Türkiyədə eyni gündə iki böyük yeraltı təkanın baş verməsi milyonlarla insanın həyatına təsir edib. Türkiyə təkcə cümhuriyyət tarixinin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzə qaldı. Hər nə qədər çətin görünsə də qardaş dövlət bu sarsıdıcı fəlakətin təsirlərini aradan qaldırmaq üçün vaxta ehtiyac duyur. Bunu Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan bildirib. Sadəcə vətəndaşlardan bir il vaxt istəyən Cümhurbaşqanı bu çətinliyin öhdəsindən gələcəklərini vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) sədrliyi üzərinə götürüb.
Zəlzələnin ilk günlərındən 90-dan çox müxtəlif ölkədən dəstək təklifi gəlib. Ölkəyə gələn əcnəbi axtarış-xilasetmə mütəxəssisləri artıq öz missiyalarını yerinə yetirərək geri qayıdıblar. Kahramanmaraşda müxtəlif vaxtlarda qeydə alınan zəlzələ 45 mindən çox insanın həyatına son qoyub. İşləri çətinləşdirən digər amillərdən biri də ard-arda afterşokların qeydə alınmasıdır. Demək olar ki, hər gün belə hallara rast gəlinir. Bu isə öz növbəsində qismən zərər görmüş binaların çökməsinə səbəb olur ki, bu halda yeni ölümlər və xəsarət halları qeydə alınır. Xilasetmə qruplarına ən çox çətinlik yaradan amil də məhz afterşokların olmasıdır.
Zəlzələdən zərərçəkənlərin, xüsusən də sığınacağa ehtiyacı olanların çətinliyini aradan qaldırmaq üçün çadır və konteyner şəhərciklərinin qurulması davam edir. Türkiyə dövləti yaxın zamanda yeni evlərin və binaların tikintisinə başlamağı planlaşdırır və yeni binaların tikintisi təhlükəsizlik baxımından əsasən dağlıq ərazilərdə baş tutacaq. Türkiyə hökuməti mart ayında 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağını bildirib. Şəhərin yenidən qurulmasında tarixi amillərin qorunub saxlanılması əsas prinsiplərdən biri hesab olunur. Həmçinin 9130 kənd evi tikilib, zərərçəkənlərə təhvil veriləcək. Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra ölkəyə milyardlarla zərər dəyib ki, hazırda dəymiş zərərin hesablanması istiqamətində işlər davam edir. İlkin hesablama zamanı müəyyən olunub ki, bərpa-yenidənqurma işlərində 100 milyard dollar həcmində vəsait tələb olunur. Qarşıda duran əsas hədəf tez bir zamanda zəlzələ nəticəsində dağılmış və ya yaşayış üçün yararsız hala düşmüş evləri yenidən tikib, vətəndaşların ixtiyarına verməkdir. Məqsədin qısa vaxt ərzində bütün zəlzələ zonasında mənzil ehtiyacını həll etmək üçün yüksəkkeyfiyyətli və təhlükəsiz binaların tikintisini 1 il ərzində başa çatdırmaqdır. Yeni yaşayış məskənlərinin qırılma xəttinin keçmədiyi yerlərdə tikilməsi planlaşdırılır. Bir tərəfdən zəlzələnin dağıdıcı təsiri aradan qaldırılır, digər tərəfdən dağılmış binalarla əlaqədar istintaq işləri davam edir. Dağıntıların həddindən çox olması onu göstərir ki, inşaat zamanı kritik səhvlərə yol verilib. Çoxmərtəbəli binaların çökməsində yanlış hesablamalar, tikinti zamanı maliyyə xərclərinin azaldılması da səbəb kimi göstərilir. Təkcə fevral ayında bu binaların tikintisində iştirak etmiş 188 nəfər saxlanılıb. Türkiyə Ədliyyə Nazirliyi bu barədə açıqlama yayıb.
Musa BAĞIRLI,
"Respublika".