DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MÖVLUD ÇAVUŞOĞLU: BƏZI BÖLGƏLƏRDƏ AXTARIŞ VƏ XILASETMƏ İŞLƏRİ BAŞA ÇATIB

Türkiyənin şiddətli zəlzələ baş verən bölgələrində hazırda 76 ölkədən 7606 nəfərlik heyət axtarış-xilasetmə işləri həyata keçirir. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, daha iki ölkə zəlzələ bölgələrinə axtarış-xilasetmə fəaliyyəti üçün heyət göndərəcək.

“Fəaliyyətini tamamlayıb geri qayıdanlar da var. Artıq 12 ölkədən heyət ölkələrinə geri qayıdıb. Bəzi bölgələrdə axtarış-xilasetmə işi bitib. Hazırda əsas olaraq sığınacaq işləri ilə məşğul oluruq”, - deyə M.Çavuşoğlu əlavə edib.

Bu arada, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ bölgəsində çox güclü afterşokların meydana gəldiyini açıqlayıb. “Zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir. Qeyri-adi bir vəziyyətlə üz-üzəyik. İndiyə qədər ümumilikdə 3858 afterşok qeydə alınıb”, - deyə açıqlamada qeyd olunur.

 

Aİ-nin YENİ SANKSİYALARI GİZLİ İXRAC ƏMƏLİYYATLARINI ƏHATƏ EDƏCƏK

Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq. “Report”un məlumatına görə, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

AK rəsmisinin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə elementləri aiddir.

Eyni zamanda, məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya Federasiyasına tədarük etməyi qadağan edə bilər.

Bununla yanaşı, Aİ-nin sanksiyaları pilotsuz uçuş aparatları sənayesinə və İrandan dronların idxalına təsir göstərə bilər.

 

BRİTANİYA UKRAYNAYA DÖYÜŞ TƏYYARƏLƏRİ GÖNDƏRMƏK İSTƏMIR

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hazırda Ukraynaya döyüş təyyarələri göndərməyəcəklərini bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, nazir təyyarənin “Formula 1” komandasına təhvil verilməsi ilə müqayisə edib, çünki avadanlıqların yerləşdirilməsinə hazırlıq - yüzlərlə mühəndis və pilotun cəlb edilməsini nəzərdə tutur.

Qeyd edilir ki, fevralın 9-da ölkənin baş naziri Rişi Sunak Ukrayna hərbçilərinin Britaniyada təlimlərinin genişləndirildiyini rəsmən elan edib. Bundan sonra ölkənin silahlı qüvvələri də ukraynalı pilotlara təlim keçəcək.

Eyni zamanda, B.Uollesin sözlərinə görə, rəsmi London yalnız rus qoşunları işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra qırıcıların göndərilməsinə razı ola bilər.

Britaniə Müdafiə Nazirliyinin rəhbəri həmçinin əmindir ki, hazırda Ukrayna Silahlı Qüvvələri üçün quruda əməliyyatlar üçün ən çox tələb olunan uzaqmənzilli silahlar və zenit-raket kompleksləridir.

 

DÜNYADA İLK DƏFƏ 19 YAŞLI GƏNCDƏ ALTSHEYMER XƏSTƏLİYİ AŞKARLANIB

Çinin 19 yaşlı vətəndaşında altsheymer xəstəliyi aşkarlanıb. Müvafiq testləri apardıqdan sonra o, rəsmən dünyada bu xəstəlik diaqnozu qoyulan ən gənc insan olub. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, gənc oğlan hələ 17 yaşında olanda ev tapşırıqlarını yerinə yetirərkən diqqətini cəmləməkdə çətinlik çəkməyə başlayıb, vəziyyəti daha da pisləşib, qısamüddətli yaddaş itkisindən əziyyət çəkməyə başlayıb: gənc nə ötən gün baş verənləri, nə də əşyalarının harada olduğunu xatırlayır. Oxumaqda və öz duyğularını ifadə etməkdə çətinlik çəkib.

Bununla yanaşı, o, bir ildən sonra nə vaxt yeyib-içdiyini xatırlamayıb. Bu səbəbdən gənc oğlan təhsilini tamamilə dayandırmalı olub.

Qeyd edək ki, altsheymer xəstəliyi adətən 65 yaşdan yuxarı insanlarda diaqnoz qoyulan, yaddaş itkisi və ağır koqnitiv davranış pozğunluqları ilə müşayiət olunan neyrodegenerativ xəstəlikdir.

 

SURİYADAN BMT-yə HUMANİTAR YARDIMLA BAĞLI SƏRT REAKSİYA

BMT və qurumları Suriyanın şimal-qərbində baş verən zəlzələlərdən zərərçəkmiş bölgələrə humanitar yardımları gec çatdırmaqda günahlandırılır. “TRT” telekanalının verdiyi xəbərə görə, bu, Suriyada mülki şəxslərə qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) hazırladığı hesabatda bildirilir.

Hesabata əsasən, Suriyanın şimal-qərbinə BMT-nin yardımının gec çatması və zəlzələ ilə mübarizədə yerli yardım agentliklərinin təcrid olunması dağıntılar altında ölənlərin sayının artmasına səbəb olub.

Beynəlxalq yardımın çatdırılmasında gecikmələrə görə BMT səlahiyyətliləri tərəfindən irəli sürülən səbəblərin əsassız olduğu qeyd edilən hesabatda təşkilatdan beynəlxalq yardımın gecikməsinin səbəbini konkret olaraq izah etmək üçün öz tərkibində istintaq aparması tələb olunub.

Qeyd edək ki, episentri Kahramanmaraş olan zəlzələlərdə Suriyada 5,8 mindən çox insan həyatını itirdiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı isə ölənlərin sayının 8500 olduğunu açıqlayıb.

 

MIXEIL SAAKAŞVİLİ İLƏ BAĞLI AVROPA PARLAMENTİNDƏ QƏTNAMƏ QƏBUL EDİLİB

Avropa Parlamenti (AP)  fevralın 15-də Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Gürcüstan hakimiyyətinə Saakaşvilinin xaricdə müalicə alması üçün şərait yaratmaq çağırışı edilib.

Məlumata əsasən, həmçinin Gürcüstan prezidenti Salome Zurabişviliyə Mixeil Saakaşvilini əfv etməsi çağırışı edilib.

Açıqlamaya görə, Mixeil Saakaşvilinin azadlığa buraxılması Gürcüstanda siyasi qütbləşməni azaldacaq. Parlamentarilər bu məsələnin Gürcüstanın Aİ namizədliyi perspektivlərini ləngitmək riski yaratdığını da bəyan ediblər.

Qeyd edək ki, fevralın 15-də səsə qoyulan qətnaməni 577 deputat dəstəkləyib, 33 deputat sənədin əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.

 

MÜHARİBƏNİN UKRAYNAYA VURDUĞU ZƏRƏRİN MİQDARI AÇIQLANIB

Rusiyanın  Ukraynaya hücumu nəticəsində bu günə kimi birbaşa itkilər təqribən 140 milyard dollar həcmindədir. Bunu “Report”un Şərqi Avropa bürosuna ekspert Aleksandr Bondarenko bildirib.

Ekspertin sözlərinə görə, buraya Rusiya ordusu tərəfindən dağıdılmış onminlərlə binalar, mənzillər, evlər, 8 min kilometrə yaxın yol, 400-ə yaxın körpü, 500-dən çox məktəb, 1000-dən çox uşaq bağçası, xəstəxanalar, bir sözlə, bütün humanitar-sosial infrastruktur daxildir.

Aleksandr Bondarenko bildirib ki, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının məruz qaldığı birbaşa itkilərdən başqa dolayı itkiləri də qeyd etmək lazımdır: “Dolayı itkilərə ÜDM-in azalması, müəssisələrin bağlanması, insanların ölkədən köçməsi, yəni itirilən intellektual kapital daxildir. Çünki milyonlarla insan Avropaya köçüb. Burada itkilərin həcmi 300 milyard dollardan çoxdur”.

Ekspert həmçinin qeyd edib ki, bu gün ümumilikdə 500 milyard dollarlıq itkidən danışmaq olar: “Hökumətimizin başqa hesablamalarına görə bu rəqəm hətta təqribən 700 milyard dollardır”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.