DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BMT-nin İNSAN HAQLARI ŞURASINDA İRANA QARŞI BƏYANAT QƏBUL EDİliB

BMT İnsan Haqları Şurasının 52-ci sessiyasında 54 dövlət birgə bəyanat yayaraq, İran hakimiyyətinin insan haqlarını pozmasını pisləyib və bu ölkədə ölüm hökmünün tətbiqinə son qoyulmasını tələb edib. Bu barədə “Report” agentliyi məlumat yayıb. Verilən xəbərə əsasən, sözügedən sənədi ABŞ, Avropa İttifaqı ölkələri, Çili, Ekvador, Uruqvay, Peru, Kolumbiya, Kosta-Rika, Böyük Britaniya, Kanada nümayəndələri imzalayıblar. Eyni zamanda, bu ölkələr Tehran hakimiyyətini qorxu yaratmaq, müxalifətin etirazlarını yatırmaq üçün ölüm hökmündən istifadə etməkdə günahlandırıblar. Sənəddə həmçinin İrandakı rejimin həbs olunanlara qarşı işgəncələrə yol verməsindən narahatlıq ifadə olunub.

Bundan başqa, bu bəyanatda İran hakimiyyətinin müvafiq qurumlarından BMT-nin mövcud insan hüquqları mexanizmləri ilə əməkdaşlıq etmələri tələb edilib. Məlumat üçün qeyd edək ki, bu sənəd İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın BMT İnsan Haqları Şurasının iclasındakı çıxışından sonra qəbul edilib.

 

MAKRON FRANSANIN AFRİKADAKI HƏRBİ MÖVCUDLUĞUNU AZALDIR

Fransa prezidenti Emmanuel Makron yeni strategiya çərçivəsində Afrikadakı fransız hərbi bazalarının sayını azaldılacağını bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Fransa lideri 1-5 mart tarixlərində Afrikanın dörd ölkəsinə rəsmi səfər edəcək.

Məlumata əsasən, Emmanuel Makron Yelisey sarayında keçirdiyi mətbuat konfransında ölkəsinin yeni Afrika strategiyasını açıqlayıb.

“Dəyişikliklər qarşıdakı aylarda silahlı qüvvələrimizin nəzərəçarpacaq dərəcədə azaldılması və Afrikadakı bazalarımızda afrikalı tərəfdaşlarımızın sayının artması ilə başlayacaq”, - deyə Fransanın dövlət başçısı vurğulayıb. Eyni zamanda, Emmanuel Makron Afrika mədəniyyət sərvətlərinin qitəyə qaytarılması ilə bağlı çərçivə qanununun yaxın həftələrdə mədəniyyət naziri tərəfindən parlamentə təqdim ediləcəyini və bunun Avropa tərəfindən qəbul edilən bir yanaşma olacağına ümid etdiklərini bildirib. Qeyd edək ki, Fransanın Malidə, Burkina-Fasoda və digər Afrika ölkələrində hərbi bazaları mövcuddur.

 

ÇİNDƏN ABŞ-IN TƏTBİQ ETDİYİ SANKSİYALARA ETİRAZ

Rəsmi Pekin ABŞ-ın Çin  şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara kəskin etiraz edib və buna görə lazımi cavab tədbirləri görəcəyini açıqlayıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bəyan edib. “Biz bu cür hərəkətlərdən son dərəcə narazıyıq və buna kəskin şəkildə etiraz edirik. Çin, müəssisələrinin qanuni hüquqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək", - deyə Mao Nin vurğulayıb.

Eyni zamanda, diplomat qeyd edib ki, bu tədbirlərin “zərrə qədər də hüquqi əsası yoxdur” və BMT Təhlükəsizlik Şurasının razılığını almayıb. Çin rəsmisi həmçinin bildirib ki, Pekin artıq bu məsələ ilə bağlı ABŞ tərəfinə ciddi xəbərdarlıq edib.

Bununla yanaşı, Mao Ninin sözlərinə görə, rəsmi Pekin Ukrayna münaqişəsinin siyasi həllinin tərəfdarıdır, münaqişə tərəfləri ilə əlaqə saxlayır, ABŞ isə rəsmi Kiyevə silah verməklə vəziyyətin gərginləşməsinə kömək edir. O, əlavə edib ki, Çin hakimiyyətinin mövqeyi böhranın siyasi həlli üçün sülh danışıqlarının təşviqinə əsaslanır.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinə dəstək verməkdən şübhələnən ABŞ Çinin bir neçə şirkətinə qarşı sanksiya tətbiq edib.

 

MONTENEQRO Aİ ÜZVLÜYÜNƏ MANE OLAN PROBLEMİ HƏLL EDİB

Monteneqroda Konstitusiya Məhkəməsinə üç hakimin seçilməsi ilə ölkə qurumun işinə yaranmış əngəli aradan qaldıraraq, onun Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması şərtini yerinə yetirib. “Report” bu barədə “Assoşieyted Press” agentliyinə istinadən xəbər verib.

Qeyd edək ki, Monteneqronun hakimiyyət orqanları hakimlərin təyinatı ilə bağlı razılığa gələ bilmədiyi üçün ölkədə Konstitusiya Məhkəməsinin işi bir neçə ay bloklanmışdı - yeddi yerdən dördü boş qalmışdı. Məlumata əsasən, Aİ nümayəndələri Monteneqroya xəbərdarlıq ediblər ki, birliyə gedən yolu davam etdirmək üçün Konstitusiya Məhkəməsinin normal fəaliyyəti şərtdir. Gələn ay ölkədə prezident seçkiləri keçiriləcək, buna görə də məhkəmə qanunun aliliyi üçün çox vacibdir.

Bildirilir ki, fevralın 27-də dörd hakimdən üçü təsdiqlənib. Bir üzvün çatışmazlığına baxmayaraq, məhkəmə indi rəsmi olaraq fəaliyyət göstərir. Dördüncü hakim üçün yeni səsvermənin bir neçə həftə ərzində keçiriləcəyi gözlənilir.

 

ALMANİYANIN UKRAYNAYA TANKLAR VERMƏSİ YENİ GƏRGINLIYƏ SƏBƏB OLA BİLƏR

Almaniyanın Ukrayna tərəfinə “Leopard” döyüş maşınları tədarük etmək qərarı münaqişənin yeni eskalasiya mərhələsinə keçməsinə səbəb olacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib. Məlumata əsasən, diplomat qeyd edib ki, Berlinin Kiyevə tank tədarük etmək qərarı son dərəcə təhlükəlidir. Bu, həmçinin, alman siyasətçilərinin Almaniyanın münaqişə tərəfi olmaq istəməməsi ilə bağlı əvvəlki bəyanatlarına birbaşa ziddir.

Sergey Neçaev xatırladıb ki, Berlin nəinki “Leopard”ların tədarükünü təsdiqləyib, həm də digər dövlətlərlə bu avadanlığın təkrar ixracına razılaşıb. Bununla da səfir ölkənin hazırkı hakimiyyətinin münaqişə zonalarına alman silahlarının tədarükünə qadağa qoyulmasını nəzərdə tutan “dəyişməz əmri” pozduğunu bildirib.

 

İRANDA QIZLARI MƏKTƏBƏ GETMƏMƏLƏRİ ÜÇÜN ZƏHƏRLƏYİRLƏR

İranda qadınların başçılıq etdiyi etirazlarda ən azı 650 tələbə qızın qəsdən zəhərləndiyi iddia olunur. “Teleqraf.com”un verdiyi xəbərə görə, İranın yüksək səviyyəli rəsmisi qızların xüsusi olaraq hədəfə alındığını təsdiqləyib. Məlumata əsasən, qızlardan heç birinin həyatını itirmədiyi, onlarla qızın tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.

İranın səhiyyə nazirinin müavini Yunus Pənahi deyib: “Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir. Zəhərdə istifadə olunan maddələr bazarda tapıla bilən məhsullardan ibarətdir”. Qəribədir ki, bu açıqlamasından sonra nazir müavini onun yanlış başa düşüldüyünü iddia edib.

Verilən xəbərə görə, ən çox yoluxma hallarının müşahidə edildiyi yer Qum şəhəridir. Lakin ölkənin daha səkkiz şəhərində də məktəbli qızlar arasında zəhərlənmə halları qeydə alınıb.

Xatırladaq ki, ilk zəhərlənmələr 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. Bəzi valideynlərin sözlərinə görə, uşaqlarının sağalması həftələr çəkir.

 

RUSİYADA MİQRANTLARIN QALMA MÜDDƏTİ DƏYİŞDİRİLİR

Əcnəbilərin Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər. “Report” xəbər verir ki, bu barədə “TASS” agentliyinin müvafiq sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib. “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş və qalma şərtləri haqqında” federal qanun layihəsi xarici vətəndaşların Rusiya ərazisində qısamüddətli qalmasının təqvim ili ərzində 90 gün müddətinin müəyyən edilməsini nəzərdə tutur”, - deyə açıqlamada qeyd olunur.

Daxili İşlər Nazirliyi bildirib ki, uzunmüddətli qalmaq hüququ olan əcnəbilər üçün qalma müddəti belə hüququn əldə edilməsinin əsaslarından asılı olaraq müəyyən ediləcək.

Mövcud qanunvericiliyə əsasən, Rusiyaya viza tələb etməyən qaydada gələn əcnəbi vətəndaşların ölkədə müvəqqəti qalma müddəti hər 180 gün ərzində ümumilikdə 90 gündən çox ola bilməz. Bu kateqoriyadan olan əcnəbilərin Rusiyada fasiləsiz olaraq müvəqqəti qalma müddəti də 90 gündən çox ola bilməz.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.