İDMAN:  Daim zirvələrdə
İdman

İDMAN:  Daim zirvələrdə

Qılıncoynadanlarımız Dünya Kubokunda gümüş medal qazanıblar

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən sablya üzrə Dünya Kubokunun mərhələ yarışında qadın komandalar arasında mükafatçılar müəyyənləşib.

Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Kanada yığmasına 45:38 hesabı ilə qalib gəlib. 1/4 finalda komandamız Fransa millisindən üstün olub. Yarımfinalda Macarıstanın seçmə kollektivini məğlub edən qadın sablyaçılarımız finalda Bolqarıstan millisinə uduzaraq Dünya Kubokunun gümüş medalını qazanıb.

 

Triatlon Federasiyasının növbəti yarışı uğurla başa çatıb

Bakı Su İdmanı Sarayında "Triterra Triathlon Club"un təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti "Aquathlon" yarışı keçirilib. 45 idmançının iştirak etdiyi yarış "Absolute" və müxtəlif yaş kateqoriyalarından ibarət olub. Yarışın ilk günü 1500 metr məsafədə üzgüçülük mərhələsinə, ikinci günü isə 10 km məsafə üzrə qaçış yarışına həsr olunub.

"Absolute" kateqoriyasında kişilər arasında Toğrul Məmmədli, Kam Bular və Vitaliy Yakovlev qalib olublar. Qadınlardan birinci yerə Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə Adilə Süleymanova layiq görülüb. Komandalararası mübarizədə isə birinci yeri "Triterra", ikinci yeri "Alphatriclub", üçüncü yer isə "TriStar" idman klubu tutub.

 

Millimiz komanda hesabında ikinci olub

Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb. 34 ölkənin iştirak etdiyi yarışda Azərbaycan millisi ikinci yerdə qərarlaşıb. Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıblar.

 

Şahmat turniri yekunlaşıb

Qubada ilk dəfə keçirilən "Quba Open" beynəlxalq şahmat turnirinə yekun vurulub. 110 şahmatçının iştirak etdiyi turnir "Ağ Top" klubu və Quba Şahdağ Otelinin təşkilatçılığı ilə keçirilib. Turnirin əsas yarışında doqquz oyundan 8 xal toplayan Fərid Mustafayev birinci yeri tutub. Kənan Qarayevlə Murad İbrahimli müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüblər. Turnirdə 12 yaşlıların mübarizəsində Əlisəfa Zeynallı qalib gəlib. Anar Rəhmanov ikinci, Rauf Əliyev isə üçüncü yerə layiq görülüblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".