Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan müstəqil dövlət kimi ayaq üstündə möhkəm dayanan və öz suverenliyinin, öz dövlət müstəqilliyinin, öz milli azadlığının keşiyində möhkəm dayanan bir dövlətdir.

 

Biz, həqiqətən, iftixar duyuruq ki, Prezident Heydər Əliyevin uzaqgörən enerji strategiyasının nəticəsi kimi, olduqca sərfəli yollarla bir sıra əsas neft və qaz layihələrini həyata keçirmiş, bununla da Azərbaycan dövlətinin inkişafında üzərimizə düşən rolu oynamışıq.

Con BRAUN,

BP şirkətinin sabiq prezidenti.

 

Heydər Əliyev bütün ömrünü xalqına xidmətə həsr etmişdir. Heydər Əliyev bir çox illər Azərbaycana rəhbərlik edərək, bütün qüvvəsini, istedadını ölkəsinin səadəti naminə sərf etmişdi. Azərbaycan Prezidenti kimi o, qısa müddətdə ölkəsini tərəqqi və inkişaf yolu ilə inamla və uğurla irəliləyən, dünya birliyinin layiqli və hörmətli üzvünə çevirmişdir.

Sergey MASLOV,

Rusiyanın "Transnefteprodukt"

Səhmdar Cəmiyyətinin prezidenti.

 

Bakıda olduğum zaman Heydər Əlirza oğlu ilə tez-tez görüşmək xoşbəxtliyi mənə nəsib olduğu üçün taleyimə minnətdaram. O, mənim yaddaşımda həmişə diqqətcil, qayğıkeş, həssas, səmimi və çox təvazökar bir insan kimi qalacaqdır. Onun açıqürəkliliyi və səmimiliyi həmişə insanları özünə cəlb edirdi. Təsadüfi deyildir ki, o, həmişə, xüsusilə Azərbaycan müstəqil dövlət olduqdan sonra, insanların əhatəsində, daim diqqət mərkəzində idi.

Leonid VİNOQRADOV,

general-mayor,

Sankt-Peterburq.

 

Heydər Əlirza oğlu Əliyev nəqliyyat tikintisinə böyük diqqət yetirirdi. Azərbaycanın və MDB ölkələrinin nəqliyyat infrastrukturunun çox sayda ən mürəkkəb mühəndis qurğuları onun bilavasitə iştirakı ilə inşa olunmuşdur. Nəqliyyat inşaatçıları onun bu sahəyə daimi qayğısını və marağını həmişə hiss edirdilər. Heydər Əlirza oğlu işdə fədakarlığı və yüksək peşəkarlığı, insani keyfiyyətləri və alicənablığı ilə fərqlənirdi.

Vladimir BREJNEV,

Rusiyanın "Transstroy" korporasiyasının

sabiq prezidenti.

 

 

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda yaradılmış makroiqtisadi sabitlik xalqın rifahı naminə iqtisadiyyatın mütəmadi inkişafı üçün möhkəm əsas yaradır.

Horst KÖHLER,

Beynəlxalq Valyuta Fondunun sabiq icraçı direktoru.

 

Respublikanın müstəqilliyi elan edildikdən sonra Heydər Əlirza oğlu 1993-cü ildə yenidən Azərbaycanın ən yüksək vəzifəsinə - Ali Sovetin sədri, sonra ölkənin Prezidenti vəzifəsinə seçildi və bütün qüvvəsini suveren, demokratik dövlət qurulması işinə sərf etdi. Onun titanik iradəsi və sülhməramlı səyləri sayəsində respublikada dönüş yaranmış, quruculuq işləri başlamış, ölkə tərəqqi, yaradıcılıq və müstəqil inkişaf yolu ilə irəliləmişdir. Heydər Əlirza oğlu təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda çox böyük hörmət sahibi idi. Rusiya vətəndaşları, Rusiya jurnalistləri də onu sevir və qiymətləndirirdilər.

Vsevolod BOQDANOV,

Rusiya Jurnalistlər İttifaqının sabiq sədri.

 

Heydər Əliyeviçi hələ SSRİ Nazirlər Sovetində işlədiyi və nəqliyyatla məşğul olduğu vaxtlardan tanıyırdım. Onun Ali Sovetdə çıxış etdiyi məruzələrinin hazırlanmasında iştirak edirdim. Lakin bu insanın çox böyük əzəmətini artıq Bakıda, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra gördüm. Bu, çox ağır bir zəmanə idi, hələ müharibə gedirdi, indiyədək həll edilməmiş qalan Qarabağ problemi qarşıda kəskin şəkildə dururdu. Biz bu barədə çox söhbət etmişdik.

Marat BAQLAY,

Rusiya Konstitusiya Məhkəməsinin sabiq sədri.

 

Sovet İttifaqının Nazirlər Sovetində, SSRİ Ali Sovetində, SSRİ Yollar Nazirliyində birgə işlədiyimiz vaxtlarda, partiya və hökumət nümayəndə heyətlərinin tərkibində bir çox ölkələrə və xüsusən ölkənin müxtəlif regionlarına səfərlərdə onun müstəsna işgüzarlığına, səriştəliliyinə, vətənpərvərliyinə, milliyyətindən və vəzifəsindən asılı olmayaraq, insanlara olan xeyirxahlığına və məhəbbətinə həmişə heyran qalırdım. Mən azərbaycanlıların əksəriyyətinin belə bir fikri ilə tam razıyam ki, HEYDƏR ƏLİRZA oğlu Azərbaycan xalqının atasıdır.

Nikolay KONAREV,

SSRİ-nin sabiq yollar naziri.