İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

İki boksçumuz “Qızıl kəmər” seriyasının qalibi olub

Mərakeşdə boks üzrə "Qızıl kəmər" seriyası çərçivəsində keçirilən görüşlərdə boksçularımız uğurlu mübarizə aparıblar. Millimiz 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirini 5 medalla başa vurub. Ümid Rüstəmov (57) finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan boksçumuz yekunda 5:0 hesabı ilə çempion tituluna yiyələnib. Nəbi İsgəndərov (67 kq) finalda Rusiya təmsilçisini 4:1 hesabı ilə məğlub edərək birincilik qazanıb. 86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes isə gümüş medalla kifayətlənib. Finalda fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Komandamızın heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər. Yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700 və üçüncüsü 500 reytinq xalı əlavə edib.

 

Tural Sarıyevdən bürünc medal

Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib. Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü yarımfinalda Qazaxıstan idmançısına məğlub olaraq yarışı bürünc medalla başa vurub.

 

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunu keçirilib. Voleybol Mərkəzində 6-cı tur çərçivəsində təşkil olunan görüşdə MOİK "Neftçi" ilə üz-üzə gəlib. Matç "Neftçi"nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18. Turnir cədvəlində 14 xalla "Murov" komandası liderdir. 9 xala malik "Xarı bülbül" və "Neftçi" komandaları müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. MOİK isə 1 xalla sonuncudur.

 

Sablyaçılarımız dünya kuboku yarışlarında

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edir. Dünya reytiqində birinci sırada qərarlaşan Anna Başta mübarizəyə əsas mərhələdən başlayacaq. Digər sablyaçılarımızdan Səbinə Kərimova və Zərifə Hüseynova da əsas mərhələdə mübarizə aparacaqlar. Qrupda 4 qələbəsi olan Səbinə Kərimova 64-lüyə yüksəlmək uğrunda keçirilən yarışda qalib olub. Zərifə Hüseynova da rəqibini 15:13 hesabı ilə məğlub edərək əsas mərhələdə mübarizə aparmaq hüququ qazanıb. Anna Başta əsas mərhələdə italyan Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq. Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini uğurla adlasa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".