DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÜST: AVROPADA ƏSRİN ƏN DAĞIDICI TƏBİİ FƏLAKƏTİNƏ ŞAHİDLİK EDİRİK

“Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”. “Report” agentliyinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüge Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlamasında bildirib.

Təşkilat rəsmisi zəlzələ bölgəsində möcüzəvi xilasetmə əməliyyatlaından bəhs edərək, fəlakətin miqyasının böyük olduğunu vuruğlayıb. O, Türkiyə xilasedicilərinin qəhrəmanlığının şahidi olduqlarını da dilə gətirib.

ÜST nümayəndəsi təbii fəlakətin dağıdıcılığından söz açaraq bunu “Əsrin ən dəhşətli təbii fəlakəti” adlandırıb.

Eyni zamanda, Hans Klüge Türkiyə və Suriyaya 43 milyon dollarlıq dəstəkdən danışarkən bu məbləğin yaxın günlərdə ən azı iki dəfə artacağına əmin olduğunu bildirib.

H.Klügenin sözlərinə görə, Türkiyə və Suriyada zəlzələdən zərər çəkən 26 milyon insanın humanitar yardıma ehtiyacı var.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 min nəfəri keçib.

 

ABŞ-dan UKRAYNAYA UZAQMƏNZİLLİ RAKETLƏR VERMƏMƏK ÜÇÜN YENİ SƏBƏB

ABŞ Ukraynaya uzaqmənzilli “ATACMS” raketlərinin tədarükünə başlamaq niyyətində deyil, çünki rəsmi Vaşinqton bu raketlərin çatışmazlığından narahatdır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə  “Politico” nəşri yazır.

Nəşrin Pentaqondakı mənbələri bildiriblər ki, amerikalılar qapalı görüşlərdə ukraynalı tərəfdaşlarına ilkin olaraq kiçik raket ehtiyatları barədə açıq bəyan ediblər.

“ATACMS”in Şərqi Avropadakı döyüş meydanına yerləşdirilməsi ABŞ-ın ehtiyatlarını azaldacaq və ABŞ ordusunun gələcək döyüşə hazırlığına zərər verəcək”, - deyə mənbələr bildiriblər.

Bununla yanaşı, nəşr əlavə edib ki,  ABŞ raketlərin Ukrayna tərəfindən istifadəsinin genişmiqyaslı eskalasiyaya səbəb olacağı ilə bağlı da narahatdır.

Müzakirələrdən xəbərdar olan mənbənin sözlərinə görə, Kiyev Vaşinqtona xidmətdə olan müttəfiq ölkələrdən birindən “ATACMS” raketlərinin alınmasını təklif etməklə bu problemdən çıxmağa çalışır.

 

ÇİN NATO-NU XƏYALİ DÜŞMƏNLƏR YARATMAMAĞA ÇAĞIRIB

Çin Xarici İşlər Nazirliyi NATO-ya xəbərdarlıq edərək, Şimali Atlantika Alyansını Çinə böhtan atmağı və xəyali düşmənlər yaratmağı dayandırmağa çağırıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

“Çin NATO-nu əsassız ittihamları dayandırmağa, xəyali düşmənlər yaratmağa, səlahiyyətlərini aşmağa son qoymağa çağırır”, - deyə Vanq Venbin vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirmişdi ki, Rusiya və Çin ikitərəfli əməkdaşlığı bütün sahələrdə fəal şəkildə inkişaf etdirəcək. Onun sözlərinə görə, hər iki tərəf dövlət başçılarının strateji rəhbərliyi altında xalqların rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığı bundan sonra da fəal şəkildə davam etdirəcək.

 

BÖYÜK BRİTANİYA “BREXİT” NƏTİCƏSİNDƏ 35 MİLYARD DOLLAR İTİRİB

Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxması  nəticəsində 35,2 milyard dollar dəyərində investisiya itirib. “Trend” agentliyinin məlumatına görə, bu barədə İngiltərə Bankının Pul-Kredit Siyasəti Komitəsinin nümayəndəsi Conatan Haskel “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

Bank rəsmisinin qiymətləndirməsinə əsasən, 2016-cı ildə Aİ-dən çıxmaq məsələsi ilə bağlı referendum sonrası kapitalqoyma formasında biznes itkisi Birləşmiş Krallığın ÜDM-nin 1,3 faizinə bərabər olub. Ekspert bu göstəricinin 2026-cı ildə təqribən ÜDM-nin 2,8 faizinədək arta biləcəyini istisna etməyib.

Bununla yanaşı, Conatan Haskel ölkənin son altı il ərzində investisiyaların cəlb edilməsi üzrə “G7” üzvləri arasında sonuncu yer tutduğunu qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya Aİ-ni bir neçə il davam edən danışıqlardan sonra 2020-ci il fevralın 1-də tərk edib. 2021-ci il yanvarın 1-də “Brexit”dən sonra davam edən keçid dövrü başa çatıb.

 

AVROPA İTTİFAQI RUSİYANI “BOZ SİYAHI”SINA ƏLAVƏ EDIB

Avropa İttifaqı (Aİ) vergi yurisdiksiyalarının “boz siyahı”sı adlanan sənədi yeniləyərək, Rusiyanı ora əlavə edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Rusiyadan başqa Böyük Britaniyanın Vircin adaları, Marşal adaları və Kosta-Rika da bu siyahıya düşüb.

Aİ Şurasının açıqlamasına görə, “Rusiya beynəlxalq holdinq şirkətləri üçün xüsusi rejimin zərərli aspektlərinin aradan qaldırması üzrə öhdəlikləri yerinə yetirməyib". Bildirilir ki, Rusiyaya qarşı iddialar 2022-ci ildə qəbul edilmiş qanunvericiliyə xüsusi inzibati rayonların rejimini tənzimləyən dəyişikliklərlə bağlıdır (onlardan ikisi Rusiyanın Primorye və Kalininqrad vilayətindədir).

Aİ Şurası həmçinin qeyd edir ki, Rusiya ilə vergi qanunvericiliyi ilə bağlı dialoq Ukraynadakı vəziyyət fonunda dalana dirənib.

Həmçinin, verilən xəbərə görə, bir neçə ölkə “boz siyahı”nı tərk edib: Şimali Makedoniya, Barbados, Yamayka və Uruqvay.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı “boz siyahı”ya  beynəlxalq vergi standartlarına tamamilə riayət etməyən ölkələri əlavə edir.

 

ALMAZBEK ATAMBAYEV AZADLIĞA BURAXILIB

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev azadlığa buraxılıb. “Report” agentliyinin məlumatına görə, bu barədə sabiq dövlət başçısının ailəsindən bildirilib.

Eyni zamanda, məhkəmənin yeni qərarı əsasında azadlığa buraxılan Almazbek Atambayevin hərəkət etməsinə qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Bişkekin Pervomay rayonunun Məhkəməsi cinayətkar aləmin tanınmış fiqurlarından olan Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması işi üzrə bu ilin iyununda Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi.

 

“TESLA” ƏMƏKDAŞLARI ŞİRKƏT TARİXİNDƏ İLK Dəfə TƏTİL PLANLAŞDIRIRLAR

Amerikanın elektromobil istehsalçısı “Tesla” şirkətinin işçiləri əməkhaqlarını qaldırmaq tələbi ilə şirkət tarixində ilk tətili keçirməyi planlaşdırırlar. “Trend”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Bildirilir ki, Nyu-York ştatının Buffalo şəhərində yerləşən zavodun işçiləri tətil keçirmək məqsədilə həmkarlar ittifaqında birləşməklə bağlı kampaniya başladıblar. Agentliyin bildirdiyinə görə, “Tesla” rəhbərliyi indiyədək ABŞ-dəkı zavodlarında həmkarlar ittifaqının yaradılmasına uğurla müqavimət göstərib.

Şirkət işçilərinin sözlərinə görə, istehsalat yükü onların sağlamlığına zərər verir. Onlar qeyd edirlər ki, “Tesla” rəhbərliyi əməkdaşların tapşırıqların icrasına nə qədər vaxt sərf etdiklərini müəyyən etmək üçün hətta kompüterdə klavişlərin basılmasını da izləyir.

Qeyd edilir ki, ötən ilin yekunlarına görə, “Tesla”nın xalis mənfəəti iki dəfə artaraq, 12,6 milyard dollar təşkil edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.