Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Bu xəstəlik artıq süni intellektlə təsbit ediləcək

Süni intellekt texnologiyası hər  keçən gün yeni bir sahədə tətbiq olunmağa davam edir. Bu dəfə isə sözügedən texnologiyadan Alzheimer xəstəliyinin diaqnozunun qoyulması üçün istifadə edilib. Maşın öyrənmə və dərin öyrənmə üsullarından istifadə edən tədqiqatçılar uğur əldə ediblər.

Dünyada təxminən 40 milyona yaxın insan nevroloji xəstəlik olan Alzheimerdən  əziyyət çəkir. Lakin indiyə qədər xəstəliklə bağlı bir çox araşdırmalar aparılsa da, qəti bir müalicə üsulu tapılmayıb. Yaddaşla əlaqəli  xəstəlik olduğu üçün isə erkən diaqnoz çox önəmlidir .

"Webtekno" saytında yayımlanan informasiyaya əsasən Massachusetts Alzheimer Xəstəlikləri Araşdırma Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri göstərib ki,  süni intellekt vasitəsilə Alzheimerin erkən diaqnozunun qoyulması mümkündür.

Bir çox məlumat və alqoritmlər üzərində çalışan tədqiqatçı qrup  süni intellektə Alzheimer xəstəliyini aşkar etməyi öyrədib. Daha sonra isə süni intellektə   müxtəlif xəstəxanalardan toplanmış Alzheimer xəstəliyi olan və olmayan xəstələrin MRT görüntüləri göstərilib. 

Xəstəlik riski olan 2,348 xəstədən cəmi 11,103, Alzheimer xəstəliyi olmayan 8,456 xəstədən isə 26,892 MRT görüntüsü toplanıb. Süni intellektin hesablamaları nəticəsində insanlarda sözügedən xəstəlik riski 90,2 faiz dəqiqliklə aşkar edilib. 

 

"Microsoft"dan daha bir yenilik

"Microsoft" şirkəti yeniliklər etməkdə davam edir. Bu dəfə isə şirkət "Kosmos-1" adlı multimodal süni zəka modelini təqdim edib. Şirkətdən verilən məlumata görə, fotoların tərkiblərini analiz edən, qrafik tapmacaları həlletmə bacarığına malik olan yeni süni zəka modeli bundan əlavə,  IQ-nın qiymətləndirilməsi üçün nəzərdə tutulmuş vizual testlərdən keçə və təbii dildə olan əmrləri başa düşə bilir.

Mütəxəssislər mətn, audio və video da daxil olmaqla müxtəlif qrafik rejimlərlə çalışa bilən multimodal süni zəka modelinin yaradılmasını ümumi süni zəka sisteminin  formalaşması yolunda atılan vacib addım hesab edirlər. Onlar bu cür süni zəka sisteminin  müxtəlif intellektual tapşırıqları həll etməkdə insanları əvəz edə biləcəyini deyirlər.

Məlumata əsasən "Kosmos-1" fotoları analiz edərək onlar barəsində olan suallara cavab verə bilir. Bununla yanaşı, o, mətnləri oxuya, illüstrasiyalar üçün imzalar tərtib edə və vizual IQ testlərdən keçməyi bacarır. Tədqiqatçılar bu modeli böyük multimodal dil modeli (MLLM) adlandırırlar.

 

Toxuma çap edən robot

Amerikalı elm adamları xarici toxumalara zərər vermədən əməliyyatların aparılmasına kömək edən robot hazırlayıblar. Tədqiqatçılar  yeni texnologiyanın  bilavasitə  daxili orqanlarda canlı hüceyrələri çap etmək qabiliyyətinə də malik olduğunu  söyləyirlər. Qısası onu potensial olaraq çoxyönlü cərrahi endoskopik alət adlandırmaq olar.

Bu cihaz həm daxil edilmiş hərəkətlərin alqoritminə uyğun işləyir, həm də real vaxt rejimində əl ilə idarə edilə bilir. Robot xarici görünüşünə görə  əl formasındadır. Artıq süni kolon yoğun bağırsaq daxilində cihazı bir neçə dəfə  sınaqdan keçirən tədqiqatçılar orada orqanların səthində uğurla 3D şəklində hüceyrələr çap ediblər.

Mütəxəssislər bildirib ki, gələcəkdə bu tibbi alətdən həmçinin kiçik dəri kəsikləri və əlçatmaz bölgələrə daxil olmaq üçün də istifadə ediləcək.

İnformasiya techxplore.com veb saytında  yayımlanıb.

 

“Neuralink” şirkətinin icazə sorğusu rədd edilib

İlon Maskın beyin interfeysi texnologiyalarının hazırlanması ilə məşğul olan "Neuralink" şirkəti öz beyin implantının insanlar üzərində testlərinə başlamaq üçün ABŞ-ın Qida və Dərman Məhsullarının Keyfiyyətlərinə Nəzarət İdarəsinə (FDA) icazə sorğusunu hələ 2022-ci ilin əvvəlində göndərmişdi. Lakin məlumata görə, FDA "Neuralink"ə müvafiq icazənin verilməsindən imtina edib.

Məlumatda bildirilib ki, FDA "Neuralink"in icazəni almadan öncə ona həll etməli olduğu problemləri təyin edib. Nizamlayıcı orqanın əsas narahatlıqları arasında şirkətin beyin implantının batareyası, implant naqillərinin beynin digər sahələrinə daxilolma ehtimalı, implantın beyindən təhlükəsiz şəkildə çıxarılması məsələsi var.

Beləliklə, FDA-nın qərarına əsasən Neuralink müvafiq icazəni almazdan öncə, ilk növbədə bu problemləri həll etməlidir. Məlumatda qeyd edilib ki, şirkət öz növbəsində beyin implantında olan mövcud problemlərin aradan qaldırılması üzərində çalışır. Qeyd etmək lazımdır ki, FDA-nın icazəni təqdim etməməsi o demək deyil ki, “Neuralink”, ümumiyyətlə insanlar üzərində testlərə başlaya bilməyəcək. Şirkət mövcud problemləri aradan qaldırandan sonra yenidən FDA-ya sorğu göndərə bilər. Lakin bəzi mənbələrdə irəli sürülən fikirlərə görə, bu, yaxın gələcəkdə baş tutmayacaq. İlon Mask keçən ilin noyabr ayında güman edirdi ki, “Neuralink”in beyin implantının insanlar üzərində testlərinə yarım ildən sonra start veriləcək. Belə çıxır ki, o, bu məsələdə bir xeyli gözləməli olacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".