SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Əbəs yerə ona "kral yeməyi" deməyiblər!

Çin təbabətində uzunömürlülüyün "açarı" hesab edilən və  "kral yeməyi" adlandırılan  arı südünün faydaları saysız-hesabsızdır. Tərkibi insan orqanizmi üçün zəruri hesab edilən zülal, yağ, karbohidrat, vitaminlərlə zəngin olan bu qida, əsasən immuniteti gücləndirən və mikrobları məhv edən təbii dərman kimi qəbul olunur. Bir çox xəstəliklərin, o cümlədən xərçəngin müalicəsində əvəzedilməz təsir gücünə malikdir.

Arı südünün diabet xəstələri üçün də faydalı olmasına dair bir çox dəlillər var. İddialara görə, arı südü qanda şəkər səviyyəsinin azalmasına səbəb olur. Onun digər  faydalarından biri də, yüksək protein və karbohidrat tərkibli olmasıdır. Məlumatlara görə, bir çox xəstəlik üçün şəfa verən arı südü, eyni zamanda xərçəng hüceyrələrinin inkişafına mane olur.

Bu qida arıqlamaq arzusunda olanlar üçün də əlverişli seçimdir. Belə ki,  fiziki aktivlik, idman zamanı qəbul olunarsa, effektiv təsir edir. Kalorisi az olduğundan pəhriz zamanı rahatlıqla qəbul edilə bilər. Həmçinin arı südünün tərkibində yaşlanma əlamətləri ilə mübarizə aparan maddələr, antioksidantlar da mövcuddur. Bunlar dərini cavanlaşdırır, məsamələri dartır və yaşlanmaya səbəb olan sərbəst radikallarla mübarizə aparır.

Bütün bunlara baxmayaraq, digər təbii qidalar kimi, onun da bəzi yan təsirləri var. Mütəxəssislər hamilə qadınlara və süd verən analara arı südündən istifadə etməyi uyğun görmürlər. Digər tərəfdən, arı südü bədəndə allergiyaya və qan təzyiqinin aşağı düşməsinə də səbəb ola bilər. Bu baxımdan da, ondan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

 

Vaxtından əvvəl qocalmaq istəmirsinizsə...

Almaniyalı alimlər tərəfindən  aparılan araşdırmalar zamanı  tərkibində şəkər olan qidalara qarşı həddindən çox meyilliliyin dərinin erkən yaşlanmasına səbəb ola biləcəyi məlum olub.

Tədqiqatların nəticələri göstərib ki,  gün ərzində  qəbul edilən qidaların tərkibində şəkərin miqdarının normadan artıq olması qlükozanın kollagenlə (dərinin elastikliyində mühüm rol oynayan zülal növü) əvəz olunmasının qarşısını alır.

Bu zaman kollagen davamlılığını və elastikliyini itirir. Artıq qəbul edilən şəkər orqanizm tərəfindən  həll ola bilmədiyindən bədəndən xaric olmur və yığılıb qalır. Yığılıb qalan artıq şəkər isə orqanizmdə dərialtı piy toxumasına çevrilir. Bu səbəbdən də şirniyyatdan çox istifadə edən insanların üzündə şişkinlik olur.

Qida rasionunda şəkər və karbohidratlardan çox istifadə etmək bağırsaqların da mikroflorasına mənfi təsir edir ki, bu zaman dəridə iltihabi proseslər meydana çıxır. Bu isə ən çox üzün dərisində sızanaqlar şəklində özünü büruzə verir.

Bundan əlavə, orqanizmə şəkər daxil olduqda şəkəri qanda neytrallaşdırmaq üçün insulin ifraz etməyə başlayır. Şəkərin qəbulu həddindən çox olduqda isə insulinin miqdarının buna gücü çatmadığı üçün artıq şəkər qanda dövr edir. Bu isə özünü üzdə və buxaq nahiyəsində dərinin rənginin dəyişməsilə özünü göstərir.

Əgər üzünüzün dərisinin vaxtından qabaq yaşlanmasını istəmirsinizsə, o zaman qida rasionunuzda şəkərin miqdarını mütləq azaldın.

 

Bu bitkinin xeyrindən çox zərəri var imiş...

Elə bitkilər var ki, həddindən artıq istehlak edildikdə faydadan çox zərər verir. Bu yaxınlarda məlum olub ki, biyan kökü də belə bitkilər sırasındadır.

Biyan kökü bir çox faydalarına görə təbabətdə istifadə edilsə də, mütəxəssislər onun normadan çox istehlakının bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyini söyləyirlər. Bu səbəbdən bu bitkidən istifadə edərkən ehtiyatlı olmaq tövsiyə edilir.

Qədim zamanlardan bəri daha çox çay kimi istehlak olunan və bəzi qida məhsullarına da əlavə edilən biyan kökü ilə bağlı son araşdırmalar göstərir ki, bu bitki  hamilə qadınlarda erkən doğuşa səbəb olmaqla yanaşı, ana bətnində olan körpələrdə beynin inkişafını ləngidə bilər. Belə ki, biyan kökünün tərkibində olan  glisirizik turşusu ana bətnində körpənin beyin inkişafına mənfi təsir göstərir ki,  bu da diqqət çatışmazlığına səbəb olur.

Xüsusilə, yüksək təzyiq, ürəklə bağlı problemlərdən əziyyət çəkənlərə  və hamilə qadınlara biyan kökündən istifadə zamanı ehtiyatlı olmaq məsləhət görülür. Həmçinin  bu bitki kimyaterapiya və antiaritmik dərmanların qəbulu zamanı qarşılıqlı təsir göstərdiyi üçün  istifadəsi tövsiyə edilmir.

İnformasiya posta.com.tr veb saytında yayımlanıb.

 

Gizli gedən xəstəliklərdən necə xəbərdar ola bilərik?

Elə xəstəliklər var ki,  inkişaf etməzdən əvvəl vücudumuza  bəzi siqnallar göndərərək özünü büruzə verməyə başlayır. Həmin siqnallardan vaxtında xəbərdar olmaq  çox önəmlidir. Bu, bizi bir çox ciddi sağlamlıq problemlərindən xilas edə bilər.

Məsələn, tez-tez təkrarlanan qorxulu yuxular, qarabasmalar çox zaman ürək-damar, sinir sistemi xəstəliklərinin inkişafına işarə edir. Aparılan araşdırmaların nəticələri göstərib ki, duzlu qidalara meylin artması  adətən qanazlığı və orqanizmdə dəmir çatışmazlığından xəbər verir.

Yaddaşsızlıq, keçməyən yorğunluq probleminiz varsa, bu daha çox xroniki streslə əlaqələndirilir. Lakin mütəxəssislər bu problemlərdən əziyyət çəkənlərə endokrinoloqla məsləhətləşməyi tövsiyə edirlər, çünki bu, qalxanvari vəzi xəstəliyinin də əlaməti ola bilər.

Əgər hər hansı qidalara qarşı allergik reaksiyanız yoxdursa və  tez-tez dəriniz qaşınırsa, bu əlamətin şəkərli diabet və qaraciyər xəstəliklərinin ilkin inkişafına işarə etmə ehtimalı yüksəkdir. Qarın nahiyəsindəki qeyri-normal şişkinlik də çox ciddi simptom hesab edilir. Bu isə  bir çox təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin inkişafından xəbər verə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".