Mənəvi borcumuz
Region

Mənəvi borcumuz

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi Mətləb Murğuzov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Cavidan Məmmədlinin ailəsinə baş çəkdilər.

RİH-in başçısı Elçin Rzayev şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onları narahat edən problemlərlə tanış oldu. Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən Cavidan Məmmədlinin məzarını ziyarət edib, üzərinə tər qərənfillər düzüb, ruhuna ehtiram əlaməti olaraq dualar oxudular. 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Cavidan Məmmədli 1997-ci il sentyabr ayının 20-də İmişli şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlayan zaman Cavidan da döyüşlərə qatılmış Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Nəşi İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Məmmədli Cavidan ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,

"Respublika".