MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

“Sağlam ol” ifadəsi necə yaranıb?

Heç düşünmüsünüzmü asqırarkən niyə bir-birimizə "sağlam ol" deyirik? Demək olar ki, dünyanın bütün xalqları tərəfindən işlədilən bu  kəlmənin yaranmasının tarixi  çox qədim zamanlara gedib çıxır...

Əslində, asqırma beyin tərəfindən burun dəliyi kanallarındakı sinirlərin xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Alimlərin fikrincə, asqırmaq həyatda qalmağımız üçün refleksdir. Buna səbəb olan isə bir çox amillər var: allergiyalar, işıq, xəstəliklər, yüngül materiallarla buruna toxunmaq və s. Aparılan araşdırmalarla məlum olub ki,  insan asqırarkən bütün orqanlar, o cümlədən ürək öz işini bir anlıq dayandırır.

Amerikalılar və ingilislər qarşılarındakı adam asqırarkən ona "bless you" deyirlər. Bu bir növ duadır, "Tanrı qorusun" mənasını verir. Almanlar isə "gesundheit" deyərək qarşılarındakına sağlamlıq arzulayırlar. İtalyanlar asqırdıqdan sonra "felicita" (xoşbəxtlik), ruslar "bud zdarov" (sağlam ol), türklər "çok yaşa" deyirlər. Ərəblər isə asqırdıqdan sonra Allaha şükür edir və buna sevinirlər. Bəs nə üçün bu kəlməni bütün xalqlar ölümlə əlaqələndirir?

Orta əsrlərdə insanların ölümünə səbəb olan və çarəsi tapılmayan vəba epidemiyası tüğyan edirdi. Bu xəstəliyə işarə edən ən əsas əlamət isə tez-tez asqırmaq idi. Ona görə də Papa VI Georgi  xristian olan hər kəs asqırdıqdan sonra "Tanrı sizi qorusun" və ya "Tanrı mənə yardım etsin" dualarını oxumaları üçün fərman imzaladı. Bu isə tibbin çarə tapa bilmədiyi bəladan dua yolu ilə qurtulmağa dəlalət edirdi. Beləcə, "sağlam ol" ifadəsi tədricən digər xalqların da dilində  yayılmağa başladı.

 

Şokoladın tarixi düşündüyümüzdən də qədim imiş

Çoxlarımızın sevərək istehlak etdiyi şokoladın tarixi ilə bağlı indiyə qədər bilinməyən maraqlı bir fakt ortaya çıxıb. Əvvəlki araşdırmanın nəticələri kakaodan 3800 il əvvəl istifadə edildiyini göstərsə də, bu tarixin düşündüyümüzdən  qədim olduğu məlum olub.

Ekvadorda aparılan son qazıntılar zamanı 5300 illik qədim əşyaların içərisində kakao izlərinə rast gəlinib. Bu fakt indiyə qədər  şokolad və kakao ilə bağlı bilinən  iki məlumatın dəyişməsinə səbəb olub. Belə çıxır ki, şokolad və kakao 3800 il əvvəl Mərkəzi Amerikada deyil, 5300 il öncə Cənubi Amerikada  istehlak edilmişdir.

"O dövrdə şokolad içki kimi istifadə olunurdu. Qədim insanlar onun toxumlarını çıxarmazdan əvvəl fermentasiya edirdilər. Bu səbəbdən də bu gün istehsal edilən şokoladların tərkibi əvvəlkilərdən çox fərqlidir. Çünki hazırda onların tərkibinə bir çox əlavələr qatılır", - deyə Britaniya Kolumbiyası Universitetinin antropoloq və arxeoloqu Maykl Bleyk qeyd edib.

Araşdırma "Nature Ecology & Evolution"  jurnalında dərc edilib.

 

Qaşlarımız haqqımızda nə deyir?

Üz cizgilərimiz haqqımızda kifayət qədər məlumat verə bilər.  Belə ki, Toronto Universitetinin psixoloqlarının fikrincə, insanın qaş formasına  baxmaqla onun daxili aləmi haqda müəyyən bilgilərə sahib olmaq  mümkündür. Tədqiqatçıların dediyinə görə, özünə vurğun və ən eqosentrik insanlar qalın qaşlara sahib  olanlardır. Aparılan təcrübələrin nəticələri göstərib ki, qadın və ya kişidə  qalın qaşlar onun xarakterində narsisistik (özünəvurğunluq) əlamətin olmasından xəbər verir.

Təcrübələrə cəlb edilmiş hər iki cinsdən ibarət 50 nəfər könüllü psixoloji testdə iştirak edib. Hər bir iştirakçının neytral üz cizgilərini əks etdirən fotoşəkli digər eksperiment iştirakçılarına göstərilib. Fotolar arasında ən eqosentrik iştirakçılar qalın və sıx qaşları olan şəxslər olub.

Nəzarət qrupuna həmin şəxslərin qaşsız (fotoşopda silinmiş) fotoşəkillərini göstərdikdə isə iştirakçılar həmin şəxsin xarakteri barədə fikir irəli sürməkdə çətinlik çəkib. Ancaq qaşlı fotoşəkillər göstərilən zaman tam dəqiq olaraq ən özünə vurğun insanları seçə biliblər.

"Narsisistlər hər zaman diqqət mərkəzində olmağı sevir. Ətrafda olanları özünə sevdirməyə çalışır, ona görə diqqət cəlb etmək üçün qalın qaşlara qulluq edir. Onlara elə gəlir ki, ətrafdakıların da bundan xoşu gəlir", - deyə tədqiqat qrupunun üzvü Miranda Cakomin bildirib.

Araşdırmanın nəticələri "Journal of Personality" jurnalında dərc olunub.

 

Dünyanın ən ağıllı it cinsi məlum olub

Finlandiyanın Helsinki Universitetinin alimləri tərəfindən  aparılan araşdırma nəticəsində dünyanın ən ağıllı  it cinsi müəyyən edilib. İtləri məsuliyyət hissi, nəyəsə tez bir zamanda reaksiya vermə, insanları başa düşmə kimi bir çox meyarlara görə  qiymətləndirən elm adamları 13 mindən çox  müxtəlif it cinsini bir araya gətirərək bəzi tapıntılara nail olublar.

Təcrübə zamanı heyvanlar bir sıra davranış və zehni testlərdən keçirilib. Nəticədə Belçika qoyun iti  Malinua  ən ağıllı it cinsi olaraq birinci yerə çıxıb. Qeyd edək ki, indiyə qədər isə ən ağıllı it cinsi kimi   "Border Collie" tanınırdı.

"Bir çox it cinslərinin özlərinə görə,  güclü və zəif tərəfləri var. Məsələn, Labrador retriver ən məşhur it cinslərindən biri sayılsa da, onlar problemləri həll etməkdə çətinlik çəkirlər", - deyə tədqiqata rəhbərlik edən Saara Junttila qeyd edib.

Tədqiqatda həmçinin,  "Hovawart"  və İspan "Water Dog" adlı  it cinsləri isə ikinci və üçüncü yerlərə layiq görülüb.

Araşdırmanın nəticələri "Scientific Reports" tibb jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".