Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Səməd Vurğun

Elə sənətkarlar olub ki, nə vaxtsa büllur ayna kimi parlamış əsərləri dövr keçdikcə əvvəlki parlaqlığını itirmiş, zaman onların üstünü örtmüşdür. Lakin elələri də var ki, illər qərinələr, əsrlər keçsə belə, həmişəyaşar olaraq qəlbimizə həkk olunmuşdur... Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar xalq şairimiz Səməd Vurğundur. Hamımız onu Səməd Vurğun kimi tanısaq da soyadı Vəkilov idi. Vurğun soyadını daşıması onun dillərə dastan olmuş sevgisi ilə əlaqəlidi...

Ürəkdən gələn lirik, axıcı şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri ilə ədəbiyyatımızın xəzinəsinə daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət qazanmış bu şairin şeirini balacadan-böyüyə, alimdən tutmuş əyalətdə yaşayan adi bir kəndliyə qədər  elə bir insan tapılmaz ki, əzbər bilməsin. Nə hər şairə, nə də ki, hər şeirə belə tale nəsib olmur. Yəqin ki, söhbətin şairin  “Azərbaycan” şeirindən getdiyini,  dərhal duydunuz...

Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə, Novruz bayramı günü, martın 21-də  dünyaya göz açan Səməd Vurğunun atası gözəl saz ifaçısı olmuşdur. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi,  ana nənəsi Aişə xanım isə görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi. Balaca Səmədin 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat etmiş, o atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Uşaqlıq illərini doğma kəndində keçirən şair ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.

Hər şeylə maraqlanan gələcəyin şairi həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab biri olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Məlahətli səsi olduğundan gözəl mahnı oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.

Səməd Vurğunun eşq macəraları çox olub. Amma Dürrə adlı qıza olan nakam məhəbbəti dillərdən düşməyib. Sevgisi daşa dəyən şairə Dürrə ilə ailə həyatı qurmaq nəsib olmayıb. Onu deyil, varlı birini seçən Dürrənin ərə getmə xəbərini eşidəndə, hətta şair özünü öldürmək də istəyibmiş. Sonralar  əski dildarını seyr etməkdən ruhi bir qida alan Vurğun Dürrəni görmək üçün saatlarla onun gələcəyi yolda dayanırmış...

Deyilənə görə, məşhurluğun zirvəsində olduğu illərdə poeziya gecələrinin birində alqışlar altında səhnəyə qalxan Səməd Vurğuna  Dürrə söz atır.   Deyir ki, çox öyünmə, səni şair edən mənə məhəbbətin olub. Səməd Vurğun isə ona belə deyir: Əgər elədirsə, ərini niyə şair etmirsən?  Amma həqiqət odur ki, Dürrə onu şair etməsə də, Vurğun edə bilir. Şairə bu  təxəllüsü elə məhz Dürrəyə sevgisi qazandırır...

Abdulla Şaiqin yaxın qohumu olan  Xavər xanım Mirzəbəyova ilə ailə həyatı quran şairin bu izdivacdan 2 oğlu və 1 qızı dünyaya gəlib. Onun ömür yolunda ən çox diqqətçəkən məqamlardan biri isə Xalq şairi adını almasıdır.  Ömrünün 50-ci baharında   Azərbaycanda ilk xalq şairi adına layiq görülən S.Vurğuna  əfsuslar olsun ki, mükafatın sevincini doyunca yaşamaq nəsib olmadı. Ağciyər xərçəngindən əziyyət çəkən şair cəmi iki həftə sonra  həyatla vidalaşdı...

 

Sultan Süleyman Qanuni

Osmanlı imperiyasının 10-cu sultanı olan Süleymana müsəlman dünyasında Süleyman Qanuni, Qərb dünyasında isə Möhtəşəm Süleyman deyirdilər. İmperiyanın inkişafının ən əzəmətli bir dövründə 46 il hökmranlıq edən Süleyman Osmanlı sultanlarından ən böyüyü idi. Onun oğlu Mustafanı "Quran" oxuyarkən boğdurması,  daha 1 oğlu və  6 nəvəsini edama məhkum etməsi tarixdə heç də birmənalı qarşılanmamışdı...

Atası Osmanlı sultanı olan Yavuz Səlim, anası isə Krım xanı Məngli Gərayın qızı Ayşə Hafsə Sultan olan Süleyman Trabzon şəhərində dünyaya göz açıb. Uşaqlıq illərində yaxşı təhsil görən Süleyman ərəb və fars dillərini mükəmməl bilirdi. Muhibbi, Məftuni və Acizi ləqəbləri ilə qəzəllər yazan sultanın 2779 qəzəli mövcuddur. 

Atasının vəfatından sonra 26 yaşında taxta çıxan Sultan Süleyman qısa müddət ərzində öz idarəçilik qabiliyyəti ilə hamının diqqətini cəlb etmişdi. Bir çox dövlətləri fəth edən bu şahın vaxtında Osmanlı imperiyası öz qüdrətinin ən yüksək səviyyəsinə qalxmışdı. 46 illik səltənət dövrü ilə Sultan Süleyman ən uzun müddət ərzində taxtda olmuş Osmanlı sultanıdır.

Xələflərin ənənəsinə sadiq qalaraq silahdarlara və kimsəsizlərə bəxşiş verən Süleyman əliaçıq olduğu qədər, cəza verməkdən də geri qalmırdı. Bu cəzalar onun düşüncəsinə görə, ədalətə söykənirdi. Kapitan Dərya Cəfər Bəy və bir neçə silahdara xalqa zülmünə, ən əsası isə öz qanından olanlara  edam hökmü verməsinə görə "Qanuni" adlandırılmışdı.

Eşq macəraları ilə də yaddaşlarda qalan şahın bioqrafları onun hərəmxanasında nə qədər qadının olduğu barədə  ümumi rəyə gələ bilməyiblər. Yalnız hökmdara övlad bəxş edən rəsmi kənizləri barədə bilgilər mövcuddur. Həyat yoldaşı Hürrəm Sultana olan məhəbbəti isə bir çox film, serial və romanların ilham mənbəyi olmuşdur. Hürrəm Qanuni Sultan Süleymanın ən sevimli qadını, nikahlı arvadı və Osmanlı tarixində əhəmiyyətli rol oynamış sultandır. Polyak əsilli yəhudi ailəsində doğulan Hürrəm Sultanın əsl adı Rokselanna idi (Anastasiya Lisowska). Gözəl olduğu üçün kiçik yaşda Ukrayna sərhədinin daxilində yerləşən Rohatin şəhərindən qaçırılmışdı. Sonra Krım Xanı tərəfindən Osmanlı sarayına hədiyyə edilən Hürrəm zəkası və bacarığı ilə padşahın diqqətini cəlb etmiş, hərəm qadınları və saraydakılar arasında özünə yer əldə etmişdi.

Adətən Hürrəm haqqında danışanda deyirdilər ki, o, sultanı cadulayıb. Əsl həqiqət ondaydı ki, Hürrəm Sultan Süleymanı doğrudan da sehrləmişdi. Sultan hiyləgər Hürrəmin işvələrindən qurtula bilmirdi və sözün həqiqi mənasında öz cariyəsinin əsirinə çevrilmişdi.

Hürrəmi Hürrəm edən əsas səbəb onun qadınlıq instinktinə tam tabe olması və heç nədən qorxmamasıydı. Elə bu səbəbdən də  saraya gəldikdən  cəmi bir il sonra,  Osmanlı sarayının 3 ən güclü şəxsinə savaş açmaqdan və onlara meydan oxumaqdan çəkinmədi. Hürrəm hərəmdə keçirdiyi bir ildən sonra hədəflərini yaxşı bilirdi. Birincisi Süleymanın güvəndiyi və sevdiyi tək qadın olmalıydı. İkincisi taxtın varisi onun oğlu olmalıydı. Üçüncüsü isə üç qitədə hökm edən qoca Osmanlı xanədanını o yönəltməliydi. Və demək olar ki, bunların hamısına nail oldu da...

Sultan Süleyman arzuladığı kimi,  döyüş zamanı həlak olub. Bu, Macarıstanın Szigetavr qalasının mühasirəsi zamanı baş verib. 71 yaşında vəfat edən Süleymanın  son vəsiyyəti isə belə olmuşdu: “Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, Şah Süleyman bu dünyadan əliboş gedir...”.

 

Federiko Qarsiya Lorka

İspaniya şairi, rəssamı, pianoçu və bəstəkarı Federiko Qarsiya Lorka... Əsrin ən böyük iki ispan şairindən biri hesab  edilən Lorka   gənc yaşda dünyadan köçsə də,  yaradıcılığı ilə yanaşı, qeyri-normal şəxsi həyatı ilə də yaddaşlarda qalıb...

Cəmiyyətin çətinliklərinə və qayda-qanunlarına qarşı çıxan Lorka  Qranada yaxınlığındakı kənddə, zəngin bir ailədə dünyaya göz açıb. Anası müəllim, atası isə sahibkar idi. Dayəsinin ona danışdığı ispan balladaları və qaraçı hekayələri ilə böyümüşdü. Uşaqlığını Qranadadakı yatılı məktəbdə keçirən gələcəyin sənətkarı  daha sonra Madriddə hüquq və fəlsəfə təhsili alıb.

Lorka Madriddə keçirdiyi tələbəlik illərində sənət çevrələrinə qoşularaq Lui Bunuel və Salvador Dali ilə dostlaşıb. Bu iki sima sonradan ən böyük sürrealistlər sırasına daxil olub: Dali –məşhur rəssam, Bunuel isə rejissor. 

Lui Bunuel tələbə şəhərciyində tez-tez çöldə məşq edər və qədd-qamətli bədəni ilə hamının diqqətini cəlb edərmiş. Cinsi azlıqlardan olan Luinin  Lorka ilə dostluğu sonradan bir çox söz-söhbətlərin yaranmasına səbəb olmuşdu. Lakin bütün bunlara baxmayaraq, onların arasındakı dostluq münasibəti hər mənada alınırdı. Çünki  Lui az qala sənətin bütün sahələrində mükəmməl idi. Yaxşı dramaturq, mükəmməl piano ifaçısı olan şair Lorka isə  hətta gözəl rəsmlər də çəkirmiş. Çox sakit təbiətli, mülayim, unikal biri olan şairin yeganə  çatışmayan cəhəti şəxsi həyatındakı anormallıq olub. Lorkanın şəxsi həyatı ilə bağlı bəzi məlumatları  ispanlar çox uzun müddət gizlətməyə çalışsalar da, sonralar onun bioqrafları tərəfindən açığa çıxıb.

Dali isə Lorkanı  çox sevsə də, heç vaxt ona  “qarşılıq” verməyib. “Sirli həyat” adlı kitabında Dali onu “Çılğın gəncliyimin ən yaxşı dostu” adlandırıb.

İspaniya vətəndaş müharibəsinin başlanğıcında  olarkən milliyyətçilər tərəfindən öldürülən Lorkanın memuarları yarımçıq qalıb. 38 yaşında güllələnməsəydi, yəqin ki, o da dostları haqda gözəl fikirlər yazacaqdı…

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".