MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Dişli çarx" binası

Unikal dizayna malik Çalmers Texniki Universitetinin ofis binası İsveçrənin Hötebork şəhərində inşa olunub. İsveç dilindən tərcümədə "Dişli çarx" mənasını verən "Kuggen" binasının layihəsini tanınmış "Wingardh  Arkitektkontor" memarlıq bürosunun dizaynerləri  həyata keçiriblər. Şəhərin əsas təhsil ocaqlarından biri hesab edilən  Çalmers Texniki Universitetinə diqqəti cəlb etmək üçün belə bir forma hazırlayan memarlar binanın fasadında qırmızı rəngin müxtəlif çalarlarından istifadə ediblər. 

Binanın əsas xüsusiyyəti pəncərələrinin tərsinə çevrilmiş üçbucaq formada olmasıdır ki, bu da günəş şüalarının otaqlara daha yaxşı düşməsini təmin edir.  Təbii işıqlandırma nəticəsində binanın daxilində olan salon və konfrans zalları daha geniş görsənir. Kompleksin damında quraşdırılan günəş panellərinin sayəsində hərəkət sensorları ilə təchiz edilmiş ventilyasiya və elektrik sistemləri işə düşür və bununla enerjiyə qənaət edilir.

Kannda keçirilən Beynəlxalq Kommersiya Mülkiyyət Sərgisində "Dişli çarx" binası dünyanın ən çox enerjiyə qənaət edən binası kimi xüsusi mükafata layiq görülüb.

 

Naqoya Elm Muzeyi

Yaponiyanın ən maraqlı və qeyri-adi binalarından biri Naqoya şəhərində yerləşən "Naqoya Elm Muzeyi"dir. İki hündürmərtəbəli tikilinin ortasında yerləşən muzey binası 2011-ci ildə istifadəyə verilib. Dünyanın ən böyük planetriumuna malik olan muzey üç əsas bölmədən ibarətdir - müasir texnologiyalar, həyat elmləri və ümumi elm. Müxtəlif eksponatların sərgiləndiyi zal və uşaqlar üçün xüsusi hazırlanmış dəmir yolu modeli quraşdırılan salon isə üçüncü mərtəbədə yerləşir.  

Təxminən 700 min ədəd panellə örtülmüş nəhəng planetariumunun diametri 35 metrdir. Naqoya Elm Muzeyinin dairəvi zalında 350 oturacaq quraşdırılıb. Unikal şəkildə dizayn edilmiş planetariumun interyerində öz oxu ətrafında fırlanan və arxası açılan kreslolar vasitəsilə tavana quraşdırılan xüsusi monitorda planetlərin yerdəyişməsini, bürcləri və s. səma cisimlərini görmək olur. Texniki yeniliklərin nümayiş olunduğu zalda təbiət hadisələrini 3D formatında izləmək,  mənfi 30 dərəcəyə malik olan xüsusi "buz otaq"da isə şimal şəfəqini seyr etmək mümkündür. İnteryerdə quraşdırılan nəhəng ekran vasitəsilə hündürlüyü 9 metr olan tornadonu və robotların futbol oynunu izləmək olur. 

Naqoya şəhərinin simvoluna çevrilən muzey "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

 

"Siti Holl"

Məşhur memar Norman Fosterin möhtəşəm layihəsi olan Böyük London Administrasiyasının binası "Siti Holl"un açılışı 2003-cü ildə baş tutub.  Yarımkürə şəklində inşa olunan binanın tikinti işləri "Foster & Partners" şirkəti tərəfindən həyata keçirilib. N.Fostrelə bərabər bu layihədə daha bir memar Ken Şutlevorth da iştirak edib. Şəhərin tam mərkəzində, Temza çayının cənub sahilində ucaldılan bina 5 il ərzində tikilib və 65 milyon fut-sterlinqə başa gəlib.

Ümumi ərazisi 18000 kvadratmetr olan 10 mərtəbəli binanın hündürlüyü 45 metrdir. Memar digər layihələrində olduğu kimi, "Siti Holl"un tikintisində də enerjiyə qənaət edən xüsusi texnologiyalardan istifadə edərək binanın yuxarı hissəsini ensiz dizayn edib ki, bu da aşağı mərtəbələrin daha çox işıqlandırılmasını təmin edir. 

Binada meriya və London Assambleyasının 25 üzvü üçün ofislər yerləşir. Burada həmçinin 500 nəfər tutuma malik iş otağı, 3 iclas zalı, kütləvi kitabxana və restoran fəaliyyət göstərir. Meriyanın mətbuat konfransları və müxtəlif korporativ tədbirlər də burada keçirilir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".