DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ TÜRKİYƏYƏ YARDIM VƏ DƏSTƏYİ DAVAM ETDIRƏCƏK

Kahramanmaraşda baş vermiş yeraltı təkanlar əsrin ən şiddətli zəlzələləri arasındadır. “Teleqraf.com”un xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Bu zəlzələ əsrin ən şiddətli zəlzələlərindən biridir. Türkiyəyə dəstək davam edəcək. Dünyasını dəyişənlərə başsağlığı veririk, yaralananlara şəfa diləyirik, xilasetmə qruplarına uğurlar arzulayırıq”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Ned Prays dövlət katibi Entoni Blinkenin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdığını və ABŞ-ın zəlzələ bölgəsinə necə dəstək verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparıldığına dair məlumatı paylaşaraq, ABŞ-ın 200 nəfərlik təbii fəlakətə yardım qrupunun zəlzələ bölgəsində olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, dəhşətli zəlzələdən zərər çəkən Suriyaya da dəstək verdiklərini ifadə edən Ned Prays sərhəd qapılarını humanitar yardıma açdığı üçün Türkiyəni təqdir etdiklərini bəyan edib.

Suriyaya yardımın ABŞ dəstəkli təşkilatlar vasitəsilə çatdırıldığına diqqət çəkən mətbuat katibi Bəşər Əsəd rejimini humanitar yardımların əldə edilməsinə icazə verməyə çağırıb.

 

MOLDOVA HÖKUMƏTI İSTEFA VERİB

Moldovanın baş naziri Nataliya Qavrilitsa fevralın 10-da istefa verib. “Report” agentliyinin verdiyi xəbərə görə,  baş nazir Moldova prezidentinin iqamətgahında gərgin keçən görüşdən sonra istefa haqqında qərarını açıqlayıb.

Nataliya Qavrilitsanın sözlərinə görə, ölkənin üzləşdiyi çoxsaylı böhranlara baxmayaraq, başçılıq etdiyi hökumət irəliləyiş əldə edib: “Moldova xalqı Avropa İttifaqına inteqrasiyanın bütün üstünlüklərindən istifadə etməyə layiqdir”.

Eyni zamanda, baş nazirin sözlərinə görə, hökumət Avropa İttifaqına üzvlük üçün hakimiyyətdən aldığı dəstəyi daxili məsələlər üçün də alsaydı daha da yaxşı nəticələr əldə etmək olardı.

Məlumat üçün qeyd edək ki, Moldova Konstitusiyasına görə, baş nazirin istefası hökumətin istefası deməkdir.

 

POLŞADAN SAAKAŞVİLİNİN MÜALİCƏSİ ÜÇÜN GÜRCÜSTANA TƏKLİF

“Polşa Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini müalicə üçün qəbul etməyə hazırdır”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Polşanın baş naziri Mateuş Moravetski bildirib.

“Saakaşvilinin Polşada müalicə edilməsi üçün Gürcüstan hökumətinə təkliflər verərək, bu mövzuda bir çox hökumət başçısıları ilə danışmışam”, - deyə Polşa baş naziri qeyd edib.

Eyni zamanda, Mateuş Moravetskinin sözlərinə görə, Xarici İşlər Nazirliyi hazırda müraciət hazırlayır və Gürcüstan hakimiyyəti avrointeqrasiya istəklərinə müsbət cavab almaq istəyirsə, bu müraciəti ciddi şəkildə qəbul etməlidir.

Xatırladaq ki, bir aydan çox davam edən aclıq aksiyasından və mümkün zəhərlənmədən sonra Saakaşvilinin səhhəti ciddi şəkildə pisləşib. Ukrayna hakimiyyəti Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi üçün Gürcüstana müraciət ünvanlayıb. Gürcüstan məhkəməsi eks-prezidentin müalicəyə buraxılmasından imtina edib.

 

İSRAİLDƏN İRANA SURİYA İLƏ BAĞLI CİDDİ XƏBƏRDARLIQ

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat göndərsə İsrail buna çox sərt cavab verəcək. “Report”un “Iran International” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin hərbi mənbələri bildirib.

Məlumata əsasən, əgər İran Suriyaya xilasetmə əməliyyatı adı altında hansısa hərbi yük göndərərsə, İsrail tərəddüt etmədən həmin karvana hücum edəcək.

Bildirilib ki, İranın Bəşər Əsəd rejimi və Livandakı “Hizbullah”a vəziyyətdən istifadə edərək hərbi texnika və silah-sursat göndərməyi planlaşdırdığına dair məlumatlar var.

İsrail mənbələrinin məlumatına görə, İran Suriyaya humanitar yardım adı altında artıq bir neçə yük təyyarəsi göndərib.

 

DAĞINTILAR ALTINDAN ÇIXARILAN “MÖCÜZƏ”

Türkiədə fevralın 6-da baş verən şiddətli zəlzələlərdən təsirlənən Suriyada yıxılan bir binanın dağıntılarının altında qalan hamilə qadının dünyaya gətirdiyi körpənin xilas edilməsi dünya mətbuatında gündəm olub.

“TRT” telekanalının verdiyi xəbərə görə, Suriyanın Afrin şəhərin binanın dağıntıları altında dünyaya göz açan Aya (ərəb dilində “möcüzə”) adlı verilən körpə xilas edildiyində hələ də anasına göbək bağı ilə bağlı idi.

Məlumata əsasən, körpənin anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib. Aya hazırda xəstəxanadadır. Ona nəzarət edən pediatr Hani Maruf bildirib ki, körpə xəstəxanaya çatdırıldıqda vəziyyəti ağır olsa da, indi səhhəti yaxşıdır.

Qeyd edilir ki, dağıntılar altından çıxarıldıqdan sonra uzaq qohumu Xəlil əl-Suvaydi adlı şəxs tərəfindən xəstəxanaya aparılan Ayanın xilas edildiyinə dair görüntülər sosial mediada rekord həddə izlənilib və minlərlə insan onu necə övladlığa götürə biləcəyi sualını ünvanlayıb.

Xəstəxana müdiri həkim Attiah Xalidin sözlərinə görə dünyanın müxtəlif ölkələrindən Ayanı övladlığa götürmək istəyən insanlar zəng edir. Lakin həkim bu tələblərə müsbət yanaşmadıqlarını, qohumları gələnədək ona övladı kimi baxacağını bildirib.

 

BÖYÜK BRİTANİYA ARKTİKA ÜZRƏ RUSİYA İLƏ ƏMƏKDAŞLIĞA SON QOYUB

Böyük Britaniya Arktika məsələləri üzrə Rusiya ilə tamhüquqlu əməkdaşlıqdan imtina edib, lakin Ukraynadakı müharibənin bitməsi halında təmasların bərpasını istisna etməyib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə fevralın 9-da dərc olunan Böyük Britaniyanın Arktika Siyasətinin Əsaslarında qeyd olunur.

“Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına cavab olaraq, Böyük Britaniya hökumətlər arasında qarşılıqlı əlaqəni, o cümlədən elm və innovasiya komandamız və birgə tədqiqat layihələri vasitəsilə olan əlaqəni dayandırıb. Beləliklə, hazırda Arktika məsələlərində əməkdaşlıq yalnız qəfil ehtiyac yarandıqda baş verə bilər və bu siyasət gələcəkdə nəzərdən keçirilə bilər”, - deyə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı sənəddə vurğulanır.

Sənədin mətnində bildirilir ki, Böyük Britaniya Arktikada Rusiyanın əhəmiyyətli iştiraka malik olduğunu və təbii dəyişikliklərə cavab verərkən onu daha da gücləndirməyə çalışacağını qəbul edir. “Rusiyanın bu addımlarında beynəlxalq hüquq normalarına əməl edəcəyini gözləyirik”, - deyə bəyanatda qeyd olunur.

 

TürkiyƏdƏ ZƏLZƏLƏ ZAMANI HƏYATINI İTİRƏNLƏRİN

DƏFN proseduru başlayıb

Türkiyənin on bölgəsində baş verən 7,7 bal gücündə zəlzələ zamanı həyatını itirənlərin dəfn olunması mərasimi keçirilir. “Teleqraf.com”un verdiyi xəbərə görə, zəlzələdən ciddi ziyan çəkən Hatayın Antakya rayonunda “Zəlzələ qəbiristanlığı” yaradılıb.

Qeyd edilir ki, Pazarcık və Elbistanda baş verən iki zəlzələ nəticəsində Hatayda minlərlə insan həyatını itirib. Artıq Antakya rayonunda dəfn prosedurlarına başlanılıb. Dəfn üçün cəsədlərin yuyulması və digər işlər üçün sahələr yaradılıb.

Məlumata əsasən, xəstəxanada yarılma əməliyyatı tamamlanan cənazələr nəqliyyat vasitələri ilə “Zəlzələ qəbiristanlığı” ərazisinə gətirilir və dini ənənələr yerinə yetirilərək dəfn edilir. Dəfn prosedurlarında hər cənazə üçün dua oxunur və namaz qılınır. Daha sonra din xadimlərinin müşayiəti ilə cənazələr dəfn olunur.

Eyni zamanda, dəfn prosesini sürətləndirmək və qarışıqlığa yol verməmək üçün məzar daşları ad əvəzinə nömrələnir. Həmçinin cəsədlər müxtəlif şəhərlərdə dəfn etmək istəyənlərə çatdırılır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.