DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-DAN TÜRKİYƏYƏ HƏRBİ YARDIM TƏKLİFİ

“Türkiyədə axtarış-xilasetmə qruplarının işi intensiv şəkildə davam edir. ABŞ hərbi helikopterləri Türkiyədədir. Həmçinin avadanlıq və yardım ləvazimatları üçün kritik dəstək verilir”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib. Ağ Ev rəsmisi qeyd edib ki, hazırda “İncirlik” hərbi bazasından bölgənin müxtəlif nöqtələrinə çadırlar, su və kanalizasiya ləvazimatları, gigiyena dəstləri, uşaq bezləri, qızdırıcılar və generatorlar daxil olmaqla təxminən 18 ton yardım materialı daşınır. Eyni zamanda, ABŞ-ın Silahlı Qüvvələrinin dəstək verməyə hazır olduğunu xatırladan Con Kirbi bildirib ki, bunu Türkiyə hökuməti ilə birlikdə edəcəklər: “Lazım gələrsə, qitədə və Aralıq dənizində çoxlu sayda hərbi potensialımız var. Biz Türkiyə hökuməti ilə tam məsləhətləşərək və onların ən yaxşı ehtiyaclarına uyğun hərəkət edirik”.

 

PAKİSTAN UKRAYNAYA SİLAH TƏDARÜKÜ ILƏ BAĞLI İDDİALARI TƏKZİB EDİB

Pakistan Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyevə silah tədarük etməsi ilə bağlı iddiaları təkzib edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb. Paytaxt İslamabadda mətbuat konfransında çıxış edən Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç Pakistanın Ukraynaya müdafiə vasitələri verməsi xəbərinin doğru olmadığını bildirib.

Pakistanın hərbi qarşıdurmalara qarışmamaq siyasəti yürütdüyünü ifadə edən Zəhra Bəluç ölkəsinin təxminən bir ildir davam edən Rusiya-Ukrayna müharibəsində tərəfsiz mövqeyindən daşındığına dair iddiaları təkzib edib.

Bununla yanaşı, Zəhra Bəluç ölkəsinin ABŞ-la münasibətlərinə də toxunub. Bu münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayan mətbuat katibi İslamabad və Vaşinqton arasında davam edən görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib. Məlumat üçün qeyd edək ki, Hindistan mediası Pakistanın “Qrad” reaktiv sistemləri üçün Ukraynaya 10 min raket göndərdiyini iddia edib.

 

AĞ EV COZEF BAYDENİN SAĞLAMLIĞI İLƏ ƏLAQƏDAR HESABAT YAYIB

Ağ Ev tez-tez gündəmə gələn prezident Cozef Baydenin sağlamlıq vəziyyəti ilə bağlı ətraflı məlumatların yer aldığı hesabatı yayıb. “Teleqraf.com” xəbər verir ki, ABŞ liderinin həkimi Kevin Okonnor 80 yaşlı Baydenin prezidentlik vəzifələrini yerinə yetirməyə qadir olub-olmadığını açıqlayıb. Müvafiq yoxlamalardan sonra bu fikrə gəlinib ki, Cozef Baydenə prezidentlik, baş komandanlıq və digər mühüm vəzifələri yerinə yetirməyə sağlamlığı imkan verir.

Hesabatda ətraflı nevroloji müayinə aparıldığı da qeyd edilib. Baydenin parkinson kimi nevroloji xəstəliyinin olmadığı bildirilib.

ABŞ tarixinin ən yaşlı lideri olan Cozef Bayden 2024-cü ildə prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu, lakin hələ rəsmən qərarını açıqlamadığını bildirib.

Səhiyyə hesabatı ictimaiyyətlə paylaşıldıqdan sonra C.Baydenin namizədliyini tezliklə elan edəcəyi gözlənilir.

 

LATVİYADA SƏRXOŞ SÜRÜCÜLƏRİN MAŞINLARI UKRAYNAYA VERILƏCƏK

Latviya parlamenti sonuncu oxunuşda sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin Ukraynaya göndərilməsinə icazə verən bu ölkəyə dəstək haqqında qanuna düzəlişləri qəbul edib. “Report” agentliyinin məlumatına görə, avtomobillərin təhvil verilməsi ilə bağlı qərarı Latviya hökuməti verəcək.

Bildirilir ki, bu həftə hökumət koalisiyası avtomobillərin Ukrayna ordusuna təhvil verilməsinin mümkünlüyü ilə bağlı razılığa gəlib.

“Hazırda biz sərxoş sürücülərdən müsadirə olunmuş nəqliyyat vasitələrini sata, yenidən emal edə və ya hissələrə sökə bilərik, lakin biz görürük ki, hazırkı şəraitdə onlar Ukrayna xalqı üçün faydalı dəstək olardı”, - deyə parlamentin komissiya sədri Raymond Berqmanis vurğulayıb.

Qeyd edək ki, sərxoş sürücülərdən avtomobillərin müsadirə edilməsi haqqında qanun Latviyada ötən il qəbul edilib. Sürücünün qanında 1,5 promildən çox alkoqol və ya narkotik vasitələrin izləri aşkar edildikdə, habelə o, alkoqol və narkotik vasitələrin yoxlanılmasından imtina etdikdə avtomobilə əl qoyulur.

 

“FOREIGN POLICY”: PUTİNİN PROQNOZU ÖZÜNÜ DOĞRULDUB

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı vəziyyətlə bağlı dörd mühüm məqamda haqlı olduğu ortaya çıxıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stiven Uoltun “Foreign Policy” jurnalında dərc olunan məqaləsində bildirilir. Məlumata əsasən, Stiven Uolt rəsmi Moskvanın Rusiyaya qarşı sanksiyaları aradan qaldırmaqda qazandığı uğurları qeyd edib. “Birincisi, Putin Rusiyanın bizim tətbiq edə biləcəyimiz istənilən sanksiyalara tab gətirə biləcəyinə əmin olaraq xüsusi əməliyyat keçirmək qərarına gəlib və indiyə qədər özünün haqlı olduğunu sübut edib”, - deyə Stiven Uolt vurğulayıb. Ekspertin sözlərinə görə, prezident düzgün mühakimə edib ki, Rusiya xalqı mümkün xərclərə anlayışla yanaşacaq və seçilmiş kursla razılaşacaq - bu, ikinci məqamdır.

Bununla yanaşı, Stiven Uolt qeyd edib ki, Rusiya prezidenti başa düşürdü ki, digər dövlətlər öz maraqlarına əməl edəcəklər və onu qərarlarına görə hamılıqla qınamayacaqlar.

Nəhayət və ən əsası, Uoltun fikrincə, Vladimir Putin doğru başa düşür ki, Ukraynanın taleyi Qərbdən daha çox Rusiya üçün vacibdir.

 

YUNANISTAN BAŞ NAZİRİNDƏN TÜRKİYƏ AÇIQLAMASI

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis şiddətli zəlzələlərdən sonra ikitərəfli əlaqələrdə yaranmış müsbət atmosferin ölkəsi ilə Türkiyənin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir yunan xilasedicilərin Türkiyədə insanların həyatlarını xilas etməsindən məmnunluğunu və qürurunu dilə gətirib.

Baş nazir qeyd edib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu da ikitərəfli münasibətlərdə irəliləyiş ola biləcəyinə dair açıqlamalar verib.

“Aramızda fikir ayrılıqları var. Bunlar beynəlxalq hüquq əsasında və mehriban qonşuluq münasibətlərinə hörmət etməklə həll edilə bilər. Nəhayət, bu faciənin nümayiş etdirdiyi kimi, xalqlarımız arasındakı emosional bağa inanıram. İnanıram ki, bəlkə bu faciədən Türkiyə-Yunanıstan münasibətləri  daha yaxşı səviyyəyə çıxa bilər”, - Yunanıstan baş naziri əlavə edib.

Yunan xalqının türk xalqına dəstəyini davam etdirəcəyinə inandığını qeyd edən Mitsotakis ölkəsinin zəlzələdən zərər çəkmiş bölgələrin yenidən qurulması səylərində qonşu olaraq üzərinə düşəni edəcəyini vurğulayıb.

 

ÜST SURİYADA YARDIM ÇATIŞMAZLIĞINDAN NARAHATDIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkən Suriyanın şimal-qərbinə lazımi yardım edilməməsindən narahat olduğunu açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Təşkilatın qlobal fövqəladə hallar üzrə direktoru Mayk Rayan jurnalistlərə açıqlamasında zəlzələdən zərər çəkən bölgələrdən yalnız Suriya rejiminin nəzarətində olan ərazilərdə insanlar üçün yardımların əlçatan olduğunu vurğulayıb.

“Suriyada 10 illik müharibənin olduğunu xatırlamalıyıq. Səhiyyə sistemi inanılmaz dərəcədə kövrəkdir”, - deyə Mayk Rayan qeyd edib.

Humanitar yardım çərçivəsində bəzi sərhəd-keçid məntəqələrinin müvəqqəti açılmasının vacibliyinə toxunan ÜST rəsmisi hazırda əsas diqqətin insanların ehtiyaclarına yönəldiyini bildirib.

Məlumat üçün qeyd edək ki, ÜST zəlzələlərdən zərər çəkmiş Türkiyə və Suriyada aparılan işlər üçün 43 milyon dollarlıq dəstəyi 84,5 milyon dollara yüksəltdiyini açıqlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.