DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!
Fərman

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ!

Atilla

Dünyanın ən məşhur sərkərdələri sırasında böyük türkün öz yeri var. "Avropanın imperatoru" titulunu qazanmış bu mahir sərkərdə Napoleonun kumiri idi... Təkcə adı ilə belə Şərqlə Qərbi lərzəyə salırdı... Söhbət gücünə, qüdrətinə görə "Tanrının qırmancı", "Allahın bəlası" adlandırılan, Hun imperiyasının hökmdarı türk oğlu Atilladan gedir...

Atillanın uşaqlıq illəri haqda məlumat çox azdır. Onun doğum tarixi dəqiq bilinməsə də, V əsrin əvvəllərində dünyaya gəldiyi ehtimal edilir. Muncuq xanın oğlu Atillanın əmisi Rua hun tayfasının hökmdarı idi. Anasının kimliyi isə bu günə qədər də bilinmir, lakin bəzi mənbələrdə adının Hunqysunq Vladdysurf olduğu deyilir.

Deyilənlərə görə, məşhur sərkərdə pəhləvan kimi iri cüssəli adam olub. Lakin Atilla zahiri görünüşünə görə yox, ağıllı bir hökmdar olması ilə adını tarixə yazdırıb. İmperator görünüşcə qısaboylu, geniş çiyinli, kiçik gözlü, seyrəksaqqallı və yastıburunlu biri kimi təsvir edilir.

Xeyirxahlığı və əliaçıqlığı vacib amil hesab edən imperator, yalnız bu yolla dövlətdə nizam-intizam yaradacağına inanırdı. Elə bu əməllərinə görə də xalqının rəğbətini qazanmışdı. Çox qəzəbli xarakterə sahib olan məşhur sərkərdə həmişə başını arxaya çəkərək ətrafına diqqətlə baxdığından onu görənlərdə əsəbi və inadcıl bir təəssürat oyadırdı. Qəzəbli olanda onun qarşısına çıxmaq mümkün deyildi. Bəlkə də elə bu səbəbdən düşmənləri üzərində daim psixoloji üstünlük qazanırdı...

Digər türk fatehləri kimi, Atilla da avropalılar tərəfindən "barbar" kimi qəbul olunurdu və Avropada çox pis bir ad qazanmışdı. Lakin heç nə göründüyü kimi deyildi, onun müsbət xüsusiyyətləri çox idi və bunu avropalı tarixçilərin özləri də etiraf edirlər.

Atillanı heç kəs məğlub edə bilməyib. O, dünyasını dəyişəndə nə az, nə çox, düz 84 oğlu olub. Qızlarının sayını isə bilən yoxdu. O öləndən sonra oğulları arasında hakimiyyət üstündə dava düşüb. Onların içərisində anası avropalı olan çoxlu oğlan uşağı vardı. Türkün tarixi şanını bütün dünyaya sərgiləmiş türkoloq, yazıçı, publisist Murad Adcı yazır ki, hunlar bütün xalqları məğlub etmişdilər. Məğlub etmədikləri bircə xalq vardı: özləri! Atilla öləndən sonra özləri ilə vuruşmağa başladılar. Bu döyüşdə isə qalib və məğlub yox idi...

Sərkərdənin ölümü ilə bağlı bir neçə versiya irəli sürülür. Bəzi mənbələrdə arvadlarının sayının yeddiyə çatmasına baxmayaraq, 12 yaşlı, hədsiz dərəcədə gözəl olan Hilda adlı şahzadə ilə ailə həyatı quran 47 yaşlı hökmdarın nikah gecəsi burnundan və ağzından açılan qan nəticəsində vəfat etdiyi bildirilir. Bəzi mənbələrə görə isə bunun sui-qəsd olduğu düşünülür. Amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyibmiş ki, bu sui-qəsd yox, irsi xəstəlikdir. Çünki hökmdarın qardaşı Budanın da eyni xəstəlikdən öldüyü güman edilir.

Rəvayətə görə, ölümü ilə hunları matəmə qərq edən hökmdara iç-içə üç tabut düzəldilibmiş. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub. Üçüncüsü isə poladdan hazırlanıb. Bu tabutlar Tissa çayının kənarında dərin bir məzar qazılaraq torpağa basdırılıb. Sonra isə çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Belə ediblər ki, Atillanın məzarını kimsə tapa bilməsin...

 

Con Steynbek

Amerika ədəbiyyatının nəhəngi, Nobel mükafatına layiq görülmüş yazıçı  Con Steynbek... Kitabları bütün dünyada oxunan bu yazıçının adı Vilyam Folkner və Ernest Heminquey kimi məşhur ədiblərlə əbəs yerə çəkilmir.  Ancaq arzuladığı  şöhrətin zirvəsinə ucalmaq  üçün qabyuyan,  qarovulçu, hətta zibilyığan belə işləməklə çətin yollardan keçərək  bir çox məhrumiyyətlər yaşamalı olmuşdu...

  Kaliforniyada doğulan məşhur yazıçının uşaq ikən  ən sevimli məşğuliyyəti otağındakı pəncərənin qabağında oturub saatlarla xəyallara dalmaq idi. Tez-tez depressiv vəziyyətlərə düşən oğlunu belə görən anası narahat olaraq deyərdi: "Bilmirəm Con haqqında nə deyim: bu uşaq ya dahi, ya da bivec adam olacaq".

  Məktəbi bitirəndə Steynbek məşhur yazıçı olmaq qərarına gəlsə də, valideynləri yazıçılığı kişi işi hesab etmədikləri üçün onun bu arzusunu qəbul etmir, oğullarını normal təhsil almağa vadar edirlər. Anasının təkidi ilə Stenford Universitetinə qəbul olan yazıçı,  təhsilini davam etdirə bilmək üçün  yerli kafelərin birində  qabyuyan işləməyə məcbur olur. Gənc Steynbek 6 il Universitetdə əziyyət çəksə də,  kursu bitirməmiş təhsilini yarımçıq qoyur.  Valideynlərindən qorxmasına baxmayaraq, o, "böyük yazıçı olmaq" arzusuna sadiq qalır. Arzusunu həyata keçirmək üçün  isə sürücü, xarrat, qarovulçu, hətta zibilyığan belə işləyir. Bununla belə heç vaxt xəyallarına xəyanət etmir və mütəmadi olaraq müxtəlif nəşriyyatlara əlyazmalarını göndərir. Və bir gün nəhayət ki, zəhməti öz bəhrəsini verir...

  Həyatı boyunca 33 kitab qələmə alan yazıçıya ən çox şöhrət gətirən əsərləri "Siçanlar və insanlar" , "Qəzəb salxımları " və "Cənnətdən Şərqə doğru" adlı romanları olub.

  Deyilənlərə görə, yazıçı çox böyük qələm həvəskarı imiş. Yazı yazmağa başlayanda yanına düz 24 qələm qoyurmuş. Məşhur "Blackwing" markalı qələmlərini isə daha çox sevirmiş. Steynbekin "Cənnətin doğuşu"nu yazarkən 300, "Qəzəb salxımları"nı yazarkən isə 60 qələm işlətdiyini deyirlər.

 Ömrü boyu 4 dəfə ailə həyatı quran yazıçının 3 evliliyinin sonu boşanma ilə nəticələnib. Yalnız  teatr rejissoru Eleyn Skott ilə olan axırıncı evliliyi ömrünün sonuna qədər davam edib.

  Həyatı boyu tütün məhsullarından istifadə edən Steynbek  66 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

 

Aleksandr  Boqdanov

Rusiyalı iqtisadçı, professor, həkim Aleksandr Aleksandroviç Boqdanov... Bu dahinin adı bəlkə də çoxlarına tanış deyil, ancaq kəşf etdiyi müalicə üsulu haqqında hamı məlumatlıdır: qan köçürməsi. Daim gənc qalmaq eşqi ilə yaşayan dahi özünə qan köçürməklə buna nail olacağına inanırdı. Dünyada ilk dəfə qanköçürmə prosesini həyata keçirdi və bu icadı ilə bir çox insanın həyatını xilas etdi. Lakin özü bu kəşfinin qurbanı oldu...

Rusiyada müəllim ailəsində anadan olan Aleksandr universitet təhsilinə qədər valideynlərinin yanında fermada işləyib. Alimin geniş elmi və tibbi maraqları ümumdünya sistem nəzəriyyəsindən, qan köçürülməsi yolu ilə insanın cavanlaşma imkanına qədər dəyişib. Sistem nəzəriyyəsinin carçısı hesab edilən alim "tektologiya" adlanan əsl fəlsəfəni ixtira edib.

O, 1924-cü ildə qanköçürmə təcrübələrini icra etməyə başladı. Alim təcrübələrin sonunda gəncləşdirmə eliksirini əldə edəcəyini düşünürdü. Deyilənə görə, Leninin bacısı Maria İliniçna Ulyanova da Boqdanovun təcrübələrində iştirak etmək istəyən könüllülər arasında olub. Özünə 11 dəfə qan köçürdükdən sonra alim görmə qabiliyyətinin yaxşılaşması, keçəlləşmənin dayanması və digər müsbət simptomların baş verdiyindən razı qalmışdı.

Boqdanovun inqilabçı yoldaşı Leonid Krasin alimin həyat yoldaşına yazdığı məktubda deyirdi: "Boqdanovun əməliyyatdan sonra 7 yox, 10 dəfə cavanlaşdığı açıq-aydın görünür".

Sonralar öz adına Hemotologiya və Qan Köçürmə İnstitutunu yaradan alimə 12-ci dəfə qanköçürmə cəhdi həyatı bahasına başa gəldi. Belə ki, özünə şagirdindən köçürdüyü qandakı malyariya və vərəm xəstəliyindən xəbərsiz idi. Maraqlıdır ki, Boqdanov bundan sonra vəfat etsə də, onun qanı köçürülən tələbə tamamilə sağalmışdı. Bununla belə bəzi alimlər onun ölümünün intihar da ola biləcəyini fərz edirlər. Çünki prosedurdan qısa müddət əvvəl, alim çox böyük təşviş içərisində siyasi bir məktub yazıbmış. Ancaq digərləri onun ölümünü, o dövrdə yetərincə anlaşılmayan qan qrupu uyğunsuzluğu ilə əlaqələndirirlər...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".