İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Atletimiz gümüş medal qazanıb

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən "World Athletics Indoor Tour" (Silver Level) turnirində gümüş medal qazanıb. Üçtəkanla tullanma növündə qüvvəsini sınayan idmançımız 13.33 metr nəticəyə imza atıb. O, bu göstərici ilə fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.

 

Azərbaycan çempionu məlum olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu - XI turun görüşləri keçirilib. Son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyalə Abdulla Ləman Hacıyevanı məğlub edib. Gövhər Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub edib. Bununla da  11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.

 

Batut və tamblinq üzrə ölkə çempionatı keçiriləcək

Fevralın 24-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) medallar uğrunda mübarizə aparacaq.

Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda - balacalar (2016-2017-ci il), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə yarışacaqlar.

 

"Böyük dəbilqə" start götürdü

Təl-Əvivdə cüdo üzrə keçirilən "Böyük dəbilqə" turnirində Azərbaycan milli komandası  yeddi çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edəcək.

Turnirdə ölkəmizi təmsil edən 3 cüdoçunun rəqibləri məlumdur. Balabəy Ağayev Matan Kokolaev (İsrail) - Brayan Qarbo (Ekvador) cütünün qalibi, Tural Bayramov (hər ikisi 60 kq) Mohammed Raşnonejad, Orxan Səfərov (66 kq) isə argentinalı Hoakin Tovaqliari ilə qarşılaşacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".