MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və 
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) və  "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ"

Güney Azərbaycanın milli-elmi və ədəbi şəxsiyyətləri

XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor, yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların ilk dəfə yurd salıb yaşadıqları ərazilərdə türklər onlardan 3500 il əvvəl məskunlaşmışdır. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Mövzunun aktuallığını nəzərə alaraq kitabı tədqiqatçı Hüseyn Şərqidərəcəyin çevirməsində cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

(əvvəli 1, 2, 3 və 4 fevral tarixli saylarımızda)

İstər İsgəndərlə Daranın müharibələri zamanı, istərsə İsgəndərin qalib olduğundan sonrakı dövrlərdə Atropatın hərəkəti, davranışı, gördüyü işləri sübut edir ki, o əhəmənilər dövründə Qərbi Midiyanın satrapı olduğu kimi İsgəndərin dövründə də Kiçik Midiyanın dəyişməz satrapı və sabit hökmranı olmuşdur. Bütün bunlar o deməkdir ki, Atropat həm əhəmənlilər, həm də yunanlıların hakimiyyətinin ilk illərində xüsusilə Babil iclasından sonra sözün əsl mənasında müstəqil olmuşdur. Atropat müdrik, ağıllı, uzaqgörən, hadisələrdən məharətlə istifadə edə bilən və eyni zamanda vətənpərvər bir siyasətçi idi. O, zahirdə İsgəndərə vəfalı olsa da əməldə müstəqil Midiya dövləti yaratdı. İsgəndərin gənc yaşlarında vəfat etməsi ona Midiyanın müstəqilliyini sürətlə təmin edib saxlamaqda kömək etdi.

İsgəndərdən sonra yunanlıların ən nüfuzlu və qüdrətli nümayəndəsi Atropatın kürəkəni olan Perdikas eradan əvvəl 322-ci ildə öz əsgərləri tərəfindən öldürüldü. Sonra eradan əvvəl 321-ci ildə İsgəndərin sərkərdələri Triparadis adlı yerdə toplanaraq iclas keçirdilər. Satraplıqları yenidən bölüşdürdülər. Atropatın satrap olduğu Kiçik Midiya ölkəsi bu yeni bölüşməyə daxil deyildi. Bu hadisə qəti şəkildə göstərir ki, həmin dövrdə Midiya müstəqil idi. Demək, Şərq ölkələri və xalqları daxilində yunanlıların əsarətindən ilk dəfə özünü azad edən millət midiyalıların mühüm hissəsi - bugünkü Azərbaycan olmuşdur. Bu işdə Midiya xalqının rəhbəri Atropat ağıllı, siyasi hərəkəti və işləri ilə böyük tarixi şəxsiyyətlər sırasına yüksəlmişdir.

Müstəqil ölkə yaratmaqla Atropat həm də Zərdüşt dinini yunan istilası dövründə inkişaf etdirdi. Beləliklə, Atropat həm öz vətənini və onun müstəqilliyini, həm də xalqın dinini yunan mədəniyyətinin nüfuzundan qoruyub saxladı.

Sasanilər dövründə Zərdüşt dininin mərkəzi Azərbaycan olmuş və oradan başqa yerlərə rəhbərlik olunmuşdur. O dövrdə Atropat necə müstəqil dövlət yarada bildi? Yalnız Atropat öz bacarığı, şəxsiyyəti və müdrikliyi ilə bu işi həll etmişdirmi? Şübhəsiz, Atropat ağıllı, bacarıqlı və istedadlı idi. Lakin bütün bunlarla bərabər əgər bu işin ictimai təməli olmasaydı Midiya xalqı çoxdan bəri müstəqillik arzulamasaydı əhəmənilərin ağalığına son qoymaq və onların boyunduruğundan qurtarmaq mümkün olmazdı. Demək assuriyalıların zülmündən xilas olmaq da midiyalılar arasında ümumi milli şüurun formalaşması əsas rol oynamışdı. Bu milli şüur əhəmənilər dövrünün əvvəllərində baş vermiş Bərdiya (Giomata) Fərəvərtiş və Çitran Toxmənin rəhbərliyi ilə yaranmış qanlı üsyanlarda aydın göstərilir. Ümumiyyətlə mərkəzi və qərbi İaran türkləri, o cümlədən Azərbaycan xalqı arasında yaranmış və bu günə qədər xalqımızın folklorunda yaşamaqda olan "Fərhad və Şirin" dastanı aydın göstərir ki, bu milli şüur İsgəndər dövrü və ondan sonrakı dövrlərdə Azərbaycan xalqının fikrində, düşüncəsində və qanında yaşamış və yaşamaqdadı.

Bugünkü Azərbaycan təbii coğrafi mühit və iqtisadi cəhətdən qonşularından asılı olmayan tam müstəqil bir ölkədir. Azərbayan İran yaylasından ayrı bir yerdir və təbii dağlar onları bir-birindən ayırır. Midiya dövründən əvvəl ardıkəsilməz xarici hücumlar, qarətlər və həm də etnik birlik və dil yaxınlığı qərbi Midiyalıları (bugünkü Azərbaycan) Şərqi və Cənubi midiyalılarla birləşdirdi. Lakin indi o şərait dəyişmişdi. Azərbaycan özü müstəqil ola bilərdi. Qərbi Midiya və ya kiçik Midiya əhəmənilər imperatorluğundan ayrılıb iqtisadi və siyasi cəhətdən öz ayağı üstündə dura bilərdi. Lakin bu iş üçün zaman və şərait lazım idi. Belə bir şərait İsgəndərin hücumu və əhəmənilərin məhvi ilə meynada gəldi. Və Atropat bu şəraitdən ağılla və məharətlə istifadə edərək müstəqil Midiya dövlətini yaratdı. Bu müstəqil hökumət Midiya dövrünün müstəqil hökumətində hər cəhətdən fərqli idi. Belə ki, əgər keçmiş müstəqil dövlətə böyük Midiya dövləti deyilmişdirsə, təzə yaranan bu müstəqil hökumətə haqlı olaraq Midiya Atropaten və ya kiçik Midiya, yaxud Atropatkan deməyə başladılar. Təzə yaranan bu müstəqil hökumət əsasən bugünkü Azərbaycan (cənubi və şimali) torpaqlarını əhatə edirdi.

Midiya Atropaten dövləti Atropatdan sonra onun övladları tərəfindən idarə olundu. Atropatenin xalqları da İsgəndərin sərkərdələri arasında hakimiyyət uğrunda gedən çəkişmələrdən tamamilə kənarda qalaraq yalnız öz müstəqilliyini qoyurub saxladılar. İsgəndərin sərkərdələri arasında hakimiyyət uğrunda çəkişmələr isə eradan əvvəl 312-ci ilə qədər davam etdi. 312-ci ildə isə Babil şəhərində möhkəmlənmiş sərkərdə Sələvkoz bütün İran satraplarını özünə tabe edib sələvkilər hakimiyyətini yaratdı.

Azərbaycan sözü nə deməkdir

Bilirik ki, bugünkü Həmədan və Azərbaycan torpaqlarında ən qədim dövlərdə Lullubi-Qutti xalqları yaşamış və eradan 2500 il əvvəl mədəniyyət yaradıb tarix səhnəsində zahir olmuş və nəhayət Manna hökumətini qurmuşlar. Manna hökuməti sonralar daha genişlənib güclənərək Midiya hökuməti və xalqı adlanmışdır. Belə isə Azərbaycan sözü haradan meydana gəlmişdi və mənası nədir?

Herodot və digər tarixçilər göstərirlər ki, Zərdüşt dininin ilk ruhaniləri olmuş Moğlar Midiya da yaşamışlar.

Bu tayfanın kişiləri cəmiyyətdə Zərdüşt dininə rəhbərlik edirdilər.

Moqların hətta midyalılardan çox qabaq əsas vəzifələri odu qoruyub saxlamaq olmuşdur. Bu, onların ən mühüm ictimai vəzifəsi idi. Ona görə ki, bütün Azərbaycan torpaqlarında zəngin neft və qaz yataqlarına malik idi. Qazın ildırımdan odlanaraq yana bilməsi kimi təbii xüsusiyyətini nəzərə alaraq demək olar ki, bir sıra başqa xalqlara nisbətən Azərbaycanda insanlar odu daha tez kəşf etmiş, ondan faydalanmışlar. Buna görə də, hər tayfanın bəlli adı olduğu kimi bu tayfanın da adı "ot (od) + ər + pat = odu qoruyan ər" yəni od gözətçisi idi. Şübhəsiz, bu ad o dövrlərdə yaranmışdır ki, Azərbaycanda yaşayan insanlar təbiətdə qaz və ildırımdan alışan odu gördükdə ondan qorunur və oddan qoruyanları isə müqəddəs sayır və od gözətçisi adlandırırdılar.

Od qoruyanlar eli, tayfası və adı əsrlər boyu o zamankı Azərbaycan xalqları arasında olmuş və müqəddəs sayılmışdır. Əhəmənilərin son dövründə həm də bu tayfadan olan Atropat adlı bir nəfər kiçik Midiyanın satrapı olur. Çox ehtimal ki, bu şəxs Atropat tayfasına mənsub olduğu, eyni zamanda dini rəhbərlik vəzifəsini daşıdığı üçün bu adla adlanmışdır. Yəni, onun əsl öz adı yox, daşıdığı həm müqəddəs, həm də siyasi vəzifənin adı olmuşdur. Sonralar yunanlar və sələvkilər dövründə Atropat müstəqil kiçik Midiya və ya Midiya-Atropaten hökumətini yaradır. Demək, Atropat adı satrap Atropatdan çox-çox əvvəl Azərbaycanın o zamankı xalqları, ellərindən biri olmuş və eyni zamanda müqəddəs ad sayılmışdır. Firudin İbrahimi məşhur dilçi Marın bu barədəki fikrini belə nəql etmişdir:

"...Məşhur dil alimi, akademik Mar Atropat sözünün hətta Atropatın səltənətindən daha qabaqkı zamanlardan bəri işləndiyinə inanır. O, yazır ki, Atropat Azərbaycan millətinin əcdadına mənsub olan böyük tayfalardan birinin adı idi ki, bu söz iki hissədən ibarətdir. Birisi Atr (od) mənasında, o birisi isə Pat (mühafizə edən) mənasındadır. Beləliklə, Atropat od mühafizi deməkdir".

(davamı növbəti saylarımızda)