edən simptomları bilmək və bu simptomlar üzə çıxdıqda vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Ürək çatışmazlığının ən əsas simptomu nəfəsalma  zamanı yaranan problemdir. Əgər tənginəfəslik, boğulma hissi uzanıqlı vəziyyətdə də yaranarsa, deməli, ürəyiniz təhlükədədir. Ayaq və əllərin şişməsi də bu xəstəliyin xəbərçisidir. Belə ki, ürəyin fəaliyyəti zəifləyəndə orqanizmdə artıq maye yığılır. Bu səbəbdən də sidik ifrazı və çəki səbəbsiz olaraq artır.

Ürək zəifləyəndə həzm sisteminə daha az qan çatır. Ona görə də mədə pozulması, iştahasızlıq, ürək bulanması və qəbizlik kimi simptomlar da inkişaf edə bilər.

Ürək xəstəliklərinin əlamətlərindən biri də yorğunluq hissidir. Orqanizm ürəyin fəaliyyətini kompensasiya və daha vacib orqanları qanla təmin etmək üçün əzələ və ətrafların qan dövranını zəiflədir  ki, bu da süstlük və yorğunluğa səbəb ola bilər.

Beyin orqanizmdə ən çox qana ehtiyacı olan orqandır. Bu səbəbdən qan dövranının zəifləməsi ilk olaraq beyinin fəaliyyətinə mənfi təsir edir ki, nəticədə başgicəllənməsi, yaddaş və konsentrasiyanın zəifləməsi mümkündür.  

Soyuq əl və ayaqlar da ürək çatışmazlığının çox xarakterik simptomlarındandır. Odur ki, ayaq və əlləriniz daim soyuyursa, vaxtında həkimə müraciət edin.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".