İranda yaşayan türklər və onların coğrafiyası
Güneydən səslər

İranda yaşayan türklər və onların coğrafiyası

(əvvəli 15 fevral tarixli sayımızda)

Azərbaycanda müxtəlif türksoylu tayfaların dövlət qurumları Azərbaycan xalqının qədim tarixə malik türk xalqlarından biri olmasının göstəricisidir. Orta əsrlərdən formalaşmağa başlayan Azərbaycan-türk ulusu (milləti) özünəməxsus zəngin mədəniyyəti ilə bu ərazilərdə yaşayan digər etnik tayfaları öz təsiri altına salaraq ümumtürk Azərbaycan mədəniyyəti formasında birləşdirmişdir. Bu arada Azərbaycanın ən qədim eposu (ümumtürk dünyası eposu) birinci minilliyin ortalarından yaranmağa başlamışdır və bu da Dədə Qorqud eposudur.

Türkmənlər, Anadolu, Azərbaycan türkləri bu eposu müştərək mədəni varlıq kimi qəbul etməkdədirlər. Dədə Qorqud eposu Oğuz türklərinin şərqdən-qərbə axını ilə yaranmışdır. Bu eposda təsvir edilən tarixi hadisələr VII-XI əsrlər tarixi coğrafiyasında demək olar ki, Azərbaycan ərazisindən kənara çıxmamışdır. Kitabın dili Azərbaycan türkcəsində qorunub saxlanmışdır. Bu kitabda yerli və gəlmə qıpçaq türkləri ilə Oğuz türklərinin siyasi, mənəvi, ideoloji əlaqələri öz əksini tapmışdır.

XVII-XVIII əsrlərdən başlayaraq ümumi Azərbaycan ədəbiyyatının intibah dövrü demokratik əsaslar üzərində qurulmuş güclü etnokulturoloji gücə malikdir. Realist bədii-estetik idrakın əsas metodologiyası burada formalaşmışdır. Azərbaycan ədəbiyyatının, yəni türk ədəbiyyatının predmeti isə demək olar ki, Azərbaycan coğrafiyasında yaşayan Azərbaycan insanının həyatıdır. Dərin keçmişə, zəngin tarixə, yüksək mədəniyyətə, güclü dövlətlərə malik olan Azərbaycan xalqı milli-mənəvi dirçəlişə bütöv millət olaraq addım atmışdır. Bu da XIX əsrin əvvəllərinə qədər Güney və Quzey Azərbaycan ümumcoğrafiyasında xalqın yaradıcılıq imkanlarının nümayiş etdirilməsində və perspektivinin müəyyənləşməsində mühüm rol oynayır.

XIX əsrin sonu Azərbaycan-türk dili iki istiqamətdə öz ədəbiyyatını və yaradıcılıq yolunu davam edərək eyni dil və eyni ruhu yaşatmaqda idi. Artıq İran-rus müharibələrindən sonra Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalanan Azərbaycan xalqı və ərazisi (Quzey Azərbaycan Rusiyanın tərkibində, Güney Azərbaycan isə İranın tərkibində) siyasi-mədəni həyatını davam etmək məcburiyyətində idi.

XX əsrin əvvəlləri Azərbaycanda istər Quzey, istərsə də Güneydə bir çox maarifçi mərkəzlər yaranmağa başladı: Molla Nəsrəddinçilər, Füyuzatçılar milli ideyalar və bütöv Azərbaycan, həm də türkçülük uğrunda mübarizə aparırdılar. Quzey Azərbaycanda XX əsrin 80-90-cı illərində millilik ədəbiyyatda keyfiyyətə çevrilmişdir. Ancaq Azərbaycan-türk ədəbiyyatı biri digərindən fərqli olaraq iki sosial-siyasi bölgədə, yəni şimal və cənubda təzahür edirdi. Hər ikisi bir xalqın yaradıcılıq enerjisini əks etdirirdi. Ancaq müxtəlif ictimai-siyasi şəraitlərdə davam etdiyinə görə ideoloji fərqlər ortaya çıxır. Lakin ərazi fonunda baxdıqda hər iki tərəfdə yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatı idi. Ədəbiyyatını, dilini, milli kimliyini ta qədimlərdən öz genlərində daşıyan Azərbaycan türkləri fars və rus təsiri altında olduqda belə, tarixi təfəkkürünü ədəbiyyatda inkişaf etdirməyi bacarmışdır. Azərbaycan türklərinin ədəbiyyatı, dili iki fərqli yöndə inkişaf edərək Quzey Azərbaycan 1991-ci ildə öz müstəqilliyini qazanaraq daha dəqiq inkişaf yoluna qədəm qoymuşdur. Lakin dünya insanının bir çoxunun bilmədiyi faktı, yəni bölünmüş Azərbaycan həqiqətləri xalqın milli şüurunda inkişaf etməkdədir. Ona görə ki, xalq başqa idarəetmə sistemi tərkiblərində yaşasa da, öz tarixini, dil və ədəbiyyatını ləyaqətlə yaşatmağı bacarmışdır.

İran (Azərbaycan və digər İran türkləri) türkləri ana dillərini mərkəzi dövlət tərəfindən yasaq olmasına baxmayaraq, onu bugünkü ədəbi dil səviyyəsinə qədər gətirib çıxarmağı bacarmışdır. İranda Məhəmməd Rza şah dönəmi 1945-ci ildən sonra, yəni Milli Azərbaycan hökumətinin birillik ömründən sonra türk dilinin qadağan edilməsi, türkcə yazıb-oxumanı suç sayması təxminən 50 il bu dildə danışan insanlara bu günləri yaşatdı. Demək olar ki, 1945-46-cı illərdən sonra İranda yaşayan türklər öz dillərində heç bir kitab və mətbuat orqanı nəşr etdirə bilmədi. Üstəlik, müxtəlif sərəncam və fərmanlarla, türk dilinə təhqir kampaniyaları ilə bu dili yox etməyə cəhd etdilər. Lakin 1979-cu ildən başlayan xalq hərəkatı İranda şah rejimini devirdi və yeni bir İran İslam Respublikası yarandı. Bu hakimiyyətin 2 il müddətində türk dilinə verdiyi meydan nəticəsində yüzlərlə kitab, jurnal və qəzet nəşr edildi.

Çox təəssüf ki, bu azadlığın ömrü uzun sürmədi. Yenə türkcə kitab və nəşrlərə yasaq qoyuldu. Uzun müddət xalqın mübarizəsi nəticəsində yenidən yavaş-yavaş ana dilinin inkişaf əsintisi başladı. Yüzlərcə tələbə dərgiləri və elmi-ictimai ədəbi dərgilər, şeir topluları, ədəbi-mədəni sahədə kitablar işıq üzü görməyə başladı. Quzey Azərbaycanda nəşr olunan kitabların əski əlifbaya çevrilməsi Güney Azərbaycanda yenidən tarixi-ədəbi birləşməyə səbəb oldu. Hazırda Güney Azərbaycanda yüzlərlə yazar, şair, siyasətçi, tənqidçi, elm adamları Azərbaycan türkcəsində yazıb-yaratmaqdadırlar. Onlardan ən öndə gələnləri ustad Şəhriyar, Məhəmmədəli Fərzanə, Məhəmmədtağı Zehtabi Kirişçi, Əlirza Sərraf, M.Güneyli, professor doktor Hüseyn Seddiq Düzgün, Eloğlu, Barışmaz, Sönməz, Mənzuri, İsmayıl Hadi, S.Muğanlı, Vüqar Nemət və onlarla dəyərli bilik, elm və mədəniyyət xadimlərinin adlarını çəkmək mümkündür. Məşhur "Varlıq", "Xudafərin", "Azərbaycan" kimi mətbuat orqanları Azərbaycan türkcəsini inkişaf etdirməkdədirlər.

Hüseyn ŞƏRQİDƏRƏCƏK.