İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Batutçumuz bürünc medal qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb. Gimnastımızın çıxışına hakimlər 52,910 xal veriblər. Yarışın qalibi 54,860 xalla Braziliya idmançısı Kamilla Qomes olub. Fransa idmançısı Lea Labruss 53,970 xalla yarışı ikinci pillədə başa vurub.

Təmsilçimiz ötən il Bakıda keçirilən dünya kuboku yarışlarında da gümüş medal əldə etmişdi.

 

Qadın idmançımız çempionatda ikinci olub

Serbiyanın paytaxtı Belqradda qarışıq təkbətək döyüş növü – MMA üzrə dünya çempionatı keçirilib. 2014-cü ildən təşkil olunan böyüklər və gənclər arasında keçirilən dünya çempionatın 62 ölkədən 520-dən çox idmançı qatılıb. Turnirdə Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandasının 6 idmançısı da iştirak edib.

Azərbaycan komandasının üzvü Esmira Məmmədova gümüş medal qazanıb. Bununla o, MMA idman növündə ölkəmizin ilk medal qazanan qadın çempionu olub.

 

Batut və tamblinq yarışları keçiriləcək

Fevralın 24-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Yarışlarda 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) mübarizə aparacaq.

Yarışlarda “Ocaq Sport” klubunu, Bakı Gimnastika Məktəbini, “Neftçi” idman klubunu və 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci illər), uşaqlar (2013-2015-ci illər), yeniyetmələr (2011-2012-ci illər), gənclər (2007-2010-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

 

Cüdoçumuz reytinq siyahısında birincidir

Fevralın 18-də Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin son günündə mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev (100 kq) finalda niderlandlı Mixael Korrelə qalib gələrək qızıl medal qazanıb.

O, ardıcıl olaraq Özbəkistanda dünya çempionatında, İsraildə “Masters” və Fransada “Böyük dəbilqə” turnirlərində bürünc medala sahib olub. Bununla da, təmsilçimiz dünya cüdo turunda artıq stabil və davamlı nəticə əldə edib. Hazırda o, Olimpiya reytinq siyahısında birinci yerdə qərarlaşıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.