ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Bu avtomobillər astma xəstələrinə ümid vəd edir

Cənubi Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı elektrikli avtomobillərlə ağciyər sağlamlığı arasında əlaqə olduğu ortaya çıxıb. Elm adamlarının fikrincə, elektriklə çalışan avtomobillərdən istifadə ağır astma tutmalarını azalda bilər.

Tədqiqatçılar elektrikli avtomobildən istifadə edən, bronxial astma problemi olan Kaliforniya sakinlərinin sözügedən xəstəlik səbəbindən xəstəxanaya müraciətlərinin sayını təhlil edib. Nəticədə bir il ərzində astma səbəbindən illik təcili tibbi yardım müraciətlərində 3,2 faiz azalma qeydə alınıb.

Nəticələri "Science of Total Environment" jurnalında dərc olunan araşdırmada 2013-2019-cu illər ərzində toplanmış məlumatlardan istifadə edilib. Araşdırma zamanı, həmçinin sosial-iqtisadi vəziyyəti və təhsil səviyyəsi aşağı olan bölgələrdə elektriklə işləyən avtomobillərdən daha az istifadə edildiyi də məlum olub. Tədqiqat müəllifi, dr. Sandrah Ekkelin fikrincə, elektriklə çalışan nəqliyyat vasitələrinə keçid astma probleminin həllinə böyük ümid vəd edir.

Tədqiqatlar göstərir ki, havanın çirklənməsi hər il dünyada təqribən doqquz milyon insanın ölümünə, bir neçə milyon insanda isə diabet, insulinə rezistentlik yaranmasına səbəb olur. Atmosfer çirklənməsi bronxial astma ilə yanaşı, miokard infarkt, insult, xərçəng və digər bu kimi təhlükəli xəstəliklərin yaranmasında "baza" komponenti hesab edilir.

 

Düşüncələri nitqə çevirən beyin-kompüter interfeysi

Stanford Universitetinin tədqiqatçıları düşüncələri nitqə çevirən beyin-kompüter interfeysi (beyinlə kompüter arasında əlaqə sistemi) (BCI) hazırlayıblar. Elm adamları bir dəqiqə ərzində 62 sözün şifrəsini açmağa qadir olan beyin çipinin, danışa bilməyən insanların sürətli ünsiyyət qurmasını təmin edərək rekord qıracağını iddia edirlər.

"Independent Turkish"in xəbərinə görə, yeni çip insanların idraki, yaxud duyğu ilə əlaqədar olan motor funksiyalarına kömək və ya onların nitqlərini bərpa etmək məqsədi daşıyır. Təcrübə zamanı cihazı amiotrofik lateral skleroz (ALS) olan lal bir xəstənin başına inteqrasiya edən alimlər onun əvvəlcədən proqramlaşdırılmış 125 min sözdən ibarət lüğətdən istifadə edərək saniyədə birdən çox söz danışa bilməsinə nail olublar.

Elm adamları danışa bilməyən insanlar üçün nəzərdə tutulmuş BCI sisteminin indiyə qədərki göz izləmə və ya klaviatura əsaslı texnologiyaları geridə qoyacağını söyləyirlər.

Bununla belə, təcrübələrin uğurlu keçməsinə baxmayaraq, yeni sistemin indiyə qədərki mövcud metodları əvəz edə bilməsi üçün təkmilləşdirilməyə ehtiyacı var. Hələ ki bu texnologiya "Science Corp" və İlon Maskın "Neuralink"i də daxil olmaqla bir çox universitetlər və startaplar tərəfindən BCI cihazlarının inkişaf etdirilməsi istiqamətində növbəti səylərdən biri kimi qiymətləndirilir.

 

Dünyanın ən böyük elektrikli bərəsi

Artıq fosil yanacaqlardan istifadə get-gedə həyatımızdan çıxmaq üzrədir. Əvvəlcə elektriklə çalışan avtomobilin, daha sonra isə təyyarələrin, qatarların istehsalı bunun ən bariz nümunəsidir. Karbon emissiyası baxımından ətraf mühitə ən çox zərər verən digər sektorlardan biri olan dənizçilikdə də elektriklə çalışan nəqliyyat sistemlərinin istehsalına başlanılıb. Belə ki, bu yaxınlarda Avstraliyanın ən böyük gəmiqayırma zavodlarından biri "Incat-Tasmania" uzunluğu 148 metr olan "Utility Ro-Pax" adlı dünyanın ən böyük elektrikli bərəsini təqdim edib.

2 min 100 sərnişin, 226 nəqliyyat vasitəsi tutumuna malik elektrikli bərə "Revolution Design" şirkəti tərəfindən dizayn edilib. 5-9 MVt elektrik mühərriki ilə təchiz edilən nəqliyyat vasitəsinin maksimal sürəti saatda 46, qət edə bildiyi məsafə isə 185 kilometrdir. Ekoloji baxımdan ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulan elektrik bərə "Buquebus" şirkəti tərəfindən Argentina və Uruqvay arasında sərnişin daşınması üçün istifadə ediləcək.

Şirkətin direktoru Robert Klifford bu yeniliyin sənayedə inqilab edəcəyinə inanır. O, həmçinin 500 tonluq avadanlıq və yanacaq çəni yerinə, 400 tonluq batareya ilə təchiz edilmiş bərənin istehsalında polad əvəzinə alüminiumdan istifadənin əhəmiyyətli bir üstünlük olduğunu qeyd edib.

 

"Google"dan daha bir yenilik

Dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış "Google" şirkəti bu dəfə də süni zəka əsaslı "MusicLM" adlı alqoritmini təqdim edib. Alqoritmin ən böyük özəlliyi isə istənilən janrda musiqi tərtib edə bilməsidir.

TechXplore.com veb saytının yaydığı xəbərə görə, süni zəka əsaslı alqoritmin təlimatlandırılmasında ümumilikdə 280 min saat təşkil etmiş müxtəlif audio kontentdən istifadə edilib. Alqoritmin çalışma prosesindəki ən diqqətçəkən məqamlarından biri isə müxtəlif musiqi janrlarının və alətlərinin kombinasiyasını reallaşdırmaqla yanaşı, həmçinin abstrakt fikirlərin mətn formatında təqdim edilmiş təsvirləri əsasında musiqiləri tərtib edə bilməsidir. Məsələn, MusicLM özündə kosmik melodiya ilə reggeton (1990-cı illərin sonlarında Puerto-Rikoda yaranmış musiqi və rəqs üslubu) rəqs musiqisini birləşdirmiş mahnını tərtib edə bilib.

İstifadəçi bu və ya digər musiqinin tərtib edilməsi üçün hər hansı fotonu təsvir edə və ya planlaşdırılan musiqini oxuya bilər. Bununla belə, sözügedən alqoritm ideal nəticələrin əldə edilməsi mərhələsindən hələ çox uzaqdır. Alqoritm tərəfindən tərtib edilmiş bəzi musiqilər qəribə səslənir və onların vokal hissələrini ümumiyyətlə, anlamaq mümkün deyil. Bununla yanaşı, "Google" şirkəti "MusicLM"i açıq şəkildə istifadəçilərə təqdim etməyə tələsmir. Belə ki, şirkət müəllif hüquqları ilə bağlı məhkəmə proseslərində iştirak etmək niyyətində deyil. Çünki alqoritm tərəfindən tərtib edilmiş bu və ya digər musiqidə bir-iki not kifayət edir ki, şirkətə qarşı məhkəmə iddiası qaldırılsın.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".