DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ENTONI BLİNKEN: ÇİNIN HAVA ŞARININ ABŞ-A KEÇMƏSİ SUVERENLİYİN POZULMASIDIR

ABŞ-ın dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Van İ arasında bu ölkəyə məxsus hava şarının ABŞ hava məkanının pozması ilə bağlı telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, E.Blinken hadisəni məsuliyyətsiz akt, suverenliyin və beynəlxalq hüququn pozulması adlandırıb. Həmçinin dövlət katibi fevralın 5-6-na planlaşdırılan Çinə səfərini ertələyib.

Entoni Blinken Çin rəsmisinə bəyan edib ki, onun səfəri ərəfəsində Çinin “məsuliyyətsiz hərəkəti hazırlaşdığımız predmetli müzakirələrə ziyan vurur”.

Eyni zamanda, qeyd edilir ki, ABŞ dövlət katibinin səfərindən imtina etməyib. Blinken sözlərinə görə, səfər bunun üçün “uyğun şərait yarandıqda” baş tutacaq.

“Van İ ilə söhbətim zamanı mən açıq şəkildə bildirdim ki, bu kəşfiyyat şarının ABŞ hava məkanında olması ABŞ-ın suverenliyi və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Təsəvvür edirəm, eyni hərəkət Çinə qarşı olsaydı, onun buna reaksiyası necə olacaqdı”, - deyə Blinken mətbuat konfransında vurğulayıb.

 

NATO RUSİYAYA XƏBƏRDARLIQ EDİB

Rusiyanın məcburi olan Strateji Silahların Azaldılması üzrə Yeni Müqaviləyə (START) əməl etməməsi NATO-nun reaksiyasına səbəb olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin gərginliyi artırdığı bir şəraitdə rəsmi Moskvanın beynəlxalq öhdəliklərinə əməl etməməsi mövcud problemləri daha da artırır.

NATO-dan verilən açıqlamaya əsasən, yeni START Rusiya və ABŞ-ın strateji nüvə qüvvələrini məhdudlaşdıraraq beynəlxalq sabitliyə töhfədir.

Eyni zamanda, NATO Rusiyanı təftişlərə icazə verməklə və danışıqlara qayıtmaqla öz öhdəliklərini yerinə yetirməyə çağırıb. Rusiya buna cavab olaraq ABŞ-ı iki ölkə arasında silahlara nəzarət sazişlərini pozmaqda ittiham edib.

Məlumat üçün qeyd edək ki, sözügedən müqavilə iki ölkə arasında qüvvədə olan sonuncu nüvə sazişidir.

 

QƏRB ÖLKƏLƏRİNDƏN İRANIN NÜVƏ FƏALİYYƏTİ İLƏ BAĞLI BƏYANAT

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı nüvə obyekti ilə bağlı hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə çağıran bəyanat yayıb. “Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsi bu dövlətin Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) irəli gələn öhdəliklərinə uyğun deyil.

Bəyanatda bildirilib ki, İranın hərəkətləri bu dövlətin verdiyi açıqlamalara yox, AEBA-nın qərəzsiz və obyektiv hesabatlarına uyğun qiymətləndirilir.

Bəyanatda vurğulanıb ki, Fordo zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı xəbərlər risklidir: “İranın hərəkətləri narahatlıq doğurur. Çünki bu dövlət JCPOA çərçivəsində öhdəliklərin icrasını, o cümlədən Əlavə Protokolunun icrasını dayandırıb. Biz İranı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”.

 

İLLƏRDİR AXTARIŞDA OLAN MAFİYA BAŞÇISININ AŞPAZ İŞLƏDİYİ ÜZƏ ÇIXIB

İnterpolun illərdir axtardığı İtalya mafiyasının önəmli adlarından olan Edqardo Qreko Fransada həbs edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, İnterpol çoxsaylı qətllər törətməkdə günahlandırılan 63 yaşlı E.Qrekonun Sent-Etyen şəhərində bir pizza restoranda aşpaz işlədiyini açıqlayıb.

Edqardo Qrekonun İtaliyanın cənubundakı Kalabriya bölgəsindəki “Ndranghetan” mafiyasının üzvü olduğu güman edilir. Stefano və Cüzeppe Bartolomeo qardaşlarının vəhşicəsinə öldürülməsi və 1990-cı illərə damğasını vuran mafiya müharibələrində törədilən bir neçə cinayətə görə ömürlük həbs cəzasına məhkum edilən Qreko “təhlükəli qaçaq” olaraq xarakterizə olunurdu.

Məlumata görə, Qreko ölkədəki bir neçə italyan restoranında saxta şəxsiyyət vəsiqəsilə çalışıb və 2021-ci ildə Sent-Etyendə pizza restoranı işlədib.

 

ABŞ-DAN RUSİYA İLƏ BAĞLI TÜRKİYƏYƏ XƏBƏRDARLIQ

Rusiyaya qarşı dəfələrlə sanksiya tətbiq edən ABŞ prosesə qatılmayan Türkiyəyə xəbərdarlıq edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, ABŞ administrasiyasının Türkiyəyə xəbərdarlığı hava limanlarında ABŞ istehsalı olan Rusiya sərnişin təyyarələrinə xidmət və texniki dəstək göstərməsi ilə bağlıdır.

Bununla yanaşı, Rusiyanın “RBK” telekanalı Türkiyənin əsas hava limanı yer xidmətləri təminatçılarından biri olan “Havaş”ın Rusiya Hava Yollarının ABŞ istehsalı olan təyyarələrinə xidmət göstərməsini dayandıra biləcəyini və bununla bağlı Rusiya şirkətlərinə məktub göndərildiyini bildirib.

Eyni zamanda qeyd edilir ki, ABŞ-ın sanksiyalarla bağlı yüksək səviyyəli rəsmisi olan maliyyə nazirinin müavini Brayan Nelson Ankaraya açıq xəbərdarlıqlar edib. Nelson türk şirkətləri və banklarının sanksiya siyahısında yer alan Rusiya qurumları ilə iş aparacaqları təqdirdə sanksiya riski ilə üzləşə biləcəkləri barədə məlumatlandırıb.

 

ALMANİYA UKRAYNAYA 88 ƏDƏD “LEOPARD1” TANKI GÖNDƏRƏCƏK

Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək. “Report”un “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniya hökuməti bununla bağlı qərarı artıq təsdiqləyib.

Bildirilib ki, 88 ədəd “Leopard1” əldə etmək üçün rəsmi Kiyev Almaniyanın silah istehsalçısı olan “Rheinmetall”a 100 milyon avro ödəyəcək.

Bundan başqa, sonuncu futbol üzrə dünya çempionatında təhlükəsizliyi təmin etmək məqsədilə Qətərə verilən 15 “Gepard”ın da Ukraynaya veriləcəyi gözlənilir.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, bu tanklar Ukraynaya müharibə gedişində mütləq yardım edəcək.

Məlumat üçün qeyd edək ki, rəsmi Berlin ötən həftə Ukraynaya 80 “Leopard2” tankının tədarük edilməsi haqqında qərarı təsdiqləyib.

 

FTB MAYK PENSIN EVİNDƏ AXTARIŞ APARACAQ

Federal Təhqiqatlar Bürosunun (FTB) yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin evində axtarış aparacağı gözlənilir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə öz mənbələrinə istinadən “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilir ki, Mayk Pensin İndiana ştatındakı evində “gizli” sənədlər axtarılacaq. Mənbələrin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi hazırda Mayk Pensin hüquq komandasıyla axtarışların dəqiq vaxtı ilə bağlı danışıqlar aparır.

Verilən xəbərə əsasən, yanvarın sonlarında Mayk Pensin İndiana ştatının Karmel şəhərindəki evində gizli sənədlər aşkarlanıb. Sənədləri onun vəkili aşkar edib və materialları FTB-yə təhvil verib.

Qeyd edək ki, bir neçə gün öncə  FTB ABŞ prezidenti Cozef Baydenin Delaverdəki okean sahilindəki evində axtarış aparıb. Son aylarda C.Baydenin Uilminqtondakı iqamətgahında, eləcə də Vaşinqtondakı C.Bayden adına Diplomatiya və Qlobal Fəaliyyət Mərkəzində axtarışlar aparılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.