DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

EMMANUEL MAKRON TÜRKİYƏ İLƏ HƏMRƏY OLDUQLARINI BİLDİRİB

Fransa prezidenti Emmanuel Makron fevralın 6-da Kahramanmaraşda baş verən təbii fəlakətlə əlaqədar Türkiyə ilə həmrəy olduqlarını bildirib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə dövlət başçısı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) liderlərinin zirvə toplantısından sonra mətbuata açıqlaması zamanı bəyan edib.

E.Makron Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərlə bağlı bunları deyib: “Türkiyə və Suriyanın şimal-qərbində baş verən dəhşətli zəlzələ ilə bağlı həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istərdim”.

Zəlzələ günü prezident Rəcəb Tayyib Ərdoğana zəng vurduğunu və başsağlığı verdiyini xatırladan Makron Fransa da daxil olmaqla bir çox Aİ ölkəsinin təbii fəlakət zonasına mülki müdafiə qrupları göndərdiyini vurğulayıb.

Bununla yanaşı, ölkəsindən 140 nəfərlik bir qrupun Türkiyədəki xilasetmə işlərinə qatıldığını qeyd edən Emmanuel Makron ehtiyac və prioritetlərə uyğun olaraq həmrəylie yardımlarını artırmağa hazır olduqlarını diqqətə çatdırıb.

 

ABŞ KÖRFƏZ ÖLKƏLƏRİLƏ İRANLA BAĞLI MÜZAKİRƏLƏR APARACAQ

ABŞ Administrasiyasının rəsmiləri fevralın 13-16-da Səudiyyə Ərəbistanında Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin nümayəndələri ilə İran, hava hücumundan müdafiə və terrorizmlə mübarizəyə dair məsələlər üzrə məsləhətləşmələr aparacaq. “Report”un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Məlumata əsasən, ABŞ-ın nümayəndə heyəti Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının işçi qruplarının iclaslarında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək. Dövlət Departamentindən vurğulanıb ki, Ər-Riyadda keçiriləcək məsləhətləşmələrdə üç əsas məsələ müzakirə olunacaq: inteqrasiya olunmuş hava və raket hücumundan müdafiə, dəniz təhlükəsizliyi, İran və terrorizmlə mübarizə.

ABŞ nümayəndə heyətinə İran üzrə xüsusi nümayəndə Robert Malli, Dövlət Departamentinin terrorla mübarizə üzrə əlaqələndiricisi vəzifəsini icra edən Kristofer Lendberq, müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Stroul və başqa diplomatlar, hərbi rəsmilər daxil olacaq.

 

NATO TÜRKİYƏYƏ XÜSUSI HƏRBI SIĞINACAQLAR GÖNDƏRƏCƏK

NATO müttəfiqləri zəlzələlərdən zərər çəkənlərin yerləşdirilməsi üçün Türkiyəyə yarıdaimi xüsusi sığınacaqlar göndərmək qərarına gəliblər. Bu barədə “TRT” telekanlı məlumat yayıb.

Açıqlamaya əsasən, göndəriləcək sığınacaqlar alyansın təlim və əməliyyatlarında istifadə olunan qərargah komplekslərindən ibarət olacaq.

NATO hərbi rəsmiləri hazırda sığınacaqların daşınması üçün ən uyğun logistika və marşrutları qiymətləndirirlər.

Bu sığınacaqlar qurulduqdan sonra NATO ölkələrinin  göndərməyə başladığı qış şəraitinə uyğun çadırların yerləşdirilməsi ilə tamamlanacaq.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqlərin qərarını alqışlayaraq alyansın Türkiyə ilə həmrəy olduğunu bildirib.

 

MEKSİKADA İÇƏRİSİNDƏ İNSAN QALIQLARI OLAN 70-ə YAXIN KİSƏ TAPILIB

Meksikanın Mexiko ştatında içərisində insan qalıqları olan 68 kisə aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə “El Milenio” qəzeti məlumat yayıb.

Kisələr bölgənin paytaxtı Toluca şəhəri yaxınlığındakı doqquz gizli məzarlıqda tapılıb. Qeyd olunub ki, həmin ərzidə fəaliyyət göstərən dəstələrdən birinin saxlanılan üzvləri bu barədə rəsmi orqanlara xəbər veriblər.

Eyni zamanda, kisələrdə neçə nəfərin cəsəd qalıqlarının olması barədə məlumat yoxdur. Hərbçilər, eləcə də Mexiko ştatının polisi və Prokurorluğu qalıqların axtarışını davam etdirir.

Rəsmi hesablamalara görə, 1964-cü ildən 2022-ci ilə qədər Meksikada itkin düşənlərin sayı 100 min nəfəri keçib.

 

BAYDEN KONQRESDƏN ABŞ TARİXİNİN ƏN BÖYÜK HƏRBİ BÜDCƏSİNİ TƏLƏB EDƏ bilƏR

ABŞ prezidenti Cozef Bayden administrasiyası Konqresdən silahların tədarükü ilə bağlı 2024-cü il üçün ölkə tarixində ən böyük hərbi büdcə tələb etmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini Maykl Makkordun bəyanatına istinadən məlumat yayıb.

Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ-ın müdafiə qurumu Ukraynadakı münaqişədə rəsmi Kiyevin silahla təchizatına və dəstəklənməsinə sərmayə qoyacaq.

“Mən bunun Konqresin ötən il təsdiqlədiyindən daha çox olacağını gözləyirəm”, - deyə Maykl Makkord vurğulayıb.

Nəşrin məlumatına görə, Bayden administrasiyası martın 9-da ictimaiyyətə açıqlanacaq büdcə layihəsinin maliyyə miqdarı ilə bağlı qərar verməyə çox yaxındır.

Məlumat üçün qeyd edək ki, ABŞ-ın 2022-ci il üçün müdafiə xərcləri rekord həddə - 858 milyard dollara çatıb.

 

RUMINİYA ƏRAZİSİNƏ DÜŞƏN RAKET RUSİYA VƏ NATO ARASINDA GƏRGİNLİYƏ

SƏBƏB OLACAQMI?

Fevralın 10-da rus raketlərinin Rumıniya ərazisinə düşməsi Rusiya ilə NATO ölkələri arasında gərginliyə səbəb olmayacaq. “Teleqraf.com”un xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitik təhlilində bildirilir.

Amerikalı analitiklərin sözlərinə görə, kütləvi raket zərbələri Ukraynadan kənarda periferik risklər yaratmağa davam edəcək. Ekspertlər təkcə fevralın 10-da Rumıniya və Moldova üzərindən həyata keçirilən uçuşları deyil, həm də 2022-ci il noyabrın 15-də Polşada baş verən hadisəni xatırladıblar.

Ekspertlərin fikrincə, NATO və ayrı-ayrı üzv dövlətlər Rusiya təyyarələrinin və raketlərinin təsadüfi və ya qəsdən uçuşlarına cavab olaraq öz davranışlarına və eskalasiya dərəcəsinə tam nəzarət edirlər. “Vladimir Putin NATO ilə müharibəyə can atmır və çətin ki, son gəlişmə birbaşa eskalasiya riskini daşısın”, - deyə analitik təhlildə qeyd olunur.

Məlumata görə, ABŞ Dövlət Departamenti də hesab edir ki, hazırda Rusiyadan Moldova və ya Rumıniyaya birbaşa hərbi təhlükənin heç bir əlaməti yoxdur.

 

Aİ LİDERLƏRİ MİQRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ ƏN SƏRT addımları razılaşıblar

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə miqrasiya məsələləri ilə bağlı ən sərt nəticələrə gəliblər. “Trend”in məlumatına görə, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti xəbər verib.

Bildirilir ki, Avropa liderləri üzv dövlətlərin sərhədlərin müdafiəsi, xüsusən havadan müşahidə üzrə potensialının və infrastrukturunun möhkəmləndirilməsi üçün Avropa Komissiyasını (AK) dərhal vəsait ayırmağa çağırıblar. Aİ-nin ilk dəfədir ki, xarici sərhədlərində nəzarət infrastrukturunu maliyyələşdirdiyi qeyd olunur.

Məlumata əsasən, Brüssel sərhəd divarlarının inşası üçün tikinti materialına görə ödəniş etməsə belə, zəruri avadanlığı maliyyələşdirə və bu ehtiyacların qarşılanması üçün mühüm resurslar cəlb edə bilər. Qəzetdə həmçinin AK-nın Bolqarıstan hokuməti tərəfindən hazırki sərhəd divarının öz funksiyasını yerinə yetirməsi üçün genişləndirilməsi ilə bağlı pilot layihənin reallaşdırılmasına kömək edəcəyi vurğulanır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.