Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Yumor tərzimiz şəxsiyyətimizdən xəbər verir?

Yeni bir araşdırmaya görə, insanların zarafat tərzi onların  narsist və ya psixopat olduğuna işarə edə bilər. Belə ki, italiyalı tədqiqatçılar yumor üslubu ilə "qaranlıq üçlük" (bu termin psixologiyada narsisizm, makiyavelizm və psixopatiyanın birgə mövcud olduğu şəxsiyyət xüsusiyyətləridir) şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqəni araşdırıblar. Psixoloqlar sözügedən  xüsusiyyətlərə sahib olan insanların zarafatdan  ətrafdakıları alçaltmaq və ya yüksəltmək məqsədilə istifadə etdiklərini iddia edirlər.

"Daily Mail"də yer alan  xəbərə görə,  sınaq zamanı 715 nəfərin  gizlin şəxsiyyət xüsusiyyətlərini aşkar etmək üçün onlara  iki fərqli anket verilib. Həmçinin statistik analizlərdən də istifadə edilib. Nəticədə zarafat tərzi  ilə  narsisizm, psixopatiya və makiyavelizm kimi şəxsiyyət xüsusiyyətləri arasında əlaqə olduğu ortaya çıxıb. Zarafat əsnasında zəkasından istifadə edən insanların narsist, istehza və ironiyaya üstünlük verənlərin  isə daha çox psixopat olma ehtimalının böyük olduğu məlum olub.

Tədqiqatçılar sınaq  iştirakçılarının heç birində üç qaranlıq şəxsiyyət xüsusiyyətindən hansısa birinin yüksək səviyyədə oluğunu müşahidə etmədikləri  üçün daha çox araşdırmaya və  genişmiqyaslı təcrübələrə ehtiyac olduğunu söyləyirlər.

 

Uşaqların sürətli mənimsəmə qabiliyyətinin sirri bu imiş...

ABŞ-ın Braun Universitetinin alimləri insanların qavrama bacarıqları ilə bağlı araşdırma aparıblar. Uşaqların böyüklərə nisbətən  nə üçün daha sürətli  mənimsəmə qabiliyyətinə malik olduğunu araşdıran alimlər bunun səbəbini tapıblar.

Təcrübə zamanı 8-11 yaşlı uşaq və 18-35 yaş arası böyüklərin nəyisə öyrənərkən beyinlərinin görüntüsü çəkilib. Öyrənmə prosesi əsnasında  sınaq iştirakçılarının beyinlərində konsentrasiyanın dəyişməsi izlənilib. Nəticədə proses mərhələsində uşaqların beynində GABA (Qamma-aminobutirik turşusu-beyindəki əsas inhibitor nörotransmitterdir) səviyyəsinin yüksəldiyi, böyüklərdə isə sabit qaldığı  müşahidə edilib.

Tədqiqatçılar ümid edirlər ki, bu tapıntılar valideynləri və müəllimləri uşaqlara yeni bacarıqlar öyrətməyə  təşviq edəcək. Mütəxəssislər növbəti araşdırmalarının  oxumaq və yazmaq kimi fərqli öyrənmə ssenarilərində  GABA səviyyəsinin ölçülməsinə  istiqamətlənəcək.

Araşdırmanın nəticələri "Current Biology" jurnalında dərc olunub.

 

Şəhadət barmağınız adsız barmağınızdan qısadırsa...

Tayvanlı  elm adamları maraqlı bir yöntəmdən istifadə etməklə  kişilərin gələcəkdə keçəl olub-olmama ehtimalının öyrənilə biləcəyini iddia edirlər. Onların fikrincə,  şəhadət barmaqları adsız barmaqlarından qısa olan kişilərin gələcəkdə saç tökülməsi riski  digərlərindən altı dəfə çoxdur.

Elm adamları müəyyən ediblər ki, kişilərin təxminən üçdəikisində təsadüf edilən saç tökülməsi problemi onların  barmaqlarının uzunluğu ilə əlaqəlidir. Mütəxəssislər yaşı 37-dən yuxarı olan 250-yə yaxın kişi üzərində apardıqları araşdırma zamanı  sağ əldəki adsız barmağın şəhadət barmağından uzun olan  respondentlərin keçəlləşmə riskinin daha yüksək olduğunu ortaya çıxarıblar. Tədqiqatçılar barmaqların uzunluğunun saç follikulları ilə bağlantılı olduğunu söyləyirlər. Kaohsiung Tibb Universitetinin mütəxəssisi dr. Ching-Ying Wunun sözlərinə görə, keçəllik  problemi yaşlı qadınlarda da müşahidə oluna bilər. Onun fikrincə, eyni yöntəmdən istifadə etməklə  qadınların da gələcəkdə sözügedən problemlə üzləşib-üzləşməyəcəklərini öyrənmək mümkündür.

 Qeyd edək ki, həm kişilərdə, həm də qadınlarda  müşahidə olunan saç tökülməsi problemi stress və ya  kimyaterapiya müalicəsindən  sonra da yarana bilər.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Osminoqlar haqqında bunları bilirsinizmi?

Heyvanlar aləminin ən maraqlı canlılarından biri də osminoqlardır. Dərin okean sularından tutmuş sahilyanı ərazilərə qədər yayılan bu canlılar, müxtəlif cür iqlim şəraitinə uyğunlaşa bilirlər. Çox mürəkkəb sinir sisteminə, ən böyük intellektə və öyrənmə qabiliyyətinə malik olan osminoqlar yeganə molyusklar sinfinə aid olan onurğasızlar qrupu hesab edilirlər. İnsan beynində 100 milyard neyron olduğu halda, osminoqlarda təxminən 500 milyona yaxın neyron var. Hətta neyronlar təkcə başlarına  deyil, bütün bədənlərinə yayılmışdır.

Bir saniyə ərzində rəng və forma dəyişdirərək ətraf mühitə tez uyğunlaşa bilən osminoqların  bu heyrətamiz bacarığının sirri  onların qanları ilə əlaqəlidir. Mavi rəngli qana sahib olan bu canlılar qanları sayəsində çətin şəraitlərdən sağ çıxa bilirlər. Bu isə onların qanlarına mavi rəng verən hemosiyanin adlı piqmentlə əlaqəlidir. İnsan qanındakı dəmirdən fərqli olaraq, hemosiyanin  mis atomlarından ibarətdir. Üç ürəyə sahib olan osminoqlar normaldan daha çox oksigenə  ehtiyac duyurlar. Hemosiyaninin tərkibindəki mis atomları çox sayda oksigen atomu ilə  bağlana bilmə qabiliyyətinə malik olduğu üçün onların oksigenə olan tələbatını artıqlaması ilə ödəyir.  Osminoqların qanlarındakı hemosiyaninin digər  bir üstünlüyü isə çox aşağı temperaturlarda belə onların sağ qalmasına kömək etməsidir.

Araşdırmalar göstərir ki, osminoqları əhliləşdirmək də mümkündür. Belə ki,  onlar həndəsi fiqurları, qaranı, ağı, vertikalı və üfüqi ayırd edə bilirlər. Onun əqlinin daha bir göstəricisi də odur ki, osminoqları hipnoz etmək olur. Əgər osminoq əlin ortasında ayaqları aşağı sallanmış şəkildə saxlanılsa o, artıq oyanmaz. Siz onunla istədiyinizi etsəniz də onun vücudu tərpənməz. Alimlər bu maraqlı heyvanları hələ də araşdırmaqda davam edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".