Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan dövlətinin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq aləmdə təsdiqinə, qarşıda duran tarixi vəzifələrin dönmədən həyata keçirilməsinə xidmət edir.

 

 Prezident Heydər Əliyev Azərbaycana sabitlik gətirmiş və regional münaqişələrin həll olunması üçün əzm nümayiş etdirmişdir. Həm Azərbaycanın qonşuları, həm də regiondan kənarda yerləşən dövlətlərlə mehriban əlaqələrin qurulması üçün böyük əmək sərf etmişdir. Azərbaycanın gələcəyinin zəmanəti üçün iqtisadi inkişafın vacibliyini dərk etmiş və gələcək tərəqqinin təmin olunması məqsədilə yorulmadan səylər göstərmişdir.

Lord Corc ROBERTSON,

NATO-nun sabiq baş katibi.

 

Heydər Əlirza oğlu uzun ömür sürdü və yer üzündə özü haqqında gözəl xatirə qoydu. Adi əməliyyat işçisindən dövlətin ən ali vəzifələrinədək hər bir yerdə Heydər Əlirza oğlu həmişə yüksək peşəkarlığı, özünə tələbkarlığı, düzlüyü, alicənablığı, səmimiliyi və prinsipiallığı, xeyirxahlığı və insanlara diqqətcilliyi ilə fərqlənirdi. O, Azərbaycanın əsl oğlu idi. Heydər Əlirza oğlu öz ölkəsini sevirdi, onu böyük, qüdrətli və güclü görmək istəyirdi. O, qüvvəsini, sağlamlığını əsirgəmir, yuxu və istirahəti unudur, həmişə, ilk növbədə, ölkə barədə, sonra isə özü haqqında düşünürdü.

Boris ŞKOLNİKOV,

Rusiya Milli Reklam Assosiasiyasının

sabiq prezidenti.

 

Heydər Əliyev Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixində mühüm rol oynamışdır. Onun liderliyi və istedadı onunla görüşən hər kəsə bəlli olurdu.

Brenda ŞAFFER,

Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin sabiq

prezidenti,  elmlər doktoru, professor, siyasi xadim.

 

Heydər Əlirza oğlu Əliyev bizim üçün həmişə Gürcüstanın böyük dostu, yüksək mədəniyyətə malik insan, dünya miqyaslı siyasi xadim olaraq qalacaqdır. Heydər Əliyevlə şəxsi görüşlərim, onun Azərbaycan mədəniyyətinin, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına qayğısı unudulmazdır.

Svetlana KETSBA,

Abxaziya Muxtar Respublikasının

sabiq mədəniyyət naziri.

 

 

Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dünya siyasətində öz yerini tutması və ölkənin inkişafı üçün mühüm addımlar atmış, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfələr vermişdir.

Ümid ÖZDAĞ,

Avrasiya Strateji Araşdırmalar Mərkəzinin

rəhbəri, professor.

 

Prezident Heydər Əliyevin adı bir çox mühüm nailiyyətlərlə, o cümlədən Azərbaycanın zəngin enerji ehtiyatlarının bu ölkənin xalqının mənafeyi naminə dünyanın böyük neft şirkətləri ilə birgə işlənilməsi və həmin ehtiyatların Şərq-Qərb Enerji Dəhlizi ilə dünyanın bazarlarına ixrac olunması məqsədi daşıyan Azərbaycanın yeni neft strategiyasının memarı kimi anılacaqdır. Bu neft strategiyası Azərbaycanın milli maraqları baxımından uğurla sınaqdan çıxmışdır və biz əminik ki, bu, gələcəkdə də davam edəcəkdir.

Devid VUDVORD,

"BP-Azərbaycan" şirkətinin sabiq prezidenti.

 

Azərbaycanın xüsusilə son onillik tarixinə möhürünü vuran Heydər Əliyevin xidmətləri və qardaş Azərbaycan xalqının tərəqqisi üçün göstərdiyi səyləri bütün dünya millətləri bilir. Hər şeydən əlavə, Azərbaycan ilə Türkiyəni bir-birinə yaxınlaşdırmaq və iki ölkənin xalqlarının qovuşması üçün yeritdiyi siyasət və nümayiş etdirdiyi bacarıq iki dövlətin dini qurumlarının əməkdaşlıq sahəsində atacaqları addımlar üçün cəsarət mənbəyi və təşviq amili olmuşdur.

Əli BARDAKOĞLU,

Türkiyənin Diyanət İşləri İdarəsinin sabiq sədri, professor.

 

Cahanşümul siyasətçi kimi dünya siyasəti proseslərinin yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini Heydər Əliyevin dilindən eşitməyim mənin üçün çox əhəmiyyətlidir.

Koçeril Raman NARAYANAN,

Hindistanın sabiq prezidenti.