İdman:  Daim zirvələrdə
İdman

İdman:  Daim zirvələrdə

Azərbaycan Qran-Prisinə tribuna biletlərinin satışı davam edir

28-30 aprel tarixlərində Bakının evsahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi üçün nəzərdə tutulmuş tribuna biletlərinin satışı davam edir. "Sahil" tribunasına yerlər tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50 faizindən çoxu satılıb. Biletlər 100-ə yaxın ölkədən alınır. Bura Azərbaycan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ, Meksika və s. ölkələr daxildir. Bilet alışına görə ilk üçlükdə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.

Avtoidman həvəskarları "İçərişəhər", "Azneft", "Muğam", "Qız qalası", "Xəzər" və "Bulvar" tribunalarına bilet əldə edə bilərlər. "Abşeron" tribunasının B sektorunun biletləri tamamilə satılsa da, həvəskarların A, C, D və E sektoruna bilet almaq şansları hələ də var.

 

"Neftçi" klubunun idmançıları 18 medal qazanıblar

Bakı İdman Sarayında yeniyetmələr, gənclər və böyüklər arasında sambo güləşi üzrə keçirilən Azərbaycan birinciliyi və çempionatına yekun vurulub. "Neftçi" idman klubunun təmsilçiləri yarışda uğurla çıxış edərək 18 medala (8 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Böyüklər arasında Hacıalı Qasımov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq) və Şirin Cavadzadə (98 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sahib Babayev (58 kq) və Məhəmməd Məmmədzadə (+98 kq), yeniyetmə samboçulardan isə Toğrul Kərimli (53 kq) və Camal Baqişov (88 kq) da çempionluq sevinci yaşayıblar.

 

Üç boksçumuz dörddəbir finalda

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında "Strandja" beynəlxalq turniri davam edir. Turnirdə 40-a yaxın ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparır. Turnir fevralın 26-da başa çatacaq.

A kateqoriyalı yarışın üçüncü günündə Azərbaycan millisinin üç üzvü rinqə çıxıb. Malik Həsənovun (63,5 kq) növbəti mərhələdə rəqibi Özbəkistan təmsilçisi olacaq. Məhəmməd Abdullayev (92 kq) dörddəbir finalda Hindistan təmsilçisi ilə qarşılaşacaq. Qadın boksçumuz Zeynəb Rəhimova (54 kq) moldovalı rəqibindən üstün olub. Növbəti mərhələdə onun rəqibi argentinalı Mixaela Robles olacaq.

 

Cüdoçularımız Açıq Avropa turnirində

Fevralın 25-də və 26-da Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. Yarışa 44 ölkədən 463 idmançı qatılacaq. Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza qadınlardan ibarət yığma komandanın məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".