Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Robot arılar qurtuluşumuz ola bilər

Arıların çicəkli bitkilərin tozlanmasında mühüm rol oynadığı hər kəsə məlumdur. Ekosistemin inkişafında əvəzsiz rolu olan tozlanma prosesi qida təhlükəsizliyi biomüxtəlifliyin qorunması baxımından vacib olduğu üçün bəşəriyyətin arı populyasiyasına çox böyük ehtiyacı var. Lakin son dövrlər iqlim böhranı səbəbindən onların getdikcə azalması bəşəriyyətin qida ehtiyatlarını risk altına alır. Bu səbəbdən Finlandiyanın Tampere Universitetinin alimləri çiçəklərdə tozlanma prosesini həyata keçirə bilən robot arılar hazırlayıblar.

"FAIRY" (pəri) adlı layihə ilə robot arıların polen (nektar) toplamaq üçün havaya buraxılacağı bildirilib. Milyonlarla kiçik robotların külək vasitəsilə çiçəkli bitkilərin olduğu böyük ərazilərə buraxılacağını söyləyən tədqiqatçılar, onların lazer şüası ilə istiqamətləndirilərək idarə ediləcəyini qeyd ediblər.

Mütəxəssislər gələcəkdə sərbəst şəkildə qanad aça bilən, işığa həssas olan robot arıların günəş işığında da, işləyə bilməsi üçün çalışacaqlarını vurğulayıblar. Həmçinin belə robotların GPS sensorlar kimi mikroelektron cihazları daşıya bilmələri hədəflənir.

İnformasiya techxplore.com veb saytında yayımlanıb.

 

Marsda qurumuş gölün izləri tapılıb

ABŞ Aerokosmik Agentliyinin (NASA) "Curiosity" adlı kosmik gəmisi Marsda kifayət qədər quru olduğu təxmin edilən qədim gölün varlığına dair dəlillər tapıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, NASA "Curiosity" kosmik gəmisinin 2012-ci ildən bəri ekspedisiyada olduğu Marsda milyonlarla il əvvəl mövcud olan gölün meydana gətirdiyi qaya səthlərində dalğaların buraxdığı izləri xatırladan görüntülər göndərdiyini açıqlayıb. Bu barədə Kaliforniyanın "Jet Propulsion" laboratoriyasının layihə meneceri Aşvin Vasavada açıqlama verib. Onun sözlərinə görə, bu kəşf bütün missiya ərzində su dalğaların mövcudluğuna dair əldə edilən ən güclü sübutdur. Vasavada, həmçinin qeyd edib ki, indiyə qədər olan missiyalar zamanı bir çox göl yatağı araşdırılsa da, heç vaxt bu qədər aydın görünən dalğa izlərinə rast gəlinməyib.

Kosmik gəminin daha əvvəl Marsda göllərin varlığına dair sübutlar tapdığı iddia edilmişdi. Lakin Geyl Kraterində suyun varlığına dair bu qədər güclü dəlil əldə edilməmişdi. NASA alimləri bu kəşfin Sharp dağının ən yüksək nöqtələrini araşdırmağa imkan verəcəyini söyləyirlər. Həmçinin yeni dəlillər Marsın keçmişdə Yerə bənzər daha isti iqlimə bol suya malik planetdən donmuş bir səhraya necə təkamül etdiyini öyrənməyə imkan verəcək.

 

"Boston Dynamics"in insanabənzər robotu

 

ABŞ-ın "Boston Dynamics" şirkəti "Atlas" adlı məşhur insanabənzər robotun yeni bacarıqlarını əks etdirən görüntülərini yayımlayıb. Bu dəfə əsl işgüzar mühitdə sınaqdan keçirilən robot hədəfinə çatmaq üçün tullanıb, ağırlıq qaldırıb, ən maraqlısı isə havada salto vuraraq görənləri heyrətə gətirib.

Məşhur Massaçusets Texnologiya İnstitutunun törəmə şirkəti olan "Boston Dynamics", indiyə qədər inkişaf etdirdiyi Spot Atlas kimi robotları ilə dünya miqyasında şöhrət qazanıb. Qeyd edək ki, sektorun aparıcı şirkəti "Atlas"ın ərsəyə gətirilməsi üçün bir neçə il vaxt sərf edib.

Yayımlanan videolarda robot akrobatik hərəkətlərdən mürəkkəb rəqs hərəkətlərinə qədər bir çox insana xas bacarıqları ilə diqqət çəkib. Robotun sınaq məqsədi ilə qurulmuş tikinti mühitində taxta parçasını götürüb dirəklərə doğru dırmanması eyni zamanda qarşısına çıxan bütün maneələri dəf edərək estakadaya tərəf gedib alət çantasını yuxarıdakı işçiyə çatdırması ətrafdakıların marağına səbəb olub. Videonun sonunda isə klassik şousunu da göstərməyi unutmayan Atlas 540 dərəcə salto vuraraq vəzifəsini uğurla yerinə yetirib.

 Hazırda yalnız tədqiqat layihəsi səviyyəsində olan robotun satışa çıxarılması düşünülmür gələcəkdə onun daha da təkmilləşdirilməsi planlaşdırılır.

İnformasiyanı yenisafak.com veb saytı yayıb.

 

 

Süni zəka əsaslı ChatGPT çat-botu imtahandan uğurla keçib

OpenAI şirkətinin süni zəkaya əsaslanan ChatGPT çat-botu ABŞ-da tibbi lisenziyanı əldə etmək üçün nəzərdə tutulmuş imtahandan demək olar uğurla keçib.

Həkimliyə namizəd olan insanlar üçün sözügedən lisenziyanın əldə edilməsi olduqca çətindir. Lakin süni zəka əsaslı ChatGPT çat-botu tibb sahəsi üzrə heç bir hazırlıq kursu keçmədən, yalnız internetdə mövcud olan məlumatlardan istifadə etməklə sözügedən imtahandan müvəffəqiyyətlə keçməyə yaxın olub. Məlumat üçün qeyd edək ki, hələ bir neçə müddət bundan öncə ChatGPT dünyanın ən nüfuzlu biznes məktəblərindən birində imtahandan uğurla keçmişdi.

US Medical Licensing Exam (USMLE) imtahanını vermə cəhdi isə sözügedən çat-botun növbəti nailiyyəti olub. USMLE imtahanından keçməyi planlaşdıran real şəxs 300-400 saatlıq hazırlıq prosesindən keçməlidir. ChatGPT-nin ardıcıl şəkildə öyrənmə müvafiq mövzu üzrə suallara cavab verə bilmək bacarıqları gələcəkdə süni zəka sistemlərinin tibbi konsultasiya verə biləcəyinə ya diaqnozların daha dəqiq şəkildə təyin olunması üzrə real həkimlərin köməkçilərinə çevriləcəyinə ümid verir.

Qeyd edək ki, çat-botu USMLE imtahanında sınayan "Ansible Health" adlı startap olub.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".