Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Rəng seçimimiz haqqımızda nə deyir?

Hər kəs geyim seçimində fərqli rənglərə üstünlük verir. Bəzi insanlar geyimlərinin rəngini bədən quruluşlarının qüsurlarını ört-basdır etmək, bəziləri yaraşdığı, bəziləri isə sadəcə əhvali-ruhiyyələrinə yaxşı təsir etdiyi üçün seçirlər. Amma elələri də var ki, seçdikləri rəng qətiyyən onlara yaraşmasa da, geyinirlər. Bəs bu nə ilə əlaqədardır?

Əslində, rəng seçimi insanın daxili dünyasını xarakterizə etməklə yanaşı, həm də onun xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir.

Məsələn, qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. İlk baxışdan bədbinliyi təmsil edən bu rəngi sevənlər  özünə qapalı, eyni zamanda özündənrazı və ciddi xarakterə malik olurlar. Həmçinin  qara rəng insanı olduğundan bir neçə çəki az göstərir.  Ağ rəng optimizmi və saflığı simvolizə edir. Həmçinin ədalət, inam və günahsızlıq rəngidir. Adətən bu rəngə üstünlük verənlər təmizliyi sevən, həmçinin  yaradıcı şəxsiyyətlər olur.   Qırmızı  isə cəsarətli, hökmlü, tez coşan insanların rəngidir. Bu rəngi seçən insanlar həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng sahibində özünəinamı artırır.   Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Həmçinin bu rəngi sevənlərin çoxu dəyişkən xarakterli olurlar.  

Boz rəng neytral rəng olub,  ciddi xasiyyətli insanların rəngidir. Bu tip insanlar bitərəf mövqedə olub, heç kimə etibar etmirlər. Əsasən, iş adamları boz rəngli kostyumlara üstünlük verirlər.  Narıncı rəngi isə  xəyalpərəst insanlar sevirlər. Bu rəng qeyri-adi istedaddan, yaradıcılıqdan xəbər verir. Həyat tərzində əyləncələrə üstünlük verən bu insanlar kiməsə hesabat verməyi sevmirlər.   Göy və mavi rəngi sevən insanlar çox əsəbi, emosional olsalar da, romantik xüsusiyyətləri  ilə fərqlənirlər. Yaşıl sakitliyi sevənlərin rəngidir. Eqoist olan bu insanlar həyatın bütün çətinliklərini aşmağa qadirdirlər.   Geyimlərində bənövşəyi rəngə üstünlük verənlər romantik, emosional, daim axtarışda olurlar. Onlar kəşf etməyi sevirlər, həyatın sirlərini açmağa can atırlar. Tünd-bənövşəyi rəngi sevənlər isə depressiyaya tez-tez düşürlər.

 

 

İtlər bu insanlara qarşı daha səbirli imiş...

Vyana Universitetinin tədqiqatçıları itlərlə bağlı maraqlı bir araşdırma aparıblar.  İtlərin insanların niyyətlərini anlamaq qabiliyyətinə malik olub-olmadığını araşdıran alimlər onların bacarıqsız insanlara  pis insanlardan daha səbirli davrandıqlarını ortaya çıxarıblar.

Təcrübələr zamanı itlərin onlara  dadlı yemək vermək istəyən, lakin bacarıqsızlıqları ucbatından bunu edə bilməyənləri sırf onları qəzəbləndirmək məqsədilə yeməyi göstərib verməyənlərdən ayırd edə bildikləri məlum olub. Tədqiqat rəhbəri  dr. Christoph Völter  bu qabiliyyətin insanlardan savayı heyvanlarda da olub-olmamasının indiyə qədər müzakirə mövzularından biri olduğunu bildirib.

Sözcü.com.tr veb saytının yaydığı xəbərə görə, 96 it üzərində aparılan təcrübə zamanı itlər iki ssenari ilə qarşılaşıblar. Əvvəlcə tədqiqatçılar onlara yemək təklif etdikdən  dərhal sonra  yeməyi geri götürüblər. Daha sonra isə onlara yemək verərkən  içi yeməklə dolu qabı  təsadüfən yerə düşürmüş kimi davranıblar. Hər iki ssenaridə fərqli davranışlar sərgiləyən heyvanlar onlar üçün nəzərdə tutulan  yeməyi əlindən yerə salan tədqiqatçılara qarşı daha nəzakətli və səbirli davranıblar. Tədqiqatın nəticələri göstərib ki, itlər də şimpanzelər və Afrika boz tutuquşuları kimi  insanların niyyətini anlayan  heyvanlar qrupuna aiddir.

İtlərin müəyyən situasiyalarda  bir çox şeyləri insanların nöqteyi-nəzərindən görə bildiklərini tədqiqat müəllifi belə izah edib.  "Məsələn, əgər siz təsadüfən itinizin quyruğuna basmısınızsa o, bunu bilmədən etdiyinizi anlayacaq və sizə kin saxlamayacaq".

 

Beynimiz tanış üzləri necə xatırlayır?

Adətən daha əvvəl gördüyümüz biri ilə qarşılaşdıqda onu dərhal xatırlayırıq. Lakin bəzən  isə adını belə xatırlaya bilmədiyimiz  birini görəndə  "sanki bu insanı nə vaxtsa görmüşəm, üzü çox tanış gəlir" deyə fikrə dalırıq. Heç düşünmüsünüzmü beynimizdə bu proses necə baş verir?

Livescience.com veb saytının yaydığı xəbərə görə, Rokfeller Universitetinin alimləri beynin tanış simaları necə xatırlaması ilə bağlı araşdırma aparıblar. Üzləri tanıya bilmə qabiliyyəti ilə insanlara çox bənzəyən makaka meymunları üzərində təcrübə aparan tədqiqatçılar heyvanların beynində indiyədək elmə məlum olmayan, vizual yaddaşla bağlı iki sahə aşkar ediblər. Tədqiqatın nəticələri göstərib ki,  beynin qavrayış prosesində şəxsən tanınan üzlər vizual olaraq tanınanlardan xüsusilə fərqlənir.

Təcrübə zamanı makakaların tanıdığı üzləri müəyyən edərkən onların beynində daha  əvvəl kəşf edilməmiş iki sahənin aktivləşdiyi müşahidə edilib. Bu sahələrdən biri beynin şüurlu şəkildə xatırlana bilən  deklarativ yaddaşla əlaqəli bölgəsində, digəri isə sosial iyerarxiyada (hissələrin ardıcıllıqla düzülməsi) şəxsi məlumatları ehtiva edən bölgədə yerləşir. Yaddaşın bu xüsusi forması yalnız primatlarda və insanlarda inkişaf edir.

Alimlərin fikrincə, tapıntılar üz tanınmanın əsasını təşkil edən neyron mexanizmləri və beynin müxtəlif tanışlıqlara necə reaksiya verdiyini daha ətraflı araşdırmağa yol açacaq. Digər tərəfdən isə  kəşf edilən bu iki sahə beynin müxtəlif növ məlumatlarla əlaqəli bölgələrində yerləşdiyi üçün  idrak və qavrayış proseslərinin öyrənilməsinə də kömək edə bilər.

 

Dünyanın ən qeyri-adi vərdişləri

Elə bir insan yoxdur ki, özünəməxsus vərdişləri olmasın. Həyatımızın ayrılmaz  hissəsi olan vərdişlər beynimizdən kənarlaşdıra bilmədiyimiz düşüncə və xəyallardır. Hansı ki, bu düşüncələri həyata keçirmək üçün daim can atırıq.  Doğulduğumuz gündən bu yana müxtəlif vərdişləri mənimsəyir, bəzən isə şüurlu şəkildə onları formalaşdırırıq. Bu vərdişlərin əksəriyyəti başqalarında da olduğu üçün ətrafdakılara qəribə görünmür. Lakin elə vərdişlər var ki, asılılıq yaratmaqla yanaşı, qeyri-normal qarşılanır.

Belə vərdişlərdən biri də  "doromaniya" - daima hədiyyə vermək aslılığıdır. Əslində hədiyyə bağışlayaraq insanları xoşbəxtetmə istəyi normaldır. Lakin elə insanlar var ki, bu, onlarda anormal hala çevrilib. Belə insanlar bütün günlərini hədiyyə axtararaq keçirirlər.

Daima günahkar olduğuna inanmaq da qeyri-adi vərdişlər arasındadır. "Enosimaniya" adlanan bu asılılıq zamanla tərləmə, ürəkdə ritm pozğunluğu kimi bir çox xəstəliklərə də səbəb ola bilir.

"Ablutomaniya" kimi tez-tez əlləri yumaq asılılığı da anormal hesab edilən  vərdişlərdən biridir. Bu vərdişə tutulanlar hər hansısa bir əşyaya toxunduqdan dərhal sonra əllərini yuyurlar. Bəzən bunu həmin insanın keçirdiyi psixoloji problemlərlə əlaqələndirirlər.

Qeyri-adi vərdişlərdən biri də "demonomaniya" - pis ruhların, cin, şeytan, iblisin  bədəni istila etməsi düşüncəsidir. Bu asılılığa tutulanlar daima bədənlərinin fövqəltəbii varlıqlar tərəfindən ələ keçirildiyi fikrinə qapılırlar. Qorxu filmi izləməyi sevənlərdə isə bu halın başvermə ehtimalı daha çoxdur.

Digər qeyri-adi vərdişlərdən biri də evlilik asılılığı - "gamomaniya"dır. Belə vərdişi olan şəxslər eyni anda bir neçə insana evlilik təklifi edə bilərlər. Psixoloji bir narahatlıq olaraq görülən bu asılılıq insanda həddindən artıq evlənmək istəyi oyadır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".