Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan  “Benzinlə işləyən ilk avtomobilin kəşfi"ni oxuculara təqdim edirik.

“Respublika”.

 

Benzinlə işləyən  ilk avtomobilin kəşfi

İnsanlıq tarixinin ən böyük kəşflərindən biri də benzinlə işləyən ilk avtomobilin ixtirasıdır. Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatına təsir edən bu kəşf dünyanın gələcəyinin dəyişməsində böyük rol oynayıb.

Dünyanın ən böyük  kəşflərindən hesab edilən avtomobilin keçmişi lap qədim zamanlara, təkərin yaranmasına qədər uzanır. Tarixdə benzinlə işləyən ilk avtomobilin yaradıcısı  Karl Benz hesab edilsə də, gündəlik həyatımızda əvəzedilməz nəqliyyat vasitəsinə çevrilən avtomobillərin yaranma tarixi müzakirə obyekti olaraq qalır. Bəziləri ilk avtomobillərin məşhur Amerika avtomobil şirkəti olan "Ford" tərəfindən yaradıldığını bildirsələr də, bəzi tarixçilər bunun daha qədimlərə gedib çıxdığını  deyirlər. Gəlin, qısaca da olsa  ilk avtomobilin yaranma tarixinə səyahət edək...

Avtomobil yunan və latın (yunanca auto – özü, latınca mobilis – çevik, hərəkətli) sözlərinin birləşməsindən ibarət olub, özü hərəkət edən qurğu deməkdir. Özü yeriyən qurğu haqqında ilk ideyanı XV əsrdə Leonardo Da Vinçi, XVII əsrdə isə İsaak Nyuton irəli sürüb. İki dahi alimin bu sahədə söylədiyi fikirlər nəhayət, 1769-cu ildə real həyatda öz təsdiqini tapıb. Nəzəri bilikləri praktik olaraq reallaşdıran isə fransız  Nikolas Jozef Kuqnot (Nicholas – Joseph Cugnot) olub. O, buxarla işləyən və üç təkər üzərində hərəkət edən “Fardier” qurğusunu yaradıb. Fransalı zabit Kuqnot döyüş bölgəsində topları daşımaq üçün paralel olaraq iki ədəd buxarla işləyən traktor tipli avtomobil də icad edib. Onlardan biri bu gün də Fransanın İncəsənət və Sənətkarlıq  Konservatoriyasında saxlanılır. Suyu qaynadıb buxar halına çevirmək üçün qurğunun ön hissəsində böyük qazan quraşdırılmışdır. Avtomobili idarə edən şəxsə isə elə həmin dövrdən başlayaraq şofer (sürücü) adı verilib. Fransız dilindən götürülmüş “chauffeur” (şofer) sözünün mənası “ocaqçı”  deməkdir.

Texnika aləmində böyük elmi kəşf sayılan bu hadisə dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi və gələcəkdə yeni kəşflərin edilməsinə zəmin yaratdı. Nəticə isə özünü çox gözlətmədi. 1807-ci ildə Nisepfor Nieps (Nicephore Niepce) və onun qardaşı Klaud (Claude) dünyanın ilk daxili yanma mühərrikini düzəltdilər. Lakin həmin qardaşlar bu mühərrikdən avtomobildə deyil, qayıqda istifadə etdilər. Bununla belə, qeyd olunan kəşfdən sonra avtomobillər zaman-zaman dünyanın aparıcı qüvvələrinin, istehsalçıların, iş adamlarının diqqətini cəlb etdi, avtomobil bazarı gündən-günə daha da təkmilləşdi. Görülən işlərin məntiqi davamı kimi, 1876-cı ildə Nikolaus Otto dördtaktlı daxiliyanma mühərrikini ixtira etdi və patentləşdirdi. Daxiliyanma mühərriki maye yanacaqla işlədildikdən və mühərrikin yığcam, yüngül tipləri yaradıldıqdan sonra nəqliyyatda geniş tətbiq edilməyə başladı. Həmin il Otto, Daimler və Maybaxdan xəbərsiz Karl Benz də taktlı daxiliyanma mühərriki hazırladı və 1879-cu ildə bu kəşfinə görə patent aldı.

1885-ci ildə Daimlerin böyük zəhməti sayəsində daxiliyanma mühərrikli “Reitwagen” adlanan avtomobil icad edilir. Benzinlə işləyən ilk avtomobil kimi tarixə düşən bu qurğunu arabaya, motosikletə də bənzətmək olardı. Təxminən bir il sonra isə Daimlerin həmkarı olan Karl Benz yeni kəşfə imza atır və alim 1886-cı ildə həmin avtomobilinə görə də patent alır.

  Lakin o, maşını hazırlayarkən bir çox təzyiqlə üzləşir.

Həmin zaman alman imperatoru və kilsə nümayəndələri bu kəşfi yararsız adlandırır, sözügedən minik vasitəsinin istehsalına mane olmaq üçün müxtəlif yollara əl atırdılar. Hətta avtomobil hazırlanandan sonra fabrikin qarşısına ictimaiyyətə nümayişi əngəlləmək üçün əsgərlər düzülmüşdü. Bu zaman Karl Benzin həyat yoldaşı Berta Benz avtomobili arxa qapıdan çıxararaq 2 oğlu ilə birlikdə sürməyə başlayıb. Maşın test sürüşlərində yalnız düz yollarda idarə edildiyi üçün Berta avtomobili kələ-kötür yollara salarkən bir çox problemlərlə qarşılaşıb və yolboyu avtomobili təmir edərək yoluna davam edib. Beləcə, 106 kilometrlik məsafəni uğurla qət edərək anasının evinə çatıb. Bununla da Almaniya əhalisi benzinlə hərəkət edən ilk  avtomobillə tanış olub. Yeri gəlmişkən, dünyanın ilk uzun məsafəli səyahətini edən Berta Benzin yolboyu avtomobilin müxtəlif hissələrinə müdaxiləsi onun mexanizminin quruluşunda əsaslı dəyişikliklərə səbəb olmuşdu.

1886-cı ildə ilk dəfə patenti alınan sözügedən avtomobil 25 ədəd istehsal edilib. 2 böyük arxa və kiçik ön təkərlərdən ibarət olan maşının görünüşü at arabasına bənzəyirdi. Çəkisi 120 kiloqram olan avtomobilin sürəti isə saatda 16 kilometr idi. “Benz Patent Motor Car” adlanan bu maşın hazırda Kaliforniyadakı Mercedes-Benzin Klassik Kolleksiya Mərkəzində saxlanılır.

Yeni tədqiqatlar və elmi kəşflər üzərində çalışan K.Benz 1896-cı ildə isə  “boxer” tipli mühərrik ixtira edir. Elə həmin il də növbəti patentini alır. Bu ixtiradan avtoidman aləmi hələ də yararlanır. Əlavə edək ki, Benz şirkətinin yaradıcısı olan  Karl Benz eyni zamanda Daimler Benz, Mercedes Benz və Daimler Craysler şirkətlərinin  də qurucusudur.

1890-cı ildə isə Daimler "Daimler Motoren Gesellschaft" (DMG) şirkətini yaradır və bu şirkət yerdə, suda, hətta göydə istifadə edilə biləcək kiçik ölçülü, güclü mühərriklərin istehsalı ilə məşğul olur.

Müasir Mercedes-Benz avtomobillərinin emblemindəki məşhur üçguşəli ulduz da məhz həmin şüarı simvolizə edir. DMG 28 noyabr 1890-cı ildə səhmdar cəmiyyətə çevrilir. Bir il sonra isə Maybax bu şirkətdən ayrılır və ayrıca fəaliyyət göstərməyə başlayır. 1899-cu ildə DMG firması iş adamı Emil Yellinekinin qızının adını daşıyan "Mercedes" avtomobilini istehsal edir. Həmin adla buraxılan ilk avtomobilin sürəti isə saatda 13 kilometrdən artıq olmayıb.

1900-cü ildə isə Ferdinand Porşe dörd aparıcı təkərli - onları hərəkətə gətirən elektrik mühərrikli elektromobil qurdu. İki il sonra, Hollandiya şirkəti Spyker, tam ötürücülü, mərkəzi diferensial ilə təchiz edilmiş yarış avtomobilinin istehsalına başladı.

Qeyd olunan ixtiralardan sonra avtomobil sənayesi daha da genişlənir və yeni-yeni kəşflərə yol açır. Avtomobil sənayesində əsas ixtiralardan biri də rezin təkərlərin kəşfi hesab edilir. Rezin təkərlərin ilk addımı  pnevmatik təkərin ixtiraçısı Con Boyd Dunlopun oğlunun üç təkərli velosipedi üçün hazırladığı rezin modeli ilə başlamışdır. O, üstü  rezin ilə örtülmüş çadır bezini təkərlərin üzərinə mismar ilə çəkərək içinə hava doldurması ilə ilk addımı atmışdır. Daha sonrakı illərdə  Eduard və Andre Mişelin qardaşları, babaları tərəfindən Klermont-Ferrand şəhərində qurulan və velosiped hissələri istehsal edən "Michelin" şirkətini götürür və ilk avtomobil təkərini  inkişaf etdirirlər. Qardaşların 1895-ci ildə avtomobil üçün hazırladığı rezin təkərlər avtomobil sənayesində yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Bu rezin təkərlərin çəkisi 6,5 kiloqram və saatda ortalama 15 kilometr sürətlə gedən bir avtomobil üzərində 150 ​​kilometrə qədər dözümlü idi.

1891-ci ildə isə Emile Levassor və Armand Peugeot Daimler mühərrikli nəqliyyat vasitələrinin istehsalına başladı və bununla da Fransada avtomobil sənayesinin əsası qoyuldu.

XIX əsrin sonlarında  avtomobil sənayesinin əsas mərkəzi Fransa hesab edilirdi. 1903-cü ilin dünyada avtomobil istehsalının səviyyəsinə əsasən söyləmək olar ki, Fransa 30.204 avtomobillə beynəlxalq istehsalın 48 faizini təşkil edirdisə, Amerikada bu göstərici 11.235, İngiltərədə 9.437, Almaniyada isə 6.934 idi.

XIX əsrin sonu XX əsrin əvvəllərində Amerikalı sənayeçi Henri Fordun işləri də avtomobil istehsalında mühüm rol oynayır. Maraqlısı ondadır ki, Ford ilk daxiliyanma mühərrikini evində, mətbəxdə düzəldir. Tezliklə o, hazırladığı mühərriki dörd təkərli velosiped ramasına qoyur və beləliklə, ilk "Ford" avtomobilini istehsal etmiş olur. Sonradan onun düzəltdiyi avtomobillər şöhrət qazanır. Bununla belə, XX əsrdə avtomobil sənayesinə bir sıra yeniliklər bəxş edən şəxslərdən Enzo Ferrari,  Kiichiro Toyoda, Ettore Bugatti və Ferruccio Lamborghininin də adını çəkmək olar.

XIX əsrin sonları XX əsrin əvvəllərindən isə akkumulyator batareyasından qidalanan elektrikli avtomobillərin yaradılması sahəsində təcrübələr aparılmağa başladı. Beləliklə, dünyada avtomobil sənayesinin inkişafı XX əsrdən başlayaraq daha da sürətləndi. Avtomobil istehsalçıları durmadan artmağa başladı.

Bunun da məntiqi davamıdır ki, hazırda dörd təkərli, motorlu nəqliyyat vasitəsi  həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün dünyanın bir çox yerlərində avtomobil sərgiləri və avtoidman həvəskarları üçün yarışlar təşkil edilir. Hazırda dünyada il ərzində  milyonlarla  avtomobil istehsal  edilir və göstəricilər ildən-ilə durmadan artmaqdadır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".